Ekonomiks 15:28 08.04.2021

Dünyada nə baş verir? - Rusiyada traktor, Çində isə konteyner problemi… (ŞƏRH)

Suveyş kanalında yaşanan son hadisə dünya iqtisadiyyatının aktual problemlərini qabartdı. "Ever Given" adlı gəminin kanalı bağlaması, eləcə də koronavirus pandemiyası zamanı aparıcı iqtisadiyyatlara malik ölkələrin öz logistika və daşıma siyasətini yenidən nəzərdən keçirməsini şərtləndirib.

Qaynarinfo xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev dünya iqtisadiyyatında yaşanan son trendləri şərh edib. Onun sözlərinə görə, logistika sahəsində indiki məqamda böhran müşahidə edilir: 

"Böhranın əsas səbəbi də konteynerlərin çatışmamasıdır. Belə ki, karantin səbəbinə görə bir çox işlər dayandırılmışdı. Nəticədə kifayət qədər konteyner limanlarda qaldı. Bu, əasən ABŞ-da baş verib. Eyni zamanda insanlar evlərdə oturduqları üçün bir çox istiqamətlərdə tələbat əksinə artıb. Elə keçən il kompüterlərə, noutbuklara tələbat ciddi olaraq artmışdı. 

Başqa sözlə konteynerlərə tələbat ciddi sürətdə artıb. Amma böyük hissəsi ABŞ-dadır. Oradan Çinə və digər ölkələrə qayıtmadı. Hər 100 konteynerdən yalnız 40-ı qayıdırdı. Nəticə etibarilə qayıdan gəmilər də qiymətləri qaldırdılar. Bu da dünya üzrə qiymət artımına səbəb oldu (əmtəələrin absolyut çoxluğu məhz gəmilər (əsasən də konteynerlər) vasitəsilə daşınır. 

Çin bununla iki mübarizə üsulu seçdi: konteyner istehsalını artırdı və ABŞ-dan boş konteynerlərin gətirilməsinə görə pul ödəməyə başladı. Konteyner istehsalının artımı heç bir effekt vermədi. Yeni istehsal olunan konteynerlər artıq yeni qiymətlər ilə təklif olunurdu. Yəni bazarda təklifin çoxalması qiymətin azalmasına gətirmədi. İkinci məqam isə dünya üzrə daşımalara pis təsir etdi. Müvafiq nəqliyyat şirkətləri isə Çinə boş konteynerləri daşımağa başladılar. Qabaqlar ABŞ-dan Çinə qayıdarkən doldurub gedirdilər. İndi isə boş konteynerləri aparmağa başladılar - bu, daha ucuzdur və sərfəlidir. Nəticə etibarilə bir sıra məhsulların ABŞ və Kanadadan ixracı problem ilə üzləşdi. Tədricən bu məsələ bütün dünya iqtisadiyyatına təsir etməyə başladı. 
Başqa tərəfdən lokal nəqliyyat böhranları da mövcuddur. Rusiyada traktor zavodları problem ilə üzləşiblər. Adətən ilin bu vaxtı onlar dəmiryolu platformaları vasitəsilə satdıqları traktorları bütün bölgələr üzrə çatdırırlar. İndi isə dəmiryol nəqliyyat şirkətləri platforma verə bilmirlər. Şirkətlər bunu ordu ehtiyacları ilə izah edirlər. Yəni platformaları ordu götürüb deyə, traktor daşımağa platforma qalmır. Bu da hamını təəccübləndirdi - bu qədər platforma ordunun nəyinə lazımdır? İndi Rusiya ordusu nə təlim keçirir, nə də müharibə aparır. Amma fakt odur ki, aqrar mövsümun başlanması üçün Rusiya traktor istehsalı zavodları traktorları (və digər kənd təsərrüfatı texnikasını) çatdıra bilmirlər. Bu da nəticədə idxalın artmasına gətirə bilər (onlar avtomobil nəqliyyatı ilə çatdırırlar)”.

Orxan Əhmədli