Dünya 18:43 08.02.2023

“Ərdoğanın zəlzələ bölgəsinə səfəri onu göstərir ki...” - Ekspert

"Fəlakətin miqyası onun nəticələrinin tez bir zamanda aradan qaldırılmasını mümkünsüz etdi. Lakin hazırda Türkiyədə zəruri və təxirəsalınmaz tədbirlərin həyata kecirildiyinin şahidi oluruq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir ölkə rəhbəri olaraq baş vermiş təbii fəlakətə qarşı apardığı mübarizəsini dəyərləndirərkən deyib: 


 
"Zəlzələnin miqyası olduqca böyükdür. Baş verən iki zəlzələ həm böyük dağıntılara, həm də çoxsaylı insan tələfatına səbəb olub. Bildiyiniz kimi, artıq bir cox ölkələrdən xilasedici qruplar bölgəyə göndərilib. Azərbaycandan da həm xilasedicilər, həm də yardım göndərilib və yenə də göndəriləcək. Fəlakətin miqyası onun nəticələrinin tez bir zamanda aradan qaldırılmasını mümkünsüz etdi. Lakin hazırda Türkiyədə zəruri və təxirəsalınmaz tədbirlərin həyata kecirildiyini də görürük. 

Əfsuslar ki, zəlzələnin ilk günündə dağıntıların miqyası ilə əlaqədar olaraq, bəzi bölgələrə daxil olmaq mümkün olmadı. Lakin sonra bu problemlər də aradan qaldırıldı. Ərdoğanın zəlzələ bölgəsinə getməsi də onu göstərir ki, iqtidar bu məsələni diqqətində saxlayır. Azərbaycan da qardaş Türkiyənin bu acı və kədərli günlərini öz dərdi kimi paylaşır. İnsanlarımız tam səfərbər olaraq, Türkiyəyə yardımlar göndərməkdədir. İnanırıq ki, bu ağır günlər arxada qalacaq”. 

Rüfət Sultan