Elə təsəvvür yaranıb ki, sanki yeni müharibəyə hazırlıq gedir... - Politoloq

Elə təsəvvür yaranıb ki, sanki yeni müharibəyə hazırlıq gedir... - Politoloq

"Suriyaya əlavə hərbi qüvvə göndərməklə Türkiyə çalışır ki, preventiv addımla hazırda əldə etdiyi mövqeləri itirməsin və təşəbbüsə yiyələnərək ona təhlükə tötədən Əsəd ordusu və kürd-YPG dəstələrinə zərbə endirməyə lazımi anda hazır olsun”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Məmmədov Türkiyənin əlavə olaraq xüsusi təyinatlıları da Suriyaya göndərməsinə münasibət bildirərkən deyib.
 
Həmsöhbətimiz düşünür ki, Türkiyənin bu addımına sırf hərbi-siyasi təşəbbüsə yiyələnmək mənasında baxmaq lazımdır: 

"Ankaranın bu addımı həm də onun təsdiqidir ki, Ərdoğanla Putinin görüşündə razılıq əldə olunmayıb. Halbuki əksəriyyət bunun baş verəcəyini gözləyirdi. Qeyd edim ki, Rusiya və Türkiyənin Suriyadakı dəstəkverici qüvvələri arasında müharibə bu günədək bitməyib. Yaranmış vəziyyətdə Türkiyə əlavə olaraq xüsusi təyinatlıları da Suriyaya göndərməklə öz mövqeyini gücləndirir ki, lazımi anda zərbə endirə bilsin. Çünki burada müəyyən mövqe dəyişiklikləri gözlənilir”.

Ekspertin fikrincə, bölgədə elə təsəvvür yaranıb ki, sanki yeni müharibəyə hazırlıq gedir:

"Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı razılaşmalar bir neçə mərhələ fonunda ərsəyə gəlib. Hər mərhələnin də öz şərtləri var. Rusiya Türkiyəni günahlandırır ki, ikinci mərhələnin şərtlərini həyata keçirməyib. Yəni Moskvanın iddiasına görə, Ankara hələ də İdlib ətrafında terror təşkilatları ilə terrorçu olmayan təşkilatları ayırd etməyib. Türkiyə isə bu məsələdə Rusiyanı günahlandırır. Çünki həmin ərazilər daim Rusiya təyyarələri tərəfindən bombalanır və Türkiyəyə yaxın olan silahlı dəstələr və siyasi qüvvələr bundan zərər görür. Üçüncü tərəfdən, bilirik ki, Suriyada marağı olan oyunçular çoxdur. Görünən odur ki, ABŞ Suriyada apardığı səhv siyasəti nəticəsində özünün proksisi hesab etdiyi kürd dəstələrilə əlbir hərəkət edir. Vaşinqton onlara həm təlim keçir, həm də Türkiyə Ordusuna məsafədən ciddi zərbə endirməyə qadir olan silahlar verir”. 

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X