Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev saxlanılıblar.
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, F.Molla-zadə və S.Əlizadə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə ittiham olunurlar.
N.Abdullayev rüşvət alma maddəsi ilə təqsirləndirilir. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 308-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cəzaları müəyyən edir.
Həmin maddəyə əsasən, bu ittihama görə iki min manatdan dörd min manatadək miqdarda cərimə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə nəzərdə tutulur. Eyni zamanda, iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 179-cu maddəsi isə mənimsəmə ilə bağlıdır. Mənimsəmə və ya israf etmə təqsirkara etibar edilmiş özgə əmlakını talama deməkdir.
Məcəllədə buna görə ən yüngül cəza min manatdan iki min manatadək cərimədir. Lakin ağırlaşdırıcı hallar da var. Belə ki, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə cəzalar daha da sərtləşir.
Əgər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Rüşvət almaya görə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur.
Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göründüyü kimi, həmin vəzifəli şəxslərdən yalnız N.Abdullayevi nisbətən yüngül cəza gözləyir. Əgər istintaq zamanı başqa cinayət əməlləri üzə çıxmazsa.
Şərhlər