Sənət 15:52 13.05.2022

"Şərikli şörək"dən "Köhnə çamadanlar"a qədər...

"Müharibə haqqında niyə sanballı filmlər yaranmır" diskussiyasının davamı olaraq...

Ağa Cəfərli

Bir müddət öncə maraqlı bir sual ortaya atıldı: 44 günlük zəfərimizi tərənnüm edən ciddi, sanballı əsərlər, filmlər niyə yaranmır? Yaradıcı adamların bu suala cavabı birmənalıdır: yazmaq-yaratmaq üçün ilham pərisi gəlməlidir, o olmasa, mümkün deyil, onun gəlməsi üçün isə zamana ehtiyac var. Amma müfaviq qurumlar bu işi sürətləndirmək istəyirlərsə, məşhur lətifədə deyildiyi kimi, heç olmasa, bir lotereya bileti almalıdırlar, bəlkə onda pəri bu qədər naz-qəmzədən əl çəkə. Bu sual o zaman ortaya atıldı ki, artıq ermənilər son müharibə haqqında çəkdikləri filmləri beynəlxalq festivallara göndərirdilər. Bizdə isə "Fəryad-2” filminin başa çatmasının niyə gecikdiyi haqqında açıqlamalar verilirdi. 

Ümumiyyətlə, 30 il ərzində müharibə haqqında yaxşı film bizim yaralı yerimiz olub. Mən kino-tənqidçi olmasam da, istəyirəm, tamaşaçı kimi ziyalı mövqeyimi ortaya qoyum. Birinci Qarabağ müharibəsindəki dəhşətləri, çəkdiyimiz məşəqqətləri, ermənilərin bizə etdikləri zülmləri kimlərəsə məhz sənət, ədəbiyyat vasitəsilə çatdırmaq cəhdləri o qədər də uğurlu alınmayıb. Amma hər halda, barmaqla sayıla biləcək uğurlu filmlər də çəkilib. 

Karlovı-Varı (Çexiya) beynəlxalq kinofestivalında "Azadlıq prizi” almış "Sarı gəlin” daha çox dostluq, qardaşlıq, mehriban qonşuluq haqqındadır. Bəlkə də rejissor Yavər Rzayev "İncil”dən təsirlənərək bu filmi çəkib. "İncil”də necə deyirdi: "Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Bir üzünə sillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını aparandan geri istəmə”. 

"Fəryad” və "Dolu” filmləri real hadisələr əsasında çəkilib və məncə, bu baxımdan əhəmiyyətli və maraqlıdır. "Dolu”da təkcə həbsxana rəisinin işğaldan sonra özünü vurması səhnəsi real deyil. Qalanı olmuş əhvalatlardır. Hətta kəşfiyyatçıların erməni xanımı azad etməsi və "biz torpaq davası aparırıq, arvad davası yox” deməsi də. Bunu ona görə vurğulayıram ki, bu səhnə mənə real gəlməmişdi, amma məlumatlı adamların sözlərinə görə, həqiqətən də belə bir hadisə baş verib. O da maraqlıdır ki, Ağdama qayıdış məhz "Dolu” filminin finaldakı kimi oldu. Təəssüf ki, texniki imkanlar hər iki filmin daha yüksək səviyyədə alınmasına mane olub.  

"Nabat” daha çox festival filmidir və burada ümumiyyətlə, müharibənin insan həyatında qoyduğu ağır izlər müzakirə mövzudur. 

"Yarımçıq xatirələr” bəzi qüsurlara baxmayaraq, kinotənqidçilərin bəyəndiyi filmdir, yaxşı texniki imkanlarla çəkilib. 

"Yalan”, "Arxada qalmış gələcək”, "Qala”, "Xoca”, "Girov” kimi filmlər də var, amma nə qədər uğurludur, bu, ciddi mübahisə mövzudur. 

Bu boyda giriş, əslində, bu günə gəlmək üçün idi. Gələk bu günə. 

Deməli, "Beşatılan” adlı film var, AzTV çəkib. Saytlarda, Yutubda ilk zəfər filmi kimi təqdim və təbliğ olunub. Rəsmən biabırçılıq. Senari sıfır, rejissor işi sıfır, operator işi sıfır. A kişi, təsəvvür elə ki, adam binoklla baxır, vaysınır ki, ermənilər gör yurd-yuvamızı nə günə qoyublar. Həmin məqamda ekranda iki qəşəng ev görsənir. Dağılmış yurd-yerlərimiz isə bir neçə saniyə sonra ekrana gəlir. Yəni, sözlə görüntünün üstə-üstə düşməyi sıfır. Canıma cəfa basıb bu filmə baxanda qızım da gəldi, bir-iki dəqiqə də o baxdı və mənə nə desə yaxşıdır? Ata, bu nə effektlərdir? Dirəşsəm, telefonla mən bundan yaxşısını edərəm. "Sırlar dünyası”nın güllə effeketləri bundan min dəfə yaxşı idi, vallah. Bir vacib məqamı da qeyd edim: bizimkilərdə adətdir, çox vaxt ermənini qorxaq, axmaq kimi təqdim edib, göstərmişik. İndi sizin dediyinizdən belə çıxır ki, biz 30 il qabaq qorxağa, axmağa məğlub olub, indi də qorxağa, axmağa qalib gəlmişik? Belə yanaşma ilk növbədə elə özümüzü aşağılayırıq axı. Bütün terrorçular silah-sursatla, partlayıcı maddələrlə davranmaqda, döyüşməkdə ustadırlar. Və bunu göstərməkdə qəbahətli heç nə yoxdur. Biz peşəkar terrorçulara qalib gəlmişik və məhz bu məqam xüsusi vurğulansa, daha yaxşı olar. 

AzTV-nin belə bir işə niyə qol qoymağı da maraqlıdır: mən bilən bu qurumun yaxşı maliyyəsi də var, yaxşı texnikası da. Sənədli filmlərindən görünür ki, yaxşı rejissorları da. Niyə belə bir biabırçı işə imza atıblar, çox qəribədir.

"Parni iz Baku”nun da iki filmi var: istəyiblər, nəsə yaratsınlar, alınmayıb, hər iki filmdə kino əli, kino həlli yoxdur. Bu öz yerində, amma görün KVN-şiklər 2021-ci ildə özü də şəhid jurnalist Salatın Əsgərovanın dili ilə bizə nə deyir: "Ruslar müharibənin əleyhinədir. Çünki siz onun nə olduğunu yaxşı bilirsiniz. Rus döyüşçüsü həmişə öz torpağını işğalçılardan qoruyub. Rus xalqının böyük, həm də faciəli təcrübəsi var. Gün gələcək, azərbaycanlılar da döyüşməyi öyrənəcək, ruslardan geri qalmayacaqlar”. Bəlkə də bu fikirləri Salatın Əsgərovanın hansı çıxışından, məqaləsindən götürüblər. Ancaq məncə, bu mətni özləri yazıb. Salatın Əsgərova belə sözlər deməzdi. 20 Yanvar faciəsini görmüş vətənpərvər jurnalistin belə söz deməyi beynimə batmır. 

Rusiyanın Ukraynaya təcavüz etdiyi günlərdə "ruslar müharibənin əleyhinədir” fikri də necə də "aktual” səslənir. Ruslar ayrı, Rusiya dövləti ayrı deyirsinizsə, o başqa. Və bir daha yada salaq ki, bütün tarixi və rəsmi sənədlərdə Azərbaycan torpaqlarının 28 aprel 1920-ci ildə məhz Rusiya tərəfindən işğal oldunduğu yazılıb. Yenə də, rus ayrı, Rusiya ayrı deyib dirəşirsinizsə, ta sizə sözüm yoxdu. Nöqtə, nöqtə və nöqtə. 

Gənclərin çəkdiyi "Axtarış” filmi də var. Müharibə haqqında, döyüş səhnəsi olmayan film. Yaxşı, baxılası filmdi, bir tamaşaçı kimi mənim mövqeyim belədir: ümumiyyətlə, gənclərin kino ilə bağlı cəhdlərini alqışlamaq lazımdır. Çəkə-çəkə daha yaxşı öyrənəcəklər, daha yaxşısını çəkəcəklər. 
  
Və baxdığım son film - "Köhnə çamadanlar”.  Yadınızdadırsa, belaruslu Svetlana Aleksiyeviç 2015-ci ildə Nobel ədəbiyyat mükafatına layiq görüldü, bundan sonra onun "Müharibənin qadın üzü yoxdur” əsəri Azərbaycanda da çox populyarlaşdı, xeyli oxucu topladı. Aleksiyeviç İkinci Dünya Müharibəsində iştirak etmiş qadınlarla söhbətləşmiş, onların danışdıqlarını elə olduğu kimi də vermişdi. Çox dəhşətli hekayələr vardı o kitabda. Şəxsən məni üç-dörd hekayə çox təsirləndirmişdi. Mütləq oxuyun o kitabı, siz də təsirlənəcəksiniz. 

"Köhnə çamadanlar” filmində də müharibənin qadın üzü göstərilir. Filmin senari müəllifi Sevda Sultanova da müharibənin ən ağır tərəfini görmüş xanımlardandır, qardaşı birinci Qarabağ savaşında şəhid olub.  Müharibə travmasını ən ağır şəkildə yaşayan xanımları məhz buna görə elə ən yaxşı Sevda anlayar, başa düşər. 

Onu da qeyd edək ki, Sevda xanım "Azərbaycan kinosunda qadın obrazı” adlı araşdırmanın müəllifidir. Gəldiyi qənaət isə bundan ibarətdir ki, Azərbaycan kinosunda qadın mövzusu az yer tutur, əksinə, kişi qəhrəmanlar, onların problemləri, dünyası, baxış bucaqları üstünlük təşkil edir: "Qəhrəmanı qadın olan, onların problemlərini araşdıran filmlərin sayı məhduddur və qadınlar əksər hallarda ikinci dərəcəli obrazlarda təsvir olunurlar”. 

Məsələyə bu-nöqteyi nəzərdən yanaşsaq, "Köhnə çamadanlar” qəhrəmanı ümumilikdə qadınlar olan bəlkə də ilk filmdir. 

Filmdə qardaşı şəhid olan, elə bu səbəbdən atası-anasını, ümumilikdə bütün ailə üzvlərini itirən, əsirlikdə ən ağlagəlməz işgəncələrə məruz qalan, döyüşlərdə aktiv şəkildə iştirak edən qadınlar var. Ən ağır məqamlarda belə xanımlığını itirməyən qadınlar: Düşməni öldürən, amma yenə də bir insan öldürdüyünə görə pis olan, təəssüflənən qadın. Həyatın qənimət olduğu bir vaxtda ana yadigarı sırğasını itirdiyinə görə yanıb-tökülən xanım. Övladı üçün hər cür fədakarlıq etməyə, əsirlikdə olsa da, ermənini didməyə hazır olan, bunun üçün cəhd edən qadın. Bax belə, dəhşətli və qəribə insan taleləri var bu filmdə. Dəhşətlisi həm odur ki, bu film real hadisələr əsasında çəkilib, gördüyümüz bu vəhşət həqiqətən də baş verib. 

Filmin yaradıcı heyəti real hadisələri ekrana gətirməyi bacarıb. Buna görə, onlara təşəkkür düşür, əlbəttə. Bəzi aktyorların həddindən artıq "canfəşanlığı” olmasa, hər şey daha da yaxşı ola bilərdi. Bir məqamı da qeyd etməsək olmaz: demək, son illərdə uşaq rolları ilə bağlı problem var. Və bu, müxtəlif səviyyələrdə dilə gətirilir. Ancaq bu filmdəki uşaqlar öz rollarının öhdəsindən məharətlə gəlirdilər. Bu isə birbaşa filmin rejissoru Səidə Haqverdiyanın əməyinin nəticəsidir. Məsələ ondadır ki, Səidə xanım "Oyuq" teatr studiyasının rəhbəridir və burada balaca aktyorlar yetişdirilir. Böyük aktyor olsunlar, inşallah. 

Bu qədər vəhşət, dəhşətə baxmayaraq, film nikbin notda bitir. Xanımlardan biri deyir: "Mən bütün bunları sizə ona görə danışdım ki, artıq oğlum qisasımızı alıb, söz vermişdim, qisas alınmayınca danışmayacam”. Amma bundan sonrakı zəfər görüntüləri də adamın üzərindəki ağırlığı tam götürə bilmir. Qadınların yaşadığı o faciələri unutmaq çətindir və əslində olmaz da. 

Hə, lap yaddımdan çıxmışdı. Filmdə sözün müstəqim mənasında köhnə çamadan yoxdur. Əzab verən xatirələr var xəyali çamadanın içində. Müəlliflər o çamadanları açmağa cəhd edib, məncə tam olmasa da, hər halda məqsədlərinə nail olublar. 

Ümumilikdə "Köhnə çamadanlar” 44 günlük müharibədən sonra çəkilmiş ən peşəkar filmdir. Davamlı olsun. 

Bir söz də deyim, söhbəti yekunlaşdıraq. Davalı filmlər vacibdir, bu heç. Amma müxtəlif çaplı silahlar, raketlər, tanklar, toplar olmayan müharibə filmləri çəkmək də böyük ustalıq, peşəkarlıq tələb edir. Sovet vaxtı bizdə belə filmlər olub və indiyədək, ola bilsin bundan illər sonra da ən yaxşı filmlərimiz sayılacaq: "Şərikli çörək”, "Bizim Cəbiş müəllim”, "Tütək səsi”. Ümid edək ki, bu yanaşmaya, bu baxışa yenidən ehtiyac duyulacaq.