Ekonomiks 18:05 03.07.2020

Ekspert: “Sərnişindaşımada əsas yük avtobusların üzərinə düşəcək”

Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə bağlı qərar verib. Karantin rejimin sərtləşdirilməsi ilə bağlı qərarla Bakı metropolitenin sərnişindaşıma fəaliyyəti də iyulun 20-nə qədər dayandırılıb.

Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı qərarın ardından Bakı Nəqliyyat Agentliyi (BNA) ekspres avtobusların fəaliyyətini bərpa edəcəyini açıqladı. Belə ki, 6 iyul tarixindən M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunacaq.

Bəs karantin günlərində ictimai nəqliyyatın fəaliyyəti necə olacaq? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat üzrə ekspert Yasin Mustafayev bildirib ki, metronun fəaliyyətini dayandırması virusa yoluxmanın azalmasına ciddi təsir göstərəcək:
 

 
"Çünki epidemiyanın ən çox yayıldığı yerlərdən biri də metrodur və burada kütləvi sərnişin axını var. Həmçinin, metropolitenin fəaliyyətini dayandırması özü ilə bərabər bir sıra çətinliklərə də səbəb olacaq. Belə ki, bu qərar sərnişindaşımada əsas yükün digər nəqliyyat vasitələrinə, xüsusən də avtobusların üzərinə düşməsinə gətirib çıxaracaq. Azərbaycanda alternativ nəqliyyat növü kimi tramvay və trolleybusların olmaması sərnişinlərin əsasən avtobuslara yönələcəyini göstərir. Elə bu səbəbdən də BNA metro stansiyaları arasında fəaliyyət göstərən ekspres avtobusların fəaliyyətini bərpa edib”. 

Ekspert sərt karantin dönəmində vətəndaşların vacib olmadıqca evdən çıxmamasını da tövsiyə edib: "Bu dönəmdə insanların vacib olmadığı hallarda evdən çıxması və ictimai nəqliyyatdan istifadə etməsi avtobuslarda sərnişin sıxlığına səbəb ola bilər. Buna görə də, sərnişinlərə vacib olmadıqca evdən çıxmamağı və ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməyi tövsiyə edirəm. Təbii ki, bu dönəmdə sərnişinlər də müəyyən tələblərə əməl etməli, avtobuslarda tibbi maskadan istifadə etməyi unutmamalıdır. Nəzərə almaq lazımdır ki, karantin rejiminin sərtləşdirilməsi uzunmüddətli deyil və yoluxmaların sayının azaldılması məqsədi daşıyır. Buna görə də, sərnişinlərin mümkün qədər tələblərə əməl etməsi önəmldir”. 

Y. Mustafayev polis postlarının yığışdırılması ilə yollarda sıxlıqların aradan qalxacağına da diqqət çəkib:
 
"Postlar istər minik avtomobillərinin, istərsə də avtobus marşrutlarının hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Eləcə də, yaranan avtomobil sıxlığı avtobusların hərəkət intervallarında müəyyən gecikmələrin yaranmasına və hərəkət intensivliyinin pozulmasına səbəb olurdu. Hazırda polis postlarının yığışdırılmasında əsas məqsəd elə sıxlıqların aradan qaldırılmasıdır. Təbii ki, bu addım da avtobus marşrutlarının fasiləsiz hərəkətini bərpa etməklə,  avtobuslar arasında vaxt intervalının azalmasına və avtobusların mənzil başına daha tez çatmasına səbəb olacaq”.