Sənan Səfərovu sosial şəbəkələrdən tanıyıram. Şeirlərini oxuduğum zaman anladım ki, gənc yazar yaxşı müşahidəçidir və onu tanımaq lazımdır. Çünki Sənan içində yaranan sevgini yox, bir döşü kəsilən və ərinin xəyanətini bilə-bilə yaşayan qadının hisslərini yaşaya bilir.
Qaynarinfo onunla müsahibəsini təqdim edir:
- Öncə Sənanı tanıyaq. Niyə ondan müsahibə alırıq?
- Əslində, özüm də bilmirəm niyə məndən müsahibə alırsan. Belə deyim də, mən telekanalların birində çalışıram və orda hər zaman kadr arxasında oluram. Montajla məşğulam. Ona görə kimsə məndən müsahibə almayıb. Bircə Dadaş Adnan haqqında veriliş hazırlayanda görünmüşəm. Təzə-təzə yazmağa başlayanda orda "5 sual, 5 cavab" adlı layihədə iştirak etmişəm. Başqa heç yerdə müsahibəm-filan olmayıb. Düzünü deyim ki, əslində səninlə şərab içmək istəyirdim (gülürük).
- O zaman, həm ziyarət, həm ticarət olsun. Niyə adını Sən An kimi qeyd edirsən?
- Belə deyim, Sənan Səfərovam. Sən Anı sonradan seçdim. Burda həm "Sən" var, həm də "An". Adımdan çox razıyam. Adımın mənası sevən insan deməkdir. O da mənim xarakterimdə var. Əzab da versə, xoşlayıram, çünki onsuz alınmır.
- İxtisasın nədir?
- Yaradıcılıq mənə çox yad bir şey olub. Uşaq vaxtı yaradıcılıq deyəndə, ağlıma rəssamlıq və musiqi gəlirdi. Amma uşaq vaxtından mütaliəyə çox marağım olub. İbtidai sinifdə oxuduğum vaxt nağıl oxumaqla başlayıb ilk mütaliəm. O nağıllara çox inanırdım, onlarla yaşayırdım. Əsasən də, sehirli nağılları. Dünya ədəbiyyatı və Azərbaycan nağıllarını çox sevirdim. Nağıllara inanmağın başını buraxana qədər, onları oxudum. 7, ya 8-ci sinifdə artıq uşaq enisklopediyalarına maraq saldım. İntellektual bazamı artırmaq mənə zövq verirdi. O dönəmlər telekanallarda "Milyonçu", "Pulgir" verilişləri var idi. Bu cür intellektual verlişləri izləyib, ordakı suallara cavab tapmaq çox xoşuma gəlirdi. Sonra artıq universitetə hazırlaşmaq vaxtı gəldi. Həmin dövrdə yalnız dərs oxumağa başladım. Azərbaycan Mədəniyyət İncəsənət Universitetində Sənətşünaslıq və teatırşünaslıq fakültəsinə qəbul oldum. Universitetə qəbul olunmazdan əvvəl fikirləşirdim ki, hüquqşünas olum. Maraqlıdır ki, mən uşaq vaxtı çəkməçi olmaq istəyirdim. 90-cı illər ölkənin kasıb vaxtları idi və uşaqlığımızı yoxsulluqda keçirmişik. Ayyaqablarımız yırtılanda aparırdıq çəkməçiyə. Oranın xüsusi bir iyi var idi. Sırf o iyə görə çəkməçi olmaq istəyirdim. Amma atam məni qoymurdu. İstəyirdi təhsil alım.
- Maraqlı fakültəyə qəbul olmusan. İxtisasını sevirdin, ya sən də diplom almaq xətrinə oxumusan?
-Universiteti yaxşı oxumamışam. Həm də oxumaq xətrinə girməmişdim. Qəbul olub, Bakıya gələndən sonra da maddi sıxıntılar başladı. Məcbur olub işləməyə başladım. Universitetdə iki müəllim var idi ki, mən onları üst insan adlandırıram. Onlar hələ də orda dərs deyir. Biri Aydın Talıbzadədir. Bir şeyə peşimanam ki, o müəllimdən yetərincə faydalana bilməmişəm. Həmin dönəmdə bunun fərqində deyildim. Dərsləri yola verirdim. İndi anlayıram ki, bu heç də yaxşı bir şey deyilmiş.
- Hansı yazıçıya sual verirsən, deyir ki, mənim heç bir məqsədim yoxdur. İlham gəlir yazıram. İlham Sənanı ilk dəfə necə yazmağa vadar etdi?
- Adətən, ilk şeir yazılır, sonra hekayəyə keçid edirlər. Məndə tərsinə olub. İlk hekayə yazmışam. Sonradan şeir yazmağa başladım. Görürdüm ki, hekayəni yazanda səbrim çatmır, amma şeir vasitəsilə özümü daha yaxşı ifadə etməyə başladım. Belə deyim, bir xanıma aşiq oldum və sonra ikincisinə. O da mənə "yox" cavabını verdi. Bayaq da dediyim kimi, mən aşiq olmağı xoşlayıram. Hər iki qadın ailə qurdu. Mən təkləşməyə, tənhalaşmağa başladım və bu yolla mən öz içimə səyahət etməyə başladım. Gördüm ki, öz içimdə bir şeir yatır. Əgər, həmin qadınla ailə həyatı qursaydım, bu qəbiliyyətimin olduğunu heç vaxt bilməyəcəkdim. Şeirlə ovunmağa başladım. Şeirlərimdə olan obraz özüməm. Hər zaman deyirəm ki, mən şeir yazmıram, şeiri yaşayıram. Bəzən bilirsiniz mənə nə təsir edir? Çox əzab çəkə-çəkə bir şeir yazıram. Yaradıcı insanlara bu əzab tanışdır. Şeiri paylaşandan sonra, kimsə "yaxşıdır" deyə, fikir bildirir. Sanki o şeirə yox, mənə deyir ki, "sən çox yaxşı ağrıyırsan". Montajı yalnız pul qazanmaq üçün edirəm. Ədəbiyyatda tapdığım mənəvi zövqü heç bir şeydə tapa bilmirəm. İncəsənətin içinə girəndən sonra, insan həyatın yalanlarının fərqinə varır. Müdrikləşirsən və bu da səni cəmiyyətdən uzaqlaşdırır.
- Mən də çox vaxt cəmiyyətdən şikayət edirəm. Şikayətdən başqa səncə əlimizdən nəsə gəlir?
- Nə qədər bizim kimi gənclər var. Ə azından mütaliə edirlər. Sonra bu cür insanlar bir-birləri ilə tanış olurlar və ətraflarında sağlam insanlar olur. Məsələn, sənin yazdığın köşə yazılarını şikayət olaraq yox, mesaj olaraq qəbul etmək olar. Sən görürsən və yazırsan. Deməli bir işlə məşğul olursan. Bunu yeniyetmə biri görsə, ola bilər ki, fikirlərimiz onlara təsir etsin.
- Şeirlərdə olan bənzətmələr çox qocalıb artıq. Füzuli demək olar ki, ən yaxşılarını edib. Həmçinin də sevgi şeirləri olsun. Niyə gənc olaraq, yeni cərəyan və ya ifadə tərzinin əsasını qoya bilmirik? Sosial problemlər şeirində yer alırmı?
- Şeir elə bir şeydir ki, orda nə özünü, nə də oxucunu aldatmaq olmur. Şeirdə səninlə bağlı hər şey var. Nəsrdə isə aldatmaq olur. Özündən nələrsə uydura bilir. İlk şeirlərimdə də ayrılıq yaşadığım üçün mənim beynimdə olanlar sırf o idi. Lakin indi onlara baxıb, gülürəm. İndi yazdığım şeirlər də sənin dediyin sosial məsələlərə toxunuram. Bəzən elə olur ki, uzun müddət sevgi haqqında heç nə yaza bilmirəm. Məsələn, təqaüd almaq üçün səbirsizlənən qadının keçirdiyi hisslər mənə maraqlı gəlməyə başladı. Bəzən o obrazların içinə girib o hisslər özümündür kimi hiss edirdim. Mənim özümü də bu ağlamaqlı sevgi şeirləri bezdirir artıq. Bəsdir də, bildik. Bir yerə kimi hə anlamaq olar, amma orda ilişib qalmaq lazım deyil. Ola bilər yenidən sevgiyə qayıda bilərsən, amma başqa formada. Əgər formanı dəyişə bilməsən, demək sən də heç bir inkişaf getməyib. Qismət olsa, ikinci şeir kitabımı çıxaracam. Əksəriyyəti sayıtlarda çıxıb. Mənə görə onlar daha ciddi şeirlərdir. Belə deyim, bütün gözəl sözlər deyilib, ən yaxşı təsvirlər bitib, ən yaxşı sevgilər də yaşanıb artıq. Bizim etdiklərimiz isə imitasiyadır. Gərək dil bazamız da genişləsin ki, fikirlərimizi, hisslərimizi daha yeni sözlərlə ifadə edə bilək.
- Bayaq Dadonun adını çəkdin. Elə onun da inkişaf etdiyi bir partlayış dönəmi olub gənclər arasında. Hazırda istedadlı yazıçı, musiqiçi və jurnalistlərimiz həmin dövrdə olan inkişafdan bəhrələnib. Lakin, o nəsildən sonra gənclər susub. Beynimizin yenilik etmək funksiyasını itirib elə bil. Yeni bir şey düşünə, onu inkişaf etdirə bilmirik. Dünya artıq böyük fəlsəfi fikirlərə çoxdan yelkən açıb. Düşünürəm bu yenilik üçün biz özümüzə qayıtmalı, özümüzü tapmalıyıq. Sənan sənin şeirlərinin məqsədi nədir?
- Umberto Ekonun bir sözü var. Deyir ki, "Kim deyirsə ki, özüm üçün yazıram bu ağ yalandır". Əgər mən özüm üçün yazıramsa, niyə onları paylaşıram, o zaman? Mən özümü heç nəyə aid etmirəm. Heç bir ideologiyaya, heç bir yaranmış cərəyananda özümü görmürəm. Müşahidəni sevirəm. İnsanları obraz olaraq şeirimdə canlandırmağı sevirəm. Bir də görürsən bir nəfər foto çəkir və xoşbəxtdir, bir nəfər isə o xoşbəxtliyin yanında fikirlərə dalıb və çox kədərlidir. Onları şeirimdə qarşılaşdırmağı, müqayisə etməyi xoşlayıram. Tolstoyun bir sözü var: "İnsanlar eyni cür xoşbəxt, lakin hərəsi bir cür bədbəxtdir". Mənim üçün məsələ bax budur. Mən bunu ifadə etməyə çalışıram. İnsan faktoru mənə görə çox önəmlidir. Vaqif Səmədoğlu müsahibələrinin birində belə bir fikir deyir ki: "Çox ölkələri səyahət etmişəm. Lakin heç birində yad külək, çay səsi eşitməmişəm, amma yad insan dili, səsi eşitdim". İnsanlar bir-birinə yaddır. Biz eyni günəşin, səmanın altında isinir, eyni torpağın üzərində gəzirik. Fərqli olan iqlim qurşağıdır. Biz burda oturub indi kədərləndiyimiz zaman, Yeni Zellandiyada yaşayan insan da bizim kimi kədərlənə bilir. Hər kəs ağlayanda gözlərindən duzlu su gəlir.
- Bir az da fotolardan danışaq...
- Foto ilə Dadaş Adna vasitəsilə tanış olmuşam. Hərbi xidmətədən qayıdıb, telekanalların birində işə düzəldim. Orda elə onunla tanış oldum. Çox fərqli insan idi. Maraqlı gəldi mənə və münasibətimiz yaranmağa başladı. Onun çəkdiyi fotolar mənə çox maraqlı gəlirdi, amma heç nə anlamırdım. Dado çəkdiyi fotoları mənimlə birgə bir musiqi altında yığırdı və bu yolla mən prosesin içinə daxil oldum. Mən artıq anlamağa başaldım ki, Dado nə demək istəyir. Sənət tərəfi mənə aydın oldu. Onun fotolarında hadisə var idi. O fotoları "Zenit"lə çəkirdi. Bu fotoaparatla bədiiliyi qoruyur. İndi fotolarda olan parlaqlıq olmur. Film və mütaliələrin təsiri oldu. İndi getdiyim yerlərdə kadrları görürəm. Yeni başlayanda 36 lentin hamsını yandırdım. Bir ara daha çox çəkirdim. İndi fasilə vermişəm. Dadaşın bir sözü var, kobud səslənsə də, demək istəyirəm: "Matuşkəsifət insanların fotosunu çəkmək olmur". Onunla razıyam, fotonun mənası olması üçün üzün də, kadırın da bir hadisəsi, mənası olmalıdır. Bir də yeni kameralarla foto çəkməyi xoşlamıram.
Sənanın şeirlərindən bir neçəsini sizə təqdim edirik:
***
kibrit qutuları mətbəxin şkafında yığışıblar alt-üst.
susayıblar yanmağa,
od olmağa,
kibrit qutuları sakit və süst.
kibrit qutularının içində gizlənmiş əllər,
qəfildən siqaretin boğazından yapışır.
boğub tüstüdə öldürür onu,
külqabı təkliyində bir nəfərin çatır sonu.
kibrit qutularında dəfn olunur adam
***
metro çıxışları, mağazalar…
parıltılı gülüşlər diş olub ayaq üstə durub damaq altda.
indi adamlar çörəkdən də çox öz içlərini yeyirlər,
tapdalayırlar.
limon ovucların biri iyirmi qəpikdən ayaqlara yapışır,
metro çıxışlarında qələm beşi bir manatdan məktublaşır.
metro çıxışlarında insanlar yearaltından yerüstünə qusulur.
metro çıxışlarındakı avtobuslar,taksilər,dayanacaqlar,
gedəcək,gedəcək, dayanmayacaqlar.
***
küçə fənərlərinin altında axışan insan selinin içərisində
göyərçin məsumluğu bir körpənin gülüşlərindəydi.
xəstəxana daha bir abort ağrılarına şahid olunda,
səmaya qalxan əllər, allahın qarşısında əyilməyindəydi.
***
çox yorulmuş, çoxdan yorulmuş ,
bir bədən düşdü çarpayıdan.
asdı özünü dan yerinin sökülən vaxtı,
quşların yuvalarından tökülən vaxtı.
kəndir üstünə qonmuş sərçənin
ağzında həşərat, caynağında cəsəd vardı.
***
cibində əli əşya kimi olan kişi,
atır addımların gələcək "gəlmə”yəcəyə
darıxır keçmişi.
çantasında dodaq boyası itən qadının
bu vaxt
quruyur,quruyur öpüşü…..
skamyalar da ayaqüstə dayanıb
üzü dənizə doğru
gözləyir növbəti görüşü…
***
sərçələrin həyasız çığırtıları,
şəhərin başına düşür,
küçələr dimdiklənir.
yarıyuxulu taksi sürücələrinin
gözləri bağlanır
sükan arxasında əlləri yol çəkir.
yarızirzəmi publar, kafelər
sonuncu müştərini yola salır
massaj salonunda yorğun qadınlar
bir kişi çoxluğu ilə
bir az da fahişələşir.
həyasız çığırtılarılarla
səhər açır gözünü
şəhər dimdiklənir
***
sol tərəfim şəkildir,
ürək dayanmaq istəyir baxanda fotolara.
bütün ölənlər sağ, bütün sağlar ölüdür indi.
sağ tərəfim albom-albom vərəqlənir,
baxıram ki,”keçmiş”lər əslində keçməmişlər,
ölməmişlər,diridir indi.
mən "yarı”ya yox,”yar”a yox,
yaraya bölünmüşəm,
hər tərəfdən ağrıyıram,çətin sağalam.
hərdən güzgüdə özümə baxıb deyirəm ki,
gəl şeir olaq, şəkil adam….
Lalə Niftaliyeva
Şərhlər