Almaniyanın Saksoniya-Anhalt əyalətində ifrat sağçı "Almaniya üçün Alternativ" ("AfD") partiyasının beynəlxalq aləmdə əks-səda doğuran seçki qələbəsi ölkə əhalisi arasında narahatlıq yaradıb.
Qaynarinfo xəbər verir ki, Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərindən sonra aparılan sorğuya əsasən, almanların təxminən üçdə ikisi seçkinin nəticəsindən narahatdır. Almaniyanın ictimai televiziyası ARD-də yayımlanan və "Infratest dimap" İnstitutu tərəfindən təxminən 1 000 nəfərin iştirakı ilə keçirilən sorğuya görə, respondentlərin 64 faizi seçkinin nəticəsindən narahat olduğunu bildirib. Nəticədən məmnun olanların payı isə 24 faiz təşkil edib.
Bu narahatlığa baxmayaraq, əsas siyasi partiyaların "AfD"yə tətbiq etdiyi təcrid siyasəti ilə bağlı ictimaiyyətin fərqli mövqeyi də diqqət çəkib.
Sorğu iştirakçılarının 51 faizi digər partiyaların "AfD"ni siyasi fəaliyyətlərə daha çox cəlb etməsinin tərəfdarı olduğunu bildirib.
"AfD"nin Saksoniya-Anhaltdakı baş nazirliyə namizədi Ulrix Ziqmundun əyalət parlamenti tərəfindən baş nazir seçilməsinə respondentlərin 45 faizi müsbət yanaşarkən, 48 faizi buna qarşı çıxıb.
"AfD" bazar günü keçirilən seçkilərdə 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq, təxminən 44 faiz səslə qalib gəlib.
ABŞ Prezidenti Donald Tramp Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə "AfD"nin əldə etdiyi qələbəni "çox böyük uğur" adlandırıb.
Tramp Saksoniya-Anhalt əyalətində "Almaniyanın populist partiyası" kimi xarakterizə etdiyi "AfD"nin "çox böyük uğur qazandığını" bildirib.
"Nəhayət, Almaniyaya böyük zərər vuran o son dərəcə dəhşətli miqrasiya qaydalarından və tənzimləmələrindən beziblər", deyə Tramp qeyd edib.
Tramp "AfD"nin yüksəlişdə olduğunu və Almaniyanın sözügedən miqrasiya siyasətinə "daha artıq dözməyəcəyini" bildirib.
Aydın
Şərhlər