
Antarktida üzərindəki ozon dəliyi 2026-cı ildə son 48 ilin ən böyük göstəricilərindən birinə çatıb. Sentyabr ayında onun sahəsi 27,3 milyon kvadratkilometrə qədər genişlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə atmosferin uzunmüddətli müşahidələrinin, o cümlədən Copernicus Sentinel-5P peykinin məlumatlarının təhlili göstərir.
Alimlərin sözlərinə görə, ozon dəliyi adətən avqust ayında formalaşmağa başlayır, sentyabr boyunca genişlənir və ən böyük ölçüsünə sentyabrın ortalarından oktyabrın ortalarına qədər çatır. Cənub yarımkürəsində yaz fəslinin başlaması ilə stratosferdə temperatur yüksəlir, ozonun parçalanması prosesi zəifləyir və qütb burulğanı tədricən dağılır. Adətən dekabrın sonuna doğru ozon dəliyi bağlanır.
Lakin bu il Antarktida üzərində qeyri-adi dərəcədə güclü və uzunmüddətli qütb burulğanı müşahidə olunub. Bu atmosfer hadisəsi stratosferdə ozonun parçalanmasına əlverişli şəraiti daha uzun müddət qoruyub saxlayıb və dəliyin adi illərlə müqayisədə daha geniş əraziyə yayılmasına səbəb olub.
Məlumata görə, sentyabrın 20-də ozon dəliyinin sahəsi 27,3 milyon kvadratkilometrə çatıb. Bu, son 20 ilin həmin dövr üzrə orta göstəricisindən təxminən 6,5 milyon kvadratkilometr və ya 31 faiz çoxdur.
Bununla belə, mütəxəssislər bildirirlər ki, ozon dəliyinin sahəsi onun vəziyyətini qiymətləndirmək üçün yeganə meyar deyil. Burada həm də ozon qatının nə dərəcədə nazilməsi, yəni parçalanmanın dərinliyi nəzərə alınmalıdır. Sentinel-5P peykinin məlumatlarına əsasən, bu il dəliyin əhatə etdiyi ərazi böyük olsa da, ozonun parçalanma dərinliyi orta göstəricilərə yaxın olub. Başqa sözlə, dəlik daha geniş sahəni əhatə etsə də, ozon qatına təsirin intensivliyi əvvəlki bəzi rekord illərlə müqayisədə o qədər də yüksək olmayıb.
Alimlər ozon qatındakı dəyişiklikləri izləmək üçün peyk müşahidələrinin mühüm rol oynadığını vurğulayırlar. 2017-ci ildə orbitə buraxılan Sentinel-5P peyki atmosferdəki qazların və çirkləndirici maddələrin tərkibini müəyyənləşdirən Tropomi adlı müasir spektrometrlə təchiz edilib. Bu cihaz ozon qatındakı dəyişiklikləri, eləcə də stratosferin temperaturunu və qütb burulğanının vəziyyətini izləməyə imkan verir.
Peyklərdən əldə edilən məlumatlar ozon qatının bərpası prosesini qiymətləndirmək və onun dağılmasına səbəb olan maddələrin istifadəsinin məhdudlaşdırılmasına dair beynəlxalq tədbirlərin nəticələrini araşdırmaq baxımından da əhəmiyyətlidir.
Qeyd edək ki, ozon qatının qorunması istiqamətində Monreal Protokolu çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ozonu dağıdan maddələrin istifadəsi qlobal miqyasda azaldılıb. Bununla belə, alimlər ozon qatının tam bərpasının hələ uzun illər tələb edəcəyini bildirirlər.
Aydın