Ölkə 16:50 15.10.2021

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları: Problemlər və həll yolları

(Yazı "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə hazırlanmışdır)

Cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir. Elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrası zamanı problemlər müşahidə olunur.
 
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə də narazılıqlar yaranır:



"Bu da həmin layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır. Xüsusən də orta təhsil məktəblərinin, maddi-texniki bazanın idarə edilməsində, ali təhsil müəssisələrində semestr qiymətləndirilməsində normativ hüquqi aktlarda, bəzi vəzifələrin tutulması, vəzifə müddəti ilə bağlı ciddi problemlər var. Zaman-zaman kurikulum standartları ilə müasir standartlara uyğun tədris qurmaq istəyəndə başa düşdük ki, bizim hüquqi sənədlərimizdə boşluqlar keyfiyyətli təhsili təşkil etməyə mane olur. Ona görə də normativ hüquqi aktlarda birmənalı şəkildə dəyişiklik yaranmalı idi. Biz tədris proqramları, xüsusən tədrisin həyata keçirilməsi ilə bağlı ciddi boşluqların şahidi oluruq. Hesab edirəm ki, Azərbaycanda yeni təhsil standartlarına uyğun tədris proqramlarının qurulmasına böyük ehtiyac var. 2009-cu ildə "Təhsil haqqında" qanun və 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nizamnaməsinin qəbul edilməsi yeni tədris resurslarının yaradılmasını zəruri edirdi. Çünki 2008-ci ildə kurikulum standartlarına uyğun tədris prosesini təşkil etməyə başlamışıq. Məlum olub ki, bu formatda təhsili təşkil etməklə bağlı ciddi problemlərimiz var. Əsas problem isə bundan ibarətdir ki, sözügedən tədrisi həyata keçirə biləcək müəllim kontingentinin, məktəbdaxili qiymətləndirmə normativinin olmaması yeni standartların və proqramların işlənməsini qaçılmaz edir. Biz kurikulum tədris sisteminə keçsək də, etiraf edək ki, kurikulum bizdə müasir tələblərə cabvab vermir. Ona görə də mütləq şəkildə kurikulumun yeni standart və tələblərini dəyişməliyik”.

Kamran Əsədov hesab edir ki, təhsil proqramları 2013-cü ildə Prezident tərəfindən qəbul edilən təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olmalıdır:

"Bu gün müasir dövrün tələbləri təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub”.

Ekspert tədris proqramlarında aşağıdakıların öz əksini tapdığını vurğulayıb:

1. Fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları; 

2. Öyrənilən materialın tematik məzmunu;
 
3. Fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı; 

4. Dünyagörüşünün əsas elementlərinin siyahısı; 

5. Fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər; 

6. Tədris avadanlığının və əyani vəsaitlərin siyahısı; 

7. Tövsiyə edilən ədəbiyyat". 
 


Ekspert əlavə edib ki, təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır:

"Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir. Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur. Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir. Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris planı və proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər”.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması xüsusi önəm daşıyır:



"Və xüsusən də Qarabağ zəfərindən sonra biz bu istiqamətdə davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işləməliyik. Qələbə təmin olunub. Burada Prezidentin apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol və bir çox məsələr artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Bu proqramların hazırlanmasına çox ciddi və xüsusi önəm verilməlidir. Proqramların hazırlanmasında mütəxəsislərin yanaşması, rəyi mütləq nəzərə alınmalıdır. Biz problemlərə elmi yanaşmağı bacarmalıyıq, eyni zamanda ailmlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə etməliyik. Hesab edirəm ki, hazırkı mərhələdə hər kəsin üzərinə ciddi işlər düşür. Hər kəs çalışmalıdır ki, bu zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə dövlət və onun siyasətinə, həmrəyliyimizin və birliyimizin güclənməsinə öz ciddi töhvəsini versin. Burada elmi-metodoloji yanaşma gözlənilməli, alimlər, ziyalıların rəyləri mütləq nəzərə alınmalıdır və kompleks yanaşma olmalıdır. Bu proqramların tez bir zamanda hazırlanıb, həyata keçirilməsi hesab edirəm əhəmiyyətli və vacibdir”. 

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni müstəqil və müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramın olduğunu deyib:



"Azərbaycan gələcəyə baxış-2020” inkişaf konsepsiyası var idi. Bu konsepsiyanın vaxtı bitib. Layihə müxtəlif sahələr üzrə həyata keçirildi. Bütün dövlətlərdə olduğu kimi müasir Azərbaycanda milli inkişaf, maarifçilik, elmi-kütləvi, mədəni, təhsil haqqında inkişaf konsepsiya olmalıdır. Bizdə təhsillə bağlı strateji inkişaf konsepsiyası, ölkəmizin elmi inkişafı ilə bağlı müxtəlif dövlət proqramları var. Orada proqramların hansı illərə aid olması aydın göstərilib. Bu məsələlər müxtəlif dövlət qurumları, xüsusi elmi və sosial araşdırma mərkəzləri tərəfindən işlənilib hazırlanır və yekunda da dövlət səviyyəsində qəbul olunur. Bundan sonra dövlət prqramlarının icrası qüvvəyə minir. "Azərbaycan gələcəyə baxış-2020” inkişaf konsepsiyasında 9 bölmə var idi. 9-cu fəsil birbaşa vətəndaş cəmiyyətinin inkişafına həsr olunmuşdu. Müharibədən əvvəlki dövr və torpaqların azad olunması da həmin konsepsiyada əsas istiqamətlərən biri idi. Torpaqlar işğaldan azad olundu, yeni bir istiqamət yarandı ki, Qarabağın dirçəlişi və əhalinin azad olunan torpaqlara böyük qayıdışı istiqamətində də bunlar nəzərə alınmalıdır. Eyni zamanda orada minaların təmizlənməsi, ekoloji tarazlığın bərpa olunması, 30 il ərzində əraziyə dəyən ziyanının hesablanıb dünya ictimaiyyətinə çatdırılması da maarifçilik hərəkatıdır”.

Rauf Zeyni hesab edir ki, Ermənistanın Qarabağa vurduğu ziyanla yanaşı, mədəni abidələrin dağıdılması ilə bağlı xüsusi konsepsiya işlənilib hazırlanmalıdır:

"Dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır ki, Ermənistan Qarabağı nə günə qoyub, necə talayıb. Ermənistan vurduğu ziyana görə təzminat ödəməlidir. Elmlə yanaşı, mədəniyyətimizin də inkişafını xüsusi konsepsiya ilə təsdiq etməliyik. Azərbaycan bütün mədəni dəyərlərini dünya ictimaiyyətinə çatdırmalı və imkan daxilində onları qoruyub saxlamalıdır. Artıq bir çox istiqamətlərdə işlər görülüb. Azərbaycanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması və maddi-mədəniyyət abidələrinin YUNESKO-da tanınması istiqamətində önəmli işlər aparılıb. Bu işləri Azərbaycan ictimaiyyəti yüksək dəyərləndirib. Bizim mədəni və dini abidələrimiz işğaldan azad olunan ərazidə nankor ermənilər tərəfindən məhv edilib, bütün bunlarla bərabər, bir çox ərazilərdə tarixi abidələrimiz diqqətdən kənarda qalıb, baxımsızlıq ucbatından zədələnib, məhv olub. Təəssüflər olsun ki, mədəniyyət sahəsinə rəhbərlik edən şəxslər buna ciddi yanaşmayıblar, Azərbaycan mədəniyyətinə böyük bir ziyan vurublar. Biz bu dəyərləndirmələri də aparmalıyıq. İnsan inkişafının mədəni aspektlərini, vətəndaşların, cəmiyyətin və mədəniyyətin inkişafı ilə bağlı bütün hədəfləri müəyyən edən milli konsepsiya hazırlanmalıdır. Bir də xalq olaraq tarixi və milli mədəni irsimizə sahib çıxıb, onu inkişaf etdirməliyik”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.