Xəbər lenti

3200 il əvvəl Qərb sivilizasiyasını məhv edən sirr açılır - Alimlərdən yeni araşdırma
Dünya20:00 29.11.2026

3200 il əvvəl Qərb sivilizasiyasını məhv edən sirr açılır - Alimlərdən yeni araşdırma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təxminən 3200 il əvvəl Şərqi Aralıq dənizi hövzəsində inkişaf etmiş bir sıra qədim dövlətlərin süqutuna səbəb olan amillərdən biri uzunmüddətli iqlim böhranı ola bilər. Alimlər hesab edirlər ki, bir neçə əsr davam edən üç böyük quraqlıq dövrü regionun təsərrüfat sistemini zəiflədərək Tunc dövrünün sonundakı ümumi çöküşü sürətləndirib.

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Stokholm Universitetinin iqlimşünasları gəlib. Tədqiqat barədə “Science et Vie” nəşri məlumat yayıb.

Təxminən eramızdan əvvəl 1200-cü ildə Şərqi Aralıq dənizində bir neçə güclü dövlət ciddi tənəzzül yaşayıb. Miken sarayları yoxa çıxıb, Het dövlətinin şəhərləri və Levant sahillərindəki limanlar dağılıb. Yunanıstanda isə yazı sistemi təxminən dörd əsr ərzində istifadədən çıxıb.

Bu hadisələr tarixdə Tunc dövrünün süqutu kimi tanınır. Əvvəllər baş verənlərin əsas səbəbləri sırasında müharibələr, üsyanlar və xarici hücumlar göstərilsə də, yeni araşdırma iqlim dəyişikliklərinin də mühüm rol oynadığını üzə çıxarıb.

İqlimşünaslar Ketrin Pauer və Tsün Çjan son 8 min ilin iqlim tarixini araşdırmaq üçün EC-Earth modelindən istifadə ediblər. Onların qənaətinə görə, quraqlıq dövrləri bir neçə təbii prosesin üst-üstə düşməsi nəticəsində yaranıb. Bunlara Yer orbitindəki uzunmüddətli dəyişikliklər, Atlantik okeanında su dövranının tərəddüdləri və Aralıq dənizinin duzluluğundakı dəyişikliklər daxildir.

Modelin nəticələrinə əsasən, regionda üç böyük quraqlıq dövrü yaşanıb və onların hər biri bir neçə əsr davam edib. Bəzi təbii iqlim arxivlərində yağıntıların 15-30 faiz azalması qeydə alınıb.

Bu dəyişikliklər kənd təsərrüfatı sabit su ehtiyatlarından asılı olan qədim cəmiyyətlər üçün xüsusilə ağır nəticələr doğurub. Ardıcıl bir neçə uğursuz əkin mövsümü ərzaq qıtlığını dərinləşdirib, dövlətlərin iqtisadi və siyasi dayaqlarını zəiflədib.

Tədqiqatçılar quraqlığın Aralıq dənizi sahillərinə hücumları ilə tanınan “Dəniz xalqları”nın köçlərinə də təsir göstərə biləcəyini düşünürlər. Ehtimal olunur ki, onların yaşadıqları ərazilərdə ərzaq çatışmazlığı insanları yeni yaşayış yerləri və qida mənbələri axtarmağa vadar edib.

Bununla belə, alimlər araşdırmanın nəticələrinin əlavə sübutlarla yoxlanılmasına ehtiyac olduğunu vurğulayırlar. Xüsusilə stalaktitlər və dəniz dibindəki çöküntülər kimi təbii iqlim arxivlərinin təhlili quraqlıqların qədim dövlətlərin süqutuna təsirini daha dəqiq müəyyənləşdirməyə kömək edə bilər.

Beləliklə, Tunc dövrünün sonundakı böyük çöküşün yalnız müharibələr və siyasi qarşıdurmalarla deyil, əsrlər boyu davam edən iqlim dəyişiklikləri ilə də bağlı olduğu ehtimal edilir.

Aydın