Foto 15:26 26.02.2021

“Düşüncə Gücü-Gənclərin Fərdi İnkişafına Dəstək” İB "Ana Harayı" abidəsini ziyarət etdi

"Düşüncə Gücü-Gənclərin Fərdi İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana Harayı” abidəsini ziyarət edib. 

Qaynarinfo xəbər verir ki, birliyin İdarə Heyətinin üzvləri və gənclər abidə önünə gül dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bilavasitə iştirakı ilə Xocalı soyqırımını həyata keçirilib. Bu qətliam XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrindən biridir. 

Soydaşlarımıza qarşı misli görünməmiş qəddarlıqla törədilən Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. O cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralananlardan 76-sı uşaq olub. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.