Ölkə 13:17 24.01.2020

Ekoloqdan SOS: "O zaman yaşamaq üçün bir dünya tapa bilməyəcəyik"

"Cəmiyyətin bütün təbəqələrində ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə həssas şəxslərin yetişdirilməsi, bu şəxslərdə daimi davranışların qurulması, təbii, tarixi və mədəni dəyərlərin qorunması ekoloji problemlərin həllində yaxından iştirak etməkdir".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında ekologiya üzrə ekspert Talıb Bağırov bildirib. 

Mütəxəssis saytımıza geniş açıqlamasında ekologiyada olan problemlərdən və cəmiyyəti ekoloji marifləndirmənin vacibliyindən bəsh edib: 
 


"Ekoloji problemlər hazırda çoxdur və aktual xarakter daşıyır. Hər bir ekoloji problem yaxından araşdırılıb təhlil edilməli və cəmiyyətlə paylaşılmalıdır. Əgər biz insan və ətraf mühit əlaqələrində tarazlıq yaratmaq istəyiriksə, ilk növbədə ekoloji maarifləndirmə işlərini genişləndirməli, ictimai müzakirəyə açıq etməliyik.

Ekoloji maarifləndirmə işlərində hazırda müxtəlif istiqamətlərdə işlər aparılsa da, hələ də müəyyən boşluqların olması hiss olunur. Ekoloji maarifləndirmə işlərinin aparılması daha az yaşlardan tədris olunmağa başlamalıdır. Orta məktəblərdə "Ətraf mühit və insan” mövzusunda dərsliklərin yaradılması və hər dərslikdə müəyyən ekoloji problemlər qabardılaraq şagirdlərə çatdırılmalıdır.

Hazırda ekologiya sahəsində olan ən mühüm ekoloji problemlərdən biri Qlobal istiləşmə – elmi dildə desək, İstixana effektidir. Hansı ki, 100 il öncəyə kimi normal proses kimi yanaşılan mövzu, bu gün dünya alimlərinin həyəcan təbili çalmağına gətirib çıxarıb. İstixana effekti Günəşdən gələn istiliyin yer üzərində xeyli hissəsinin tutulmasıdır ki, buna da səbəb karbon qazının həcmcə artmasıdır.
 


Karbon qazının əsas yaranma mənbələri kömürün və digər karbon tərkibli yanacaqların, neftin, qazın və onların törəmə məhsullarının ilk öncə, benzinin yanmasıdır. Parnik effektini artıran digər qazların – metanın, azot oksidlərinin, halogen – karbohidrogenlərin tullantısı böyük sürətlə artmaqda davam edir. 

Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artıb. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor-flüor üzvi birləşmələri, freonlar da bu kateqoriyaya aiddir.

Son 200 ildə, xüsusilə 1950-ci ildən sonra, hazırda da davam edən insan fəailiyyəti atmosferdə parnik effektli qazların konsentrasiyasının artmasına səbəb olur. Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir. Avstraliyada aylardır davam edən yanğınlar, iqlim dəyişikliyinin nəticəsidir və bu məsələ şübhəsiz ki, səthi yanaşılacaq mövzu deyil.
 


Çilidəki Aculeo gölü cəmi 6 ildə tamamilə qurudu. Sanki heç olmamışdı... Möhtəşəm Viktoriya şəlaləsi də eləcə məhv oldu. Dünən və bu gün... Məncə, bu şəkil Qlobal istiləşmənin nə dərəcədə ciddi olduğunu göstərir".
 


İnsanların nə qədər müdaxilə etməsinə baxmayaraq, şəhərlər su altında qalır, meşələr yanır, buzlaqlar əriyir və göllər əmələ gəlir. Hər şey gündən-günə pisləşir, bütün bunlar gələcək üçün heç bir ümid vermir. Bəşəriyyət əl-ələ verib zəruri tədbirləri görməsə, yaxın gələcəkdə yaşamaq üçün bir dünya tapa bilməyəcəyik. Fəalların çox doğru bir sözü var: "B planetimiz yoxdur!” 
  
Röya Kərimli