Elektron dərslik portalında 22 dərslik yenilənib

Elektron dərslik portalında 22 dərslik yenilənib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) Azərbaycan və rus bölmələri üzrə mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib.

Nazirlikdən verilən məlumata görə, hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir.

Portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Nazirlikdən bildirilib ki, elektron dərslik portalı ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.

Qeyd edək ki, 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
XƏBƏRLƏR
BLOGLAR