Xəbər lenti

Orxan Saffari
phrase_var_qaynar. 11:27 23.03.2021

Elektron rəhmətlər, rəqəmsal dəfn...

Orxan Saffari

Dünya elə sosiallaşıb ki, artıq ölüləri də virtual ağlayırıq. Ürək həkimi bir dostum var. Bir dəfə dedi ki, o qədər əlimin altında insan ölüb, o qədər meyid görmüşəm ki, atam, anam öləndə də bunu adi qarşıladım, ağlaya bilmədim. İndi baxıram, artıq sosial dünyada da vəziyyət elədir ki, ölümləri adi qarşılayırıq. Nə bilim, "laykla", "üzgün smaliklə", "Allah rəhmət eləsin" şərhləri ilə. Sadəcə, ritual və virtual olaraq..

Elektron rəhmətlər, rəqəmsal salavatlar, dəfnlər.

Bir də görürsən ki, yazırlar:

- "Əziz feysbuk dostlarım, bu gün filankəs üçün meyid namazı qılın..."

Düzü, bu da artıq normaldır, hər şey texnolojiləşir, hisslərimiz robotlaşır. Müasir dünya bizlərə eyni anda həm üzülməyi, həm də sevinməyi bəxş edib. Məsələn, feysbukda eyni anda iki status görürsən. Birində "yas" statusu, birində gülməli. Haldan-hala düşürsən və bu, o qədər adiləşir ki, heç bu haqda düşünmürsən də. Eyni anda birinə rəhmət yazırsan, biri ilə deyib gülürsən...

Virtual dünyanın bizə verdiyi obraz, eqo, sifətdən-sifətə düşmək, bir sözlə, istədiyin adam olmaq istəyi də ortaya tam başqa mənzərələr çıxardır. İnsanlar o qədər sosial asılılığa qərq olur, buranın verdiyi diqqət, qayğı, sevgiyə möhtac olur ki, ölü qalıb yerdə, bu da selfi edir. İlahi, görəsən, həmin an adam necə bunu düşünə bilər? Yəni, bəlkə mən hələ tam sosiallaşmamışam, sosial şəbəkə hesabımdan ibarət deyiləm deyə, bu cür düşünürəm? Ağlıma gəlmir ki, atam, anam ölsün, mən dərhal girib paylaşım edim, "bitcoin" kimi özümə "Allah rəhmət eləsin" yığım.

Bir də görürsən, biri paylaşdı ki, bəs, dostlar, nənəm öldü. Zalım balası, nənə ölər də. Nənə bu dünyanı tutub gedəsi deyil ki. Nə hay-həşir salmısan? Mənim də ömrümü yaşamalıdır? İkinci də ölüb, get, çənəsini bağla, arvadlar ağlasın, aparıb yuyun, qibləyə uzadın, nə bilim də, öləndə nə etmək olarsa, onu edin. O vurhavurda bura necə yadına düşür axı?!

Nə bilim, vallah. Belə deyirəm, bir yandan da içimdən qınamamaq keçir. Bilmək olmaz, bəlkə həmin an o adamlar elə bir hiss keçirir ki, ona bu cür etmək xoş gəlir, dərdini azaldır? Bəlkə tək təsəlli yeri buradır? Əgər belədirsə, daha da pis, daha da kədərli...

İkinci məsələ də dostların, bir zamanlar virtual münasibətin olan, mesajlaşdığın, rəyləşdiyin adamların ölməsidir... İlahi, bu yeri nə pisdi. Keçən dəfə öz başıma gəldi. Dünyasını dəyişən bir qızı inboksda təbrik etdim. Bir də görəm, hamı Allah rəhmət eləsin yazır. Ürəyim sancdı. Nə pis duyğudur bu. Elektron salavat olsa, o dəqiqə çəkərəm...

Yaxud da, dostluq siyahını təmizləyəndə həm virtual, həm də real dünyasını dəyişmiş adamları dostluqdan silə bilməmək hissi. Sanki bu cür xatirəsini yaşadırsan...

İndi öz sosial şəbəkə hesablarımda bir zaman münasibətim olan adamların içində ölənləri də var. Feysbuk xatırlatdıqca, həmin adamlarla yazışdığın statuslar, rəylər çıxır ortaya, mesajlara baxırsan...

Dostluqdan silməyə də əlin gəlmir. Eləcə, virtual "Allah rəhmət eləsin, yeri cənnət olsun"lar...

Deyəsən, bizim üç dünyamız var. Böyüyürük, köçürük virtual dünyaya, ordan da o biri dünyaya.

Geridə isə "virtual qəbirstanlıq" qalır...

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->