Ölkə 16:56 23.09.2022

Dünya Azərbaycanlılarının I Qurultayından V - Zəfər Qurultayına kimi keçilən yol

(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb) 

Azərbaycan xalqı yaşadığı ölkədən asılı olmayaraq, hər zaman milli həmrəylik hissini qoruyub, vətənə, millətinə, adət-ənənələrinə bağlı olub. 

Onlar bunu hələ ötən əsrin 90-cı illərində baş verən Milli Azadlıq Hərəkatı zamanı bütün dünyaya sübut etdi. 

20 Yanvar gecəsi müstəqilliyimizin, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçən vətəndaşlarımız milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsi idilər. 

Milli birliyimizin, həmrəyliyimizin digər nümunəsi də Birinci Qarabağ müharibəsi zamanı yaşandı. Qəhrəman oğullarımızın canlarını vətən uğrunda fəda etmələri həmrəyliyimizin, milli birliyimizin görküydü. 

Daha sonra inkişaf edən, hər gün bir az daha böyüyən Azərbaycan vətəndaşları artıq bütün dünyaya yayılmağa, azərbaycançılıq ideyalarını dünyanın dörd bir yanında təbliğ etməyə, zaman-zaman inkişaf etdirməyə başladı. 

Həmin dövrdə torpaqlarının iyirmi faizindən çoxu işğal altında olan, bir milyondan çox qaçqını olan Azərbaycan və azərbaycanlılar üçün, eyni anda yağı düşmənlə mübarizə aparmaq lazım gəldi. Həmin vaxt ermənilərlə informasiya savaşında qalib gəlmək, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq çox vacib idi. Bunun üçün isə əsas şərtlərdən biri təşkilatlanmaqdı. 

Buna görə də 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. 

Bu komitə yaşadığı ölkədən asılı olmayaraq bütün azərbaycanlılarla əlaqə qurmaqda, daim diqqətdə saxlamaq, təşkilatlanmaq və s. kimi məsələlərdə onların yanında olmalı idi. 

Yaradılan komitənin əsas fəaliyyət istiqaməti aşağıdakı kimi müəyyənləşdi:

Komitə diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
diasporla iş sahəsinin inkişafını təmin edir;

beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir;

xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır;

xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir;

beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir;

xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir;

qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Komitə həmçinin xaricdə yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, Komitə 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına dəstək verib.

Hələ Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı ilk təşəbbüs 1992-ci ildə olsa da, Dünya Azərbaycanlılarının ilk Qurultayı "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən, 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib.

Dünya Azərbaycanlılarının ikinci Qurultayı "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən, 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilib.

Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

Dünya Azərbaycanlılarının üçüncü Qurultayı isə "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli, 1293 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən, 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilib.

Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri seçilib.

İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub. Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də olub.  
Dünya Azərbaycanlılarının V Qurultayı isə xüsusilə yadda qalıb.

Nəhayət, ermənilər tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızın 2020-ci ildə cəmi 44 gün ərzində işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi də həmrəyliyimizin, milli birliyimizin ən böyük nümunəsi idi.

Həmin dövrdə təkcə cəbhədə əsgərlərimiz döyüşmədi. Xalqımız da cəbhə xəttində döyüşən igid övladlarının arxasında dağ kimi dayandı və bu xalqın ən yaşlı nümayəsindən tutmuş, azyaşlı uşaqlarına qədər əsgər və zabitlərimizə mənəvi dəstək oldu.

Savaş təkcə döyüş meydanında getmirdi. Paralel olaraq informasiya müharibəsi də gedirdi. Döyüş meydanında məğlubiyyətlə üz-üzə qalan düşmən niyyətinə çatmaq üçün bütün dünyada yalançı təbliğat və təşviqat kampaniyaları keçirməyə cəhd edirdi. 

Ancaq onlar bu dəfə öz niyyətlərinə çata bilmədilər. Artıq dünyada güclənmiş, səsini qaldıran, haqqını tələb edən, təşkilatlanmış azərbaycanlılar var idi. Onlar bütün bunların öhdəsindən məhz diaspora və lobbiçilik fəaliyyəti sayəsində gəldi. Azərbaycan həm döyüş meydanında, həm də informasiya meydanında qalib oldu. Nəhayət ki, Azərbaycan 30 ildən sonra öz doğma torpaqlarına qovuşdu. 

Məhz bu savaşda diaspora və lobbiçilik fəaliyyətinə yüksək səviyyədə dəstək verildiyini desək, yanılmarıq.  Elə bu səbəbdəndir ki, Azərbaycan lobbisi dünyanın ən güclü lobbilərindən biri sayılır və bu da koordinasiyalı fəaliyyət nəticəsində mümkün olub. Çünki diaspor quruculuğu, lobbiçilik fəaliyyəti dövlət siyasətində prioritet məsələ hesab olunur.

Bütün bunların fonunda nəhayət azərbaycanlılar öz gücünü Şuşadan bütün dünyaya göstərdi.

Nəhayət 30 il sonra Azərbaycanlıların V Qurltayı - zəfər qurultayı aprelin 22-23-cü aprel 2022-ci ildə Şuşada keçirildi.
 
Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü oldu.

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələr təşkil edildi.

Bütün bunlar isə Azərbaycan xalqının, birliyinin bariz nümunəsi kimi tarixin yaddaşlarına köçdü.
 
Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.