Ekonomiks 11:38 05.03.2021

Doğrudanmı dünya “İnsan haqları diplomatiyası”na qayıdır?..

Yadımıza gəlir ki, keçmiş SSRİ-də ilk ciddi sosial-siyasi etirazlar M.Qorbaçov yenidənqurması zamanı başlamışdı. Bu sahədə ilk, pioner ölkə çox güman ki, Qazaxıstan olmuşdu, bəli, məhz Mərkəzi Asiyanın bu ən böyük ölkəsinin küçələri və meydanları bircə gündə etirazçı kütlə ilə dolmuşdu.

O vaxt bunu onunla izah etmişdilər ki, Moskvadakı İttifaq rəhbərləri milli xüsusiyyətləri tamamilə nəzərə almayaraq rus əsilli bir adamı – Gennadi Kolbin adlı birisini Qazaxıstana birinci katib təyin etmişdilər.    

Amma fərqli yozumlar da yox deyildi. Hətta bəzilərinin fikrincə, bu, sadəcə, bir bəhanə idi və əsl səbəb M.Qorbaçov siyasətinin özülündə - bəli, onun dərinliklərində idi. 

Beləki gec-tez insanlar küçələrə çıxıb yenidənqurma liderlərindən və ideoloqlarından əsl azadlıq və demokratiya tələb edəcəkdilər, çünki sonuncuların bu məsələlərlə bağlı heç bir proqramı və konsepsiyasi yox idi, onlar xüsusən də ölkə içində nə edəcəklərini, fərdlərə və xalqlara nə verəcəklərini, ələlxüsus da on beş İttifaq respublikalarına nə deyəcəklərini bilmirdilər. Sovetlərin lideri V.Lenin vaxtilə Rusiya imperiyasını "xalqlar həbsxanası” adlandırsa da, təzədən həmin xalqları yeni bir məhbəsə - SSRİ-yə qovmaqdan savayı başqa heç nə etməmişdi.

Bəli, insanlar 70 il idi ki, yeni həbsxanada "xoşbəxt” həyat sürürdülər. Ən çox da diqqət çəkən müsələman respublikaları, xüsusən də indiki Mərkəzi Asiya respublikaları idi. Nəinki sovet siyasətçiləri, diplomatları və hərbçiləri, hətta adi insanlar belə bu respublikaların təmsilçilərilə müqayisədə öz "üstünlük”lərini biruzə vermək üçün fürsəti fövtə vermir, orta asiyalılara təhqiramiz adlar qoyurdular. Hətta keçmiş Sovet İttifaqında azadlığın simvolu sayılan Aleksandr Soljenitsın belə Mərkəzi Asiya respubliklarını Rusiyanın "qarınaltı yükü” adlandırırdı.

Mərkəzi asiyalılar (o vaxt bu ərazilər Orta Asiya və Qazaxıstan adlanırdı) bunu bilirdi və qəti mürgüləmirdilər, ən azı ona görə ki, məşhur "Az və mən” (Az i ya) əsəri burada yazılmışdı və onu qazax şairi Oljas Süleymenov yazmışdı...

İndisə ən əsas məsələ haqda: biz bu detalların üzərndə niyə dayandıq? Məsələ bundadır ki, yenidənqurma həyəcanları Qazaxıstanda ilk və hətta təkrarolunmaz qaranquşlar oldular. Onlar bir daha təkrar olunmadılar. Bu ölkəni sonradan təxminən 30 il Nursultan Nazarbayev idarə etdi və qazaxlar qısa fasilədən sonra yenidən "xoşbəxt və qayğısız” oldular. 

Odur ki, ötən həftə Qazaxıstanda etiraz aksiyalarının keçirilməsi haqqında xəbərləri oxuyanda buna əməlli-başlı təəccübləndik. Amma məsələ bundadır ki, fevral ayında Avropa Parplamenti Qazaxıstanda insan haqlarının vəziyyətilə bağlı qətnamə qəbul etmiş və siyasi məhbusların azad olunmasını tələb etmişdi. Səmimi etiraf etsək, hətta bu detal da bizim üçün gözlənilməz idi.

Bəli, indi o vaxtlar deyil ki, Qərb dövlətləri bütün məsələlərin önündə demokratiyanı və insan haqlarını qoysunlar. O vaxt biz düşünürdük ki, insan haqları hətta dövlətlərarası məsələlərdə əsas ölçü olacaq. Amma yox, bunu tədircən daha praqmatik yanaşma əvəz etdi və yenidən bütün avtoritar rejimləri özününkülərə və özgələrə, xalqları isə demokratiyaya hazır olanlara və olmayanlara böldülər - dünya da yenidən "Somosa it oğludur, amma bizim it oğludur” yanaşmasına qayıtdı...

Donald Trampın hakimiyyətə gəlişiləsə bütün kartlar qarışdı, belə məlum oldu ki, ABŞ özünün bütün qlobal missiyalarından imtina etməyi, daha çox öz problemlərinə qapılmağı düşünür. Hətta insan haqları ilə bağlı illik hesabatlar belə əvvəlki cazibəsini və təsirini itirdi. 

İndi belə duyulur ki, yeni prezident C.Bayden ölkəsini təzədən əvvəlki çevrəsinə qaytarmağı düşünür. Aydındı ki, ABŞ-ın yanaşmaları hər vaxt nümunə kimi götürülür, daha çox da Avropa onları təqlid etməyə çalışır. Elə Avropa Parlamentinin qətnaməsinə də bu rakursdan yanaşmaq lazım gəlir. Vaxtilə ABŞ prezidenti Vudro Vilson beynəlxalq münasibətlərə yeni prinsiplər gətirdi və dünya bu prinsiplər əsasında qurulmağa və ya yenilənməyə başladı.

Ötən əsrin sonlarında amerikalılar daha bir mühüm siyasi kəşf etdilər: yeni və yaxud gənc dövlətlərə münasibət onların demokratiyaya və insan haqlarına münasibəti əsasında formalaşmalı idi. 

Hətta bu sahədəki – "İnsan haqları diplomatiyası” sahəsindəki xidmətlərinə görə keçmiş prezident C.Karter Nobel mükafatına layiq görüldü. Bəli, demokratiya və etik dəyərlər hətta xarici syasətin belə dərinliklərinə sirayət edir. Məsələn, Fransada keçmiş prezident N.Sarkozi cənablarını cəzalandırmağı düşünürlər, çünki o, bir vaxtlar Liviya diktatoru M.Qəzzafidən öz seçki kampaniyasına sərf etmək üçün on milyon dollarla rüşvət – "yardım” almışdı.
Əlbəttə, beynəlxalq münasibətlərin yenilənməsi prosesinin sürəti hələ ki çox aşağıdır və insanların çoxunu qane etmir. Amma bir şey aydındır ki, bu gün dövlətlər üçün də geosiyasi və geoiqtisadi maraqlardan daha çox önəm kəsb edən bir məsələ var: bu da insan haqlarıdır...
 
Hüseynbala Səlimov