Ölkə 18:07 09.09.2019

Dövlət Agentliyində yeni komissiya yaradılır

Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbulun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılır.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, vətəndaşlar Apelyasiya Komissiyasına 11-13 sentyabr tarixlərində saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. Müsabiqənin 2-ci mərhələsindən uğurla keçən şəxslərin qəbul olunduqları peşə təhsili müəssisələrinə qeydiyyatı sentyabrın 10-dək davam edəcək.