Dünya 19.01.2022

Əminəm ki, Putin Ərdoğanın təklifini qulaqardına vurmayacaq - Politoloq

"Əminəm ki, Putin Ərdoğanın təklifini qulaqardına vurmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri, Vladimir Putinlə Vladimir Zelenskini iki ölkə arasında ziddiyyətləri həll etmək üçün Türkiyəyə dəvət etməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, Ərdoğanın Kiyevlə Moskva arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik istəyi Türkiyənin dövlət maraqları baxmından tamamilə anlaşılandır: 

"Türkiyə Ukrayna və Rusiya ilə münasibətlərə ciddi önəm verən dövlətlərdəndir. Xüsusən də Ankaranın Moskva ilə münasibətləri hər halda Ərdoğan iqtidarını qane edən müstəvi üzərindədir. Onlar Cənubi Qafqaz, istərsə də Suriya və Liviyada demək olar ki, eyni mövqedən çıxış edirlər. Düzdür, Türkiyənin beynəlxalq normalardan çıxış edərək Krımı Ukraynanın ərazisi kimi tanıması müəyyən mənada Kremli məmnun etmir. Rusiyanın təklifi qəbul edib-etməyəcəyinə gəldikdə, mövcud problemin danışıqlar masası ətrafında həllində Rusiya iqtidarı da maraqlıdır. Rusiya Donetsk və Luqansk məsələsinin Minsk razılaşması əsasında həllini tapmasını istəyir”. 

E. Mirzəoğlu bu qənaətdədir ki, sözügedən məsələdə Kiyevlə Moskvanı açıq şəkildə müharibəyə sürükləyən tərəf Qərbdir: 

"Çünki onlar Rusiya ətrafında münaqişə ocaqlarının yaranması ilə bu dövlətdə əlavə problemlər yaratmaq istəyir”. 

Politoloq düşünür ki, Ərdoğanın təklifi masa üzərində qalmayacaq:

"Putin Ərdoğanla münasibətə xüsusi önəm və simpatiya bəsləyir. Zənn edirəm ki, Kiyevlə Moskva Ərdoğanın təklifi əsasında mövcud problemlərin danışıqlar yolu ilə həllinə üstünlük verəcəklər. Bu da Ərdoğan iqtidarı üçün növbəti siyasi divident olacaq. Ümid edirəm ki, Ukrayna və Rusiyanın özü də bunda maraqlı olacaq”. 

Rüfət Sultan

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?