XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Diyetoloqlar xolesterini azaltmaq üçün 1 nömrəli ədviyyatı açıqladı
Sağlamlıq19:38 26.09.2026

Diyetoloqlar xolesterini azaltmaq üçün 1 nömrəli ədviyyatı açıqladı

Heç bir məhsul yüksək xolesterini təkbaşına müalicə edə bilməz. Lakin bəzi məhsullar xolesterin göstəricilərinə digərlərindən daha çox təsir göstərə bilər. Diyetoloqların sözlərinə görə, xolesterinə nəzarət etməyə kömək edə biləcək vasitələrdən biri darçındırə.

Qaynarinfo xəbər verir ki, bu barədə “EatingWell” yazır.

Nəşrin məlumatına görə, bunun səbəblərindən biri yüksək xolesterinin çox vaxt qanda qlükoza səviyyəsinin yüksəlməsi ilə əlaqəli olmasıdır. “Phytotherapy Research” jurnalında dərc olunan araşdırma isə darçının diabeti olan insanlarda qan şəkərinin səviyyəsini azaltmağa kömək etdiyini göstərib.

Bundan əlavə, məqalədə qeyd olunur ki, darçın iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Onu yağ, şəkər və duza alternativ kimi istifadə etmək rasionu ürək üçün daha faydalı edə bilər.

Sertifikatlı diyetoloq Barbi Çervoni izah edib ki, darçın (“Cinnamomum zeylanicum”) müxtəlif darçın ağaclarının növlərindən əldə edilən qabıqdır. Alimlər onun qan şəkərinin səviyyəsinin azaldılmasından tutmuş iltihabın zəiflədilməsinə qədər sağlamlığın müxtəlif aspektlərinə mümkün terapevtik təsirini araşdırıblar.

Ekspertin sözlərinə görə, darçının tərkibində sinnamaldehid və darçın turşusu var. Darçın qabığında həmçinin bioloji aktiv birləşmələr – katexinlər və prosianidinlər mövcuddur. “Journal of Functional Foods” jurnalında dərc olunan araşdırmaya görə, bu maddələr antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

“Frontiers in Physiology” jurnalında dərc olunan meta-analizdə tədqiqatçılar 15 randomizə edilmiş nəzarətli klinik araşdırmanı nəzərdən keçiriblər. İştirakçılar əvvəlki qidalanma, fiziki aktivlik və dərman qəbulunu nəzərə almaqla gündə 1–6 qram darçın tozu və ya darçın ekstraktı qəbul ediblər.

40 gündən 4 aya qədər davam edən 15 araşdırmada darçın qəbul edən qrupda aşağı sıxlıqlı lipoproteinlərin (LDL, “pis” xolesterin) və triqliseridlərin səviyyəsi plasebo qəbul edən qrupla müqayisədə azalıb.

Darçın əlavələri qəbul etməyə dəyərmi?

Məqalənin müəllifinin sözlərinə görə, darçının xolesterin səviyyəsinə təsirini araşdıran tədqiqatların əksəriyyəti diabet və metabolik sindromu olan insanların iştirakı ilə, darçın əlavələrindən istifadə etməklə aparılıb.

Tədqiqatlarda gündəlik dozalar 1500 milliqramdan 6 qrama qədər olub. Standart tövsiyələr isə gündə 1500 milliqramdan 4 qrama qədərdir (təxminən ¾–2 çay qaşığı). Bununla yanaşı, gündə 1500 milliqramdan yüksək dozalar yüksək sıxlıqlı lipoproteinlərin (HDL, “yaxşı” xolesterin) səviyyəsinə daha əlverişli təsirlə əlaqələndirilib.

Eyni zamanda, yüksək xolesterin və ya qan şəkərinə nəzarət etmək üçün dərman qəbul edirsinizsə, ekspert əlavələrdən istifadə etməyə başlamazdan əvvəl bunu mütləq həkimlə müzakirə etməyi və təyin olunmuş preparatların qəbulunu dayandırmamağı tövsiyə edir.

Diyetoloq Rene Korçak bildirib ki, müəyyən ədviyyatların xolesterin səviyyəsini tamamilə aşağı saldığını söyləmək çətindir. Bunun səbəbi tədqiqatların nəticələrinin müəyyən qədər ziddiyyətli olmasıdır. Araşdırmaların dizaynı, iştirakçı qrupları, eləcə də ədviyyatın miqdarı və forması fərqli olub.

Məqalədə vurğulanır ki, darçın əlavələri universal vasitə deyil və sağlam vərdişləri əvəz etmir. Onlardan liflə zəngin qidalanma, müntəzəm fiziki aktivlik, sağlam yuxu və artıq çəkinin azaldılması kimi həyat tərzi dəyişiklikləri ilə birlikdə istifadə edilməlidir.

Müəllifin sözlərinə görə, əksər insanlar üçün gündə ¼–1 çay qaşığı darçın tozunun qəbulu təhlükəsiz hesab olunur. Lakin kassiya darçınının daha çox kumarin ehtiva etdiyini nəzərə almaq lazımdır. Bu maddə yüksək dozada qaraciyərə təsir göstərə bilər. Ədviyyatı müntəzəm istifadə etməyi planlaşdırırsınızsa, məhz Seylon darçınına üstünlük vermək tövsiyə olunur.

Xolesterini azaltmağın digər yolları

Məqalədə qeyd olunur ki, xolesterin səviyyəsinin azaldılmasında ümumi qidalanma keyfiyyəti mühüm rol oynayır. Rasionda müxtəlif bitki mənşəli məhsullar, o cümlədən tam taxıllar, paxlalılar, qoz-fındıq, toxumlar, meyvə və tərəvəzlərə yer vermək vacibdir.

Diyetoloq Cordan Hill doymuş yağların miqdarı az olan zülal mənbələrini seçməyi tövsiyə edir. Onun sözlərinə görə, toyuq, hinduşka, balıq və bitki mənşəli zülal mənbələrinə üstünlük vermək olar.

O, həmçinin qırmızı ət, pendir və alkoqolun orta miqdarda qəbulunu, sağlam çəkinin qorunması üçün isə müntəzəm fiziki məşqləri tövsiyə edir.

Aydın