Xəbər lenti

Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq
Dünya 14:07 07.08.2026

Dünyada şəkər qıtlığı təhlükəsi artır: Ən böyük təsir Avropada hiss olunacaq

Əkin sahələrinin azalması və anomal isti hava şəraiti səbəbindən Avropada şəkər istehsalının son on ildən artıq müddətdə ən aşağı səviyyəyə enəcəyi proqnozlaşdırılır. Bu isə qlobal şəkər qıtlığı ilə bağlı narahatlıqları artırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"S&P Global Commodity Insights" analitiklərinin hesablamalarına görə, Avropa İttifaqı və Böyük Britaniyada şəkər istehsalı təxminən 15 milyon ton təşkil edəcək. Bu, 2015-ci il mövsümündən bəri qeydə alınacaq ən aşağı göstəricidir.

Məlumata görə, bu yay müşahidə olunan güclü istilər şəkər çuğundurunun məhsuldarlığını ciddi şəkildə azaldıb. Bundan əvvəl isə fermerlər rekord məhsulun qiymətləri aşağı salması səbəbindən iki il ardıcıl olaraq əkin sahələrini ixtisar etmişdilər.

Mütəxəssislər bildirirlər ki, bu proqnozlar qlobal şəkər çatışmazlığı ehtimalını daha da artırır. Belə ki, El Nino hava fenomeni Hindistan və Tailand da daxil olmaqla Asiyanın əsas şəkər qamışı istehsalçısı olan ölkələrində məhsuldarlığa mənfi təsir göstərir.

Artıq bu narahatlıqlar fonunda London və Nyu-York birjalarında şəkər fyuçerslərinin qiyməti bu ay təxminən 5 faiz artıb.

Analitiklərin fikrincə, aşağı məhsuldarlıq gələn ilin birinci və ikinci rüblərində bazarda şəkər çatışmazlığı yaradacaq və bu amil artıq qiymətlərdə öz əksini tapmağa başlayıb. Onlar yaxın dövrdə tələb və təklif balansının dəyişməsi fonunda qiymət artımının davam edəcəyini gözləyirlər.

Bununla yanaşı, vəziyyət son iki ildə yüksək məhsul və aşağı qiymətlər səbəbindən gəlirləri azalan Avropa şəkər emalçıları üçün müəyyən üstünlüklər yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, Avropa İttifaqı yaxın gələcəkdə şəkər üzrə xalis idxalçıya çevrilə bilər. Regionda şəkərin qiyməti iyun ayından bəri artıq 9 faiz artıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->