İnternet çağdaş dünyada həyatımızın bir parçasına çevrilib. Lakin xeyirli tərəfləri olduğu kimi, zərərli tərəflərini də görməliyik.
Məsələn, son zamanlar veb-saytlarda yerləşdirilən erotik reklamlar, filmlər insan psixologiyasına təsirsiz ötüşmür.
Ən vacib məqamlardan biri isə odur ki, internetdən nəinki gənclər, yetişkinlər, həm də yeniyetmə və uşaqlar da istifadə edir.
Belə erotik tərkibli reklamlar, filmlər, video-çarxlar yeniyetmələrin, xüsusilədə uşaqların psixologiyasına necə təsir göstərir?
Məsələ ilə bağlı pedaqoq Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bunun gələcəkdə ağır fəsadlara yol açacağını deyib. O, bu məqamda valideynlərin üzərinə yük düşdüyünü bildirib:
"Düşünürəm ki, ətrafımızdakı insanlardan televiziyadan istifadə etməyən tapılmaz. Kompüter və internetdən isə məlumdur ki, əksər insanlar istifadə edir. Uşaqlara gəldikdə isə hesab edirəm ki, kompüterin ən çox istifadəçiləri məhz onlardır. Bu gün hər kəsin evində demək olar ki, həm kompüter, həm də televizor var. Bu cihazların istifadəsi isə birmənalı deyil. Şagirdlərlə işlədiyim üçün bütün bunların onlarda müsbət və mənfi təsirlər yaratdığını açıq şəkildə görürəm. Lakin keçid dövründə olan şagirdlərə bu vasitələrin xeyrindən çox mənfi təsiri olduğu daha çox nəzərə çarpır. Bu, hər birimizi narahat edən məsələlərdəndir. Qloballaşan dünyada şagirdləri ətraf mühitdən təcrid etmək, onların dünyagörüşünün inkişafına mane olmaq da düzgün hal hesab edilmir. Ancaq ağıllı və düzgün yönəldilən şagird istər internetin, istərsə də televiziyanın müsbət tərəflərindən istifadə edir. Özünə lazım olan istənilən materialı internetdə tapır, elektron kitablar yükləyir, intellektual, tarixi verilişlərlə özbiliklərini daha da genişləndirir. Bunun üçün, ilk növbədə, şagirdlər arasında maarifləndirmə işləri aparmaq lazımdır. Axı bütün uşaqlar internet və televiziyanın məhz yaxşı tərəfindən istifadə etmir.
İnternetdən istifadənin yaş həddi bu gün çox "cavanlaşıb" desək yanılmarıq. Bir çox ailələrdə, hətta bağçaya gedən 3-5 yaşlı uşaq da internetə girir, orada xoşuna gələn oyunları oynayır.
Onların öz yaşlarına uyğun olmayan əxlaqsız filmlərə baxması, şəkilləri görməsi, açıq-saçıq mənzərələrə tamaşa etməsi onların psixologiyasına ciddi təsir görsətir və onlar vaxtından tez lazım olmayan informasiya ilə yüklənirlər.
Bu gün internetin şagirdlərin həyatına ən mənfi təsiri erkən yaşda lazım olduğundan artıq və lazımsız informasiyaları almasıdır. Girişinə qadağa qoyulmayan bir çox saytlar, müxtəlif açıq-saçıq forumlar şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir. Bu gün QİÇS-ə, narkomaniyaya yoluxma halları, uşaq yaşından törədilən cinayətlər kifayət qədərdir. Bütün bunlarda internetin rolu danılmazdır. Belə ki, uşaqlar bilmədiyi bilgiləri də internet vasitəsilə əldə edirlər. Belə sürətli inkişaf əqidəsi zəif olan uşaqların dərsə marağını azaldır. Onlar daha çox əyləncə axtarırlar. Bu səbəbdən biz müəllimlərin də işi çətinləşir. Şagirdləri daim nəzarətdə saxlamaq, sözsüz ki, mümkünsüz bir işdir. Ona görə də bu işdə təkcə müəllimlər deyil, bütövlükdə cəmiyyət əl-ələ verib çalışmalıdır, internet klubların fəaliyyətinə nəzarət güclənməlidir. Valideynin qida almaq üçün verdiyi pullarla evdə girə bilmədiyi saytlara internet klublar vasitəsilə daxil olan uşaqlara diqqət artırılmalıdır. Bu işdə valideynlərin üzərinə ağır yük düşür. Evdə onlara ciddi şəkildə nəzarət etməlidirlər. Yoxsa ağır fəsadlarını görməli olacaqlar".
Röya Kərimli
Şərhlər