Türkiyədə yaşayan 10 mindən çox azərbaycanlı qanuni sənədlə təmin olunub.
Qaynarinfo xəbər verir ki, bunu "Report"un yerli bürosuna açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Birinci Müsəlman Diaspora Forumu çərçivəsində deyib.
Onun sözlərinə görə, 2018-ci ildən Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar üçün xüsusi komissiya formalaşdırılıb:
"Dövlət Komitəsinin təşəbbüsü ilə onların sənədləşdirmə işləri həyata keçirilir. Hazırda 10 mindən çox azərbaycanlıya artıq qanuni sənəd verilib. Bu proses mütəmadi olaraq davam etdirilir. Eyni zamanda burada çoxlu tanınmış ziyalılarımız, sənətçilərimiz, mədəniyyət nümayəndələrimiz fəaliyyət göstərir. Azərbaycan dərnəklərinin sayına və region üzrə xaricdə yaşayan azərbaycanlıların sayına görə digər ölkələrlə müqayisədə Türkiyə birinci yerdədir".
Diaspor Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və Nazirlər Kabinetinin qərarı ilə Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə hər il humanitar dəstək verilir:
"Həyata keçirilən bu humanitar tədbirlərdə Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən dərnəklərin də rolu var".
Fuad Muradov Dövlət Komitəsinin Türkiyədə bir çox böyük layihələr həyata keçirdiyini də qeyd edib:
"İğdır və Qarsa səfərlərimiz çərçivəsində çox böyük layihələr həyata keçirmişik. İzmirdə Azərbaycan evinin açılışı olub. Yəni Türkiyənin bütün bölgələri üzrə fəaliyyətimiz mövcuddur".
Diaspor Komitəsinin sədri əlavə edib ki, sabah Ankarada Azərbaycan icması ilə keçirilən görüş də bu baxımdan böyük əhəmiyyət kəsb edir:
"Yəni mütəmadi olaraq bu kimi təşəbbüslərimiz və görüşlərimiz olur. Bundan sonra da olacaq. Türkiyə bizim üçün dost və qardaş ölkədir və bu əməkdaşlıq Türkiyə və Azərbaycan diasporları səviyyəsində həyata keçirilən birgə fəaliyyətdə də özünü göstərir".
Şərhlər