Ölkə 18:05 16.05.2019

DİN: “Müstəntiq barəsində səslənən iddialar əsassızdır”

Daxili İşlər Nazirliyi "Qaynarinfo.az” saytının 16.05.2019-cu il tarixli xəbər buraxılışında yerləşdirilmiş, "Polis müstəntiqi Şahin Osmanov dəlilləri niyə yox etdi?"yazıya münasibət bildirib.

 Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə vətəndaş Sübhi Abbasovun iştirakçısı olduğu, 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin istintaqını aparan müstəntiq barəsində səsləndiridiyi iddiaların və ittihamların həqiqətdən uzaq, qərəzli olduğunu, onların heç bir hüquqi əsasının olmadığını bildirib.

Xatırladırıq ki, haqqında danışılan ağır qəza hadisəsi ötən il oktyabr ayının 7-də  saat 13:10 radələrində Bərdə-Tərtər yolunun Tərtər rayonu Sarıcalı kəndi ərazisindən keçən 8-ci kilometrliyində baş verib. O.Mansurzadə qeyd edib ki, faktla əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq olunub. 
"Yol-nəqliyyat hadisəsinin baş vermə mexanizmini dəqiqləşdirmək məqsədilə  hadisənin şahidi olmuş, həmin ərazidə xidmət aparan YPX inspektorunun istifadəsində olan DYP avtomobilinin salonundakı müşahidə kamerasına baxış keçirilib, həmin videogörüntü müstəntiq tərəfindən maddi sübut kimi iş üzrə təyin edilmiş kompleks məhkəmə trasoloji və yol-nəqliyyat hadisələri ekspertizasının qərarı ilə birgə ekspert tədqiqatına göndərilib.

Yol-nəqliyyat hadisələri üzrə ekspertizanın rəyində hər iki sürücünün hərəkətlərində hadisənin qarşısını almağa texniki imkanlarının olduğu qeyd edilib”.
DİN rəsmisi bildirib ki, hadisə nəticəsində dünyasını dəyişmiş E.Mahmudovun hüquqi varisi, atası E.Albətov bir sıra instansiyalara müraciət edərək qünahkar sürücünün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

"Bu il mayın 1-də S.Abbasova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək barəsində "başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilib. Artıq qeydolunan cinayət işinin istintaqı tamamlanıb, baxılması üçün bu yaxınlarda məhkəməyə göndəriləcək. S.Abbasovu istintaqın gediıi və cinayət işini aparan müstəntiq barəsində qərəzli və qeyri-obyektiv fikirlər sələndirməyə də məhz cinayət işinin məhkəmə baxışına göndəriləcəyi, özünün isə bu prosesin sonunda məsuliyyətə cəlb olunmaq reallığıdır”.