Ölkə 12:27 04.05.2021

Elnur Aslanov Azad Rəhimovla bağlı ürək sözlərini paylaşdı

"Son günlərdə sosial şəbəkələrdə demək olar ki, hər kəs Azad Rəhimovla bağlı xoş xatirələrini bölüşür. Lakin çox təəssüf ki, Azad müəllim artıq aramızda deyil. Ən gözəl xatirələri təklikdə bölüşmək necə də əzablıdır". 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bu sözləri Prezident Adminstrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov bildirib. Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə ilə bağlı üzüntülərini paylaşan Elnur Aslanov deyib:

"Belə bir deyim var, yaxşı dostlar sağlamlıq kimdir, ancaq itirildiyi zaman fərqinə varır insan. Bizlər də ancaq Azad müəllimi itirdiyimizdə necə bir insanı itridiyimizin fərqinə vara bilmişik.
Xoşbəxtəm ki, mənim Azad müəllimlə 15 illik işgüzar və səmimi dostluğum olub. Bu illər ərzində həm yaxşı dost, həm fədakar bir insan tanımışam. Ancaq heç vaxt bunun sadəcə mənə bəxş olunan bir lütf olduğunu düşünməmişəm. Çünki Azad müəllim ətrafındakı hər kəsə, bəlkə də üzünü görmədiyi minlərlə Azərbaycan gəncinə münasibətdə məhz bu cür, qayğıkeş, səmimi və gülərüz idi. 

Azad müəllimlə bir çox layihələrdə, səfərlərdə və gənclər təşkilatlarının formalaşmasında birgə iştirak etməyim bu dəyərli insanı daha yaxından tanımağa, onunla mehriban dost olmağa imkan vermişdi. O, təkcə pozitiv ruhu və sadəliyi ilə yox, həm də xarakteri və düşüncə tərzi ilə hər kəslə dil tapmağı bacaran, öz vəzifəsinin öhdəsindən layiqincə gələn şəxsiyyət idi.
Yaxşı dost həm də öz əməli, davranışı ilə bizə nələrisə öyrədən, örnək olmağı bacarandır deyirlər. Hər zaman başqalarının köməyinə çatan, gənclə gənc, böyüklə böyük olmağı bacaran Azad müəllim bu mənada əsl dostluq nümunəsi idi. Öz həyat təcrübəsini işində göstərməklə, gənclərin problemlərinə, onların istər sosial, istərsə də peşəkar layihə və təşəbbüslərinin həyata keçirilməsinə kömək etməklə onu tanıyan hər kəs üçün nümunə olmağı bacarmışdı. 

Uzun illər gənclər və idman sahəsini öz çiyinlərində daşımağı bacaran Azad müəllim, gənclərlə və hətta deyərdim hər bir şəxslə münasibətdə vəzifə və mövqe fərqini aradan qaldıran, təvazökar və qayğıkeş bir insan idi. Məhz bu keyfiyyətləri ilə Azad Rəhimov Azərbaycanın gənclər və idman sahəsində uğurlarının əsas səbəbkarlarından biri idi. Məkanı Cənnət olması diləyi ilə. 

Allah Sizə rəhmət eləsin, cənab Nazir, əziz Dost!"