"Ədəbiyyat biliciləri” müsabiqəsi ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədi ilə keçirilir".
Bu sözləri Qaynarinfo-ya pedaqoq Kamran Əsədov Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində "Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmrini şərh edərkən bildirib.
Təhsil üzrə ekspert saytımıza açıqlamasında ədəbiyyat biliciləri nəyi bilməlidir, yəni müsabiqənin məzmunu nədir, suallar necə seçilib, kimi məqamlara aydınlıq gətirib:
"Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr, rayon (şəhər) mərhələsi yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçirilir.
Vacib bir məqamı qeyd edim ki, orta ümumtəhsil məktəblərində tədris aparılan fənlər üzrə şagirdlər həmin məlumatları tam olaraq mənimsəyə bilmirlər. Yəni hər hansı bir fənn üzrə bu və ya digər formada dərinləşmiş biliyə malik deyillər.
Ona görə də müəyyən fənlər üzrə xüsusi bilik yarışlarının, tədbirlərin bu və ya digər formada əlamətdar günlərin keçirilməsi şagirdlərə həmin sahələr üzrə dərinləşmiş biliklərin öyrədilməsinə xidmət edir. Nəzərə alsaq ki, Azərbaycan Şərq ölkəsidir, bu səbəbdən şagirdlərimizin özünüifadəetmə bacarıqları çox aşağı səviyyədədir. Yəni onların daha çox əzbərçiliyə önəm vermələri şagirdlərin əlavə oxu marağının aşağı salınmasına səbəb olur.
Digər tərəfdən də bu gün bizim orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərimiz daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliələri zəif olur, əlavə kitablar oxumurlar. Bu səpkidə yarışların keçirilməsi şagirdlərin mütaliə qabiliyyəti və özünüifadəetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir. Təbii ki, "Ədəbiyyat biliciləri” adı altında keçirilən yarışda da ədəbiyyat sahəsi ilə bağlı daha geniş məlumatları əldə etmək üçün şagirdlərə yaradılan bu imkandan maksimum dərəcədə istifadə etmək lazımdır. Bu kimi bilik yarışlarının keçirilməsini yalnız alqışlamaq və müsbət qarşılamaq lazımdır.
Fikrimcə, bura təkcə yuxarı sinif şagirdləri yox, 1,6 milyon şagirdin hamısı cəlb olunmalıdır ki, onlarda bizim istədiyimiz intellektual səviyyənin inkişafı həyata keçirilsin. Çünki ədəbiyyat birbaşa özünüifadəetmə bacarığının formalaşmasına xidmət edən bir fəndir. Yəni şagirdlərin hansısa bədii əsərlər vasitəsi, mütaliə imkanları ilə özünüifadə vərdişinin formalaşmasını da təmin etmək mümkündür.
Biz bu gün narahatıq və narazılıq ifadə edirik ki, şagirdlərin bədii ədəbiyyata olan marağı aşağı səviyyədədir. Təbii ki, bunu könüllülük prinsipi ilə həyata keçirmək olar. Əgər biz bunu qəbul imtahanlarına salırıq və salacağıqsa, uşaqlar o zaman oxuyurlar. Biz bununla bağlı nə qədər çox yarışlar, olimpiadalar, tədbirlər keçirsək, bunu qarşımıza hədəf kimi qoysaq, bir o qədər çox şagirdi bura cəlb etmiş olarıq.
Düşünürəm ki, burada bu yarışların, tədbirlərin nəticələrinin orta ümumtəhsil məktəblərinin məktəbdaxili qiymətləndirmə sisteminə təsiri olmalıdır. Belə ki, bu kimi yarışlarda seçilən şagirdlər məktəbdaxili qiymətləndirmə prosesində xüsusi imtiyazlara sahib olsalar, bu da onların əlavə oxu materiallarına, bədii ədəbiyyata marağını stimullaşdırmaq üçün səbəb olar. Eyni zamanda bu kimi yarışlarda fərqlənən ədəbiyyat bilicilərini və yaxud digər fənlər üzrə olan seçilmiş şagirdlərə ali məktəblərə qəbul zamanı da güzəştlər etmək mümkündür. Onların bu kimi yarışlarda, olimpiadalarda əldə etdikləri uğurların nəticəsini nəzərə almaq da olar.
Yəni bu olimpiadalarda əldə olunan uğurlar buraxılış imtahanlarının nəticələrinə təsir göstərərsə, şagirdlərin bu yarışlara qatılması kütləvi hal alar, eyni zamanda məsuliyyət və iddia çoxalar. Yəni təkcə tədbir xatirinə bunları etmək lazım deyil. Mütəmadi olaraq şagird nailiyyətlərinin, şagirdlərin bu sahədə oxumalarının nəticələrini təhlil etmək lazımdır. Məsələn, "oxu günləri” təşkil etməklə şagirdlərin oxuduqlarını və onun nəticələrini görmək olar. Hesab edirəm ki, müzakirə məsələləri daha da çoxalsa və bu tipli tədbirlər mütəmadi olaraq hər ay keçirilsə, şagirdlərin intellektinə müsbət mənada təsirini göstərəcək.
Qeyd edək ki, nazirin əmrinə əsasən, 2019-2020-ci dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək.
Əmrlə "Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi təsdiq edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, bilavasitə Nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinə tapşırılıb ki, bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində lazımi təşkilati-pedaqoji tədbirlər görülməsini təmin etsinlər.
Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.
Röya Kərimli
Şərhlər