Ölkə 17:59 23.07.2018

Əliməmməd Nuriyev: "Hesabatlılığın artmasına töhfə verən yeniliklər təşviq olunmalıdır"

"Dövlət Miqrasiya Xidmətinin cari ildə 6 aylıq fəaliyyəti ilə əlaqədar vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə brifinq keçirilib. Brifinqdə DMX rəisi Vüsal Hüseynov qurumun fəaliyyəti barədə ətraflı məlumat verib və çoxsaylı sualları cavablandırıb".
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məlumat verib. O, bildirib ki, sevindirici haldır ki, artıq yarımillik və illik hesabatlara həsr olunan tədbirlərin vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə açıq formatda keçirilməsi praktikasının əhatə dairəsi genişlənir:
 
"DMX və rəhbəri V.Hüseynov bu formatı ən yaxşı şəkildə reallaşdırdı. Hər bir pozitiv, şəffaflıq və hesabatlılığın artmasına töhfə verən yenilik və nümunələr mütləq və mütləq təşviq olunmalıdır. Cəmiyyətimizin fəal kəsimi, xüsusən ictimai rəyin formalaşmasında güclü rola malik KİV və vətəndaş cəmiyyəti bu istiqamətdə töhfə verməli, öz səylərini əsirgəməməlidirlər. Bu cür nümunə və islahatların davamlı xarakter alması, dayanıqlı olması, bütün hökumət səviyyəsində qabaqcıl standarta çevrilməsi üçün ictimai dəstək və inamın ifadə edilməsi çox mühümdür. Hər hansı islahatın uğuru ictimai dəstəkdən və müsbət mühit formalaşması səylərinin nəticəsindən xeyli dərəcədə asılıdır. İslahatlara qarşı mümkün müqavimətin aradan qaldırılması, çətinliklərin dəf edilməsi üçün səylərin səfərbər edilməsində ictimai dəstək çox vacibdir.
 
DMX və qurumun rəhbəri V.Hüseynovun hesabatı göstərdi ki, zəruri menecerlik bacarığı, yaxşı idarəçilik metodları, şəffaflıq və hesabatlılıq standartları nəzərə alınaraq tətbiq ediləndə rəğbət doğuran nəticələr ortaya qoymaq mümkündür. Ən əsası islahat potensialından düzgün istifadə edən, mövcud riskləri və ən başlıcası imkanları düzgün qiymətləndirən rəhbər və komandaya, yeni idarəçilik yanaşması üslubuna ehtiyac var. DMX-nin fəaliyyətində və V.Hüseynovun timsalında biz hazırda bunu müşahidə edirik. Şübhəsiz ki, bütün bunlar açıq ifadə edilən siyasi iradə olmadan mümkün deyil. 11 aprel prezident seçkilərindən sonra gənc kadrların irəli çəkilməsi və yüksək vəzifələrə təyin olunması bu iradənin nümayişi idi. Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlar isə bütün dövlət-hakimiyyət orqanları üçün aydın siqnal və çağırış kimi başa düşülməlidir".