
Roma ilə Karfagen arasındakı müharibələrin ən məşhur epizodlarından biri hesab edilən hadisə – romalıların şəhəri dağıtdıqdan sonra torpağı şumlayaraq üzərinə duz səpməsi – tarixi mənbələrlə təsdiqlənmir. Araşdırmaçılar bu əhvalatın qədim dövrə deyil, XIX əsrə aid olduğunu bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Ancient Origins” nəşri yazıb.
Tarixdə geniş yayılan rəvayətə görə, e.ə. 146-cı ildə Karfageni ələ keçirən romalılar şəhəri yerlə-yeksan edib, ərazinin gələcəkdə yenidən məskunlaşmasının qarşısını almaq üçün torpağa duz səpiblər. Lakin peşəkar tarixçilər bu iddianın etibarlılığını şübhə altına alırlar.
Mənbələrdə Karfagenin süqutunu təsvir edən qədim Roma tarixçisi Polibiy şəhərin dağıdılması ilə bağlı hadisələri qeydə alsa da, torpağa duz səpilməsi və ərazinin şumlanması barədə heç nə yazmayıb. Halbuki o, şəhərin süqutunun şahidi olub.
Karfagenin sonrakı taleyi barədə ən ətraflı məlumat verən tarixçilərdən biri Appiandır. Onun yazdıqlarına görə, Roma Senatı şəhərin tamamilə dağıdılmasını və həmin ərazidə insanların yaşamasının qadağan edilməsini qərara alıb. Sərkərdə Ssipiona da şəhərdən qalan tikililəri məhv etmək tapşırılıb. Ancaq Appianın mətnində də torpağın duzlanmasından bəhs edilmir.
Digər qədim müəlliflər – Livi və Orozinin əsərlərində də bu barədə məlumat yoxdur. Orozinin yazdığına görə, Karfagen 17 gün ərzində yanıb, şəhərin divarları isə dağıdılaraq toza çevrilib.
Karfagen torpağına duz səpilməsi barədə məlum olan ilk yazılı istinad 1858-ci ildə nəşr edilən “The New American Cyclopaedia” ensiklopediyasında yer alıb. Sonradan bu məlumat elmi ədəbiyyata daxil olub və geniş yayılaraq tarixi həqiqət kimi qəbul edilməyə başlayıb. Lakin ensiklopediyanın müəllifinin bu iddianı hansı mənbəyə əsasən irəli sürdüyü məlum deyil.
Müasir tədqiqatçılar ehtimal edirlər ki, ensiklopediyanın müəllifi qədim dini və ritual ənənələrdən təsirlənib. Belə ki, Bibliyada Şekem şəhərinin dağıdılması ilə bağlı rəvayətdə həmin əraziyə duz səpilməsindən bəhs olunur. Ehtimal edilir ki, XIX əsr müəllifi bu motivi Karfagenin taleyi ilə əlaqələndirib.
Əslində isə Karfagen uzun müddət xarabalıq vəziyyətində qalmayıb. Appianın məlumatına görə, təxminən bir əsr sonra, imperator Avqustun hakimiyyəti dövründə şəhərin yaxınlığında yeni yaşayış məntəqəsi salınıb. Zamanla bu şəhər Roma imperiyasının Afrikadakı mülklərinin əsas mərkəzlərindən birinə çevrilib.
Yeni Karfagen isə orta əsrlərdə xristianlarla müsəlmanlar arasındakı qarşıdurmalar dövründə məhv edilib.
Beləliklə, romalıların Karfagen torpağına duz səpməsi barədə məşhur əhvalat qədim tarixi mənbələrdə deyil, XIX əsrdə nəşr olunmuş ensiklopediyada ortaya çıxıb.
Aydın