Xəbər lenti

Ən gənc müasir dil hansıdır? - Cavab sizi təəccübləndirə bilər
Dünya 21:05 23.05.2025

Ən gənc müasir dil hansıdır? - Cavab sizi təəccübləndirə bilər

İnsan dili bugünkü formasına təxminən 150 min il əvvəl çatıb. Lakin bu proses orada bitməyib - dil daim dəyişib, yeni şəraitə uyğunlaşıb və fərqli dillərə bölünüb. Bu gün dünyada dövlətlərin sayından qat-qat çox dil mövcuddur - bəziləri qədim, digərləri isə nisbətən yenidir. Bəs, bu dillər içərisində ən gənci hansıdır?

Qaynarinfo xəbər verir ki, "IFL-Science" elmi portalının məlumatına görə, bu suala birmənalı cavab vermək çətindir. Əgər yalnız rəsmi statusa malik dillər nəzərə alınarsa, bu zaman ən gənc müasir dil hesab olunan dil afrikaansdır.

Afrikaans XVII əsrdə Cənubi Afrikanın holland mənşəli köçkünləri - burlar tərəfindən formalaşmağa başlayıb. Zamanla yerli afrikalılarla, digər avropalılarla və Cənub-Şərqi Asiyadan gətirilmiş qullar ilə təmas nəticəsində burların danışdığı holland dili sadələşməyə başlayıb və müxtəlif dillərdən söz və ifadələr mənimsəyərək özünəməxsus linqvistik qarışıma çevrilib.

1860-cı illərin əvvəlində afrikaans dilində yazı nümunələri meydana çıxıb, 1875-ci ildə isə bu dili müstəqil dil kimi tanıtmaq məqsədilə ilk cəmiyyət yaradılıb. 1925-ci ildə Cənubi Afrika hökuməti afrikaansı holland dilinin dialekti yox, ayrıca dil kimi rəsmi şəkildə tanıyıb və həmin ildən bu dil ölkənin rəsmi dillərindən biri olub. Hazırda afrikaans dilində 9–10 milyon insan danışır.

Ən gənc "rəsmi olmayan" dil: Light Warlpiri

Əgər rəsmi statusu olmayan dillərə də nəzər salsaq, bu zaman dünyanın ən gənc dili böyük ehtimalla light warlpiridir. Bu dil son 40–50 il ərzində Avstraliyanın Şimal ərazisində yerləşən ucqar Laçamanu kəndində formalaşıb. Hazırda bu dildə təxminən 350 nəfər danışır.

Light warlpiri tipik bir kreol dilidir. O, əsasən ingilis dilinə əsaslanır, lakin yerli aborigen dillərindən də çoxsaylı sözlər və ifadələr götürülüb. Bu dil zamanla strukturlaşdırılmış qrammatikaya malik müstəqil dilə çevrilib və Laçamanu sakinlərinin ana dili kimi formalaşıb.

Bu məlumatlar sübut edir ki, dil canlı orqanizm kimidir – daim dəyişir, inkişaf edir və hətta yeni dillər yaradır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->