Xəbər lenti

Radioaktiv boya ilə saat hazırlayan qadınların çənələri çürüyürmüş
Dünya20:52 29.11.2026

Radioaktiv boya ilə saat hazırlayan qadınların çənələri çürüyürmüş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

XX əsrin əvvəllərində ABŞ-da saatların qaranlıqda parlaması üçün istifadə edilən radioaktiv boya fabrik işçilərinin sağlamlığına ağır zərbə vurub. Siferblatları həmin boya ilə rəngləyən qadınlar təhlükədən xəbərsiz olduqları üçün illərlə radioaktiv maddəni udublar. Nəticədə onların bir çoxunda ağır xəstəliklər yaranıb, bəziləri isə həyatını itirib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Centrum” nəşri yazıb.

1917-ci ildə “United States Radium Corporation” şirkəti tərkibində radium olan “Undark” adlı boya ilə saat istehsalına başlayıb. Əvvəlcə hərbi məqsədlər üçün nəzərdə tutulan bu saatlar əsgərlərə qaranlıqda vaxtı görməyə imkan verirdi. Sonradan məhsul mülki əhali arasında da populyarlaşıb.

Saatların siferblatlarını rəngləmək işi əsasən qadınlara həvalə olunurdu. İş fiziki baxımdan çətin sayılmırdı və əməkhaqqı digər fabrik işçilərinin qazancından təxminən üç dəfə çox idi. Lakin rəqəmləri və xırda detalları dəqiq rəngləmək üçün qadınlara fırçaların ucunu dodaqları və ya dilləri ilə sivriləşdirmək tapşırılırdı. Bu üsul onların mütəmadi olaraq radioaktiv boyanı udmasına səbəb olurdu.

Şirkət rəhbərliyi isə işçiləri boyanın təhlükəsiz olduğuna inandırırdı. Həmin dövrdə radiasiyanın insan orqanizminə təsirləri barədə biliklər də kifayət qədər deyildi.

Radioaktiv maddənin orqanizmdə toplanmasının fəsadları bir neçə il sonra üzə çıxmağa başladı. İlk qurbanlardan biri Molli Maciya olub. O, bütün dişlərini itirib, alt çənəsi isə dağılmağa başlayıb. 1922-ci ildə, cəmi 24 yaşında olarkən ağırlaşmalar nəticəsində həyatını itirib. Daha sonra digər qadınlarda da oxşar simptomlar müşahidə edilib.

Şirkət baş verənlərə görə məsuliyyət daşıdığını qəbul etməyib və araşdırmaların nəticələrini gizlətməyə çalışıb. Lakin zərərçəkən qadınlar hüquqlarını müdafiə etmək üçün mübarizəyə başlayıblar.

1928-ci ildə Qreys Freyerin rəhbərlik etdiyi beş xəstə qadın şirkətə qarşı məhkəmə iddiası qaldırıb. Nəticədə tərəflər məhkəmədənkənar razılaşmaya gəliblər. Hər bir qadına 10 min dollar təzminat, müalicə xərclərinin ödənilməsi və ömürlük pensiya verilməsi razılaşdırılıb. Həmin məbləğ indiki pulla təxminən 200 min dollara bərabərdir.

Bu işdə digər mühüm hadisə 1938-ci ildə baş verib. Ketrin Vulf Donahyu İllinoys ştatında radioaktiv boya istehsalçısına qarşı məhkəmə prosesini udub. Onun qələbəsi işəgötürənin əməkdaşlarının sağlamlığına vurduğu zərərə görə hüquqi məsuliyyətinin tanınmasının ilk nümunələrindən biri hesab olunur.

Məlumatlara görə, radioaktiv boya ilə işləmək nəticəsində 100-dən çox qadın həyatını itirib, minlərlə işçi isə ciddi sağlamlıq problemləri ilə üzləşib.

Bu faciə istehsalatda əməyin mühafizəsi qaydalarının sərtləşdirilməsinə təkan verib. İşçilər üçün qoruyucu geyim və maskalardan istifadə, fırçaların ağızla sivriləşdirilməsinin və radioaktiv boya ilə birbaşa təmasın qadağan edilməsi, eləcə də müntəzəm tibbi müayinələrin keçirilməsi kimi tədbirlər tətbiq olunmağa başlayıb.

Tarixdə “Radium qızları” adı ilə tanınan bu qadınların mübarizəsi işçilərin sağlamlığının qorunması və işəgötürənlərin məsuliyyəti ilə bağlı qanunvericiliyin inkişafında mühüm rol oynayıb.

Aydın