"Ermənistanın müxalif bloku təmsilçisinin açıqlaması ölkə daxilində vəziyyəti gərginləşdirməyə hesablanmış addımdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan parlamentinin "Hayastan” blokundan olan deputatı Artur Qaziyanın Gorus-Qafan yolunun bir hissəsinə Azərbaycanın nəzarət etməsini gizli sövdələşmənin nəticəsi kimi dəyərləndirməsinə münasibət bildirərkən deyib:
"Gorus-Qafan yolunun əhəmiyyətli bir hissəsinə Azərbaycan nəzarət edir. Bu mənada Ermənistanda müxalifətdən olan bəzi deputatların həmin yola Azərbaycanın nəzarət etməsini İrəvanla Bakı arasında gizli sövdələşmənin nəticəsi kimi dəyərləndirməsi əslində düşmən ölkədə daxili vəziyyəti gərginləşdirməyə hesablanıb. Bu açıqlama onu göstərir ki, müxalif qüvvələr hər fürsətdən istifadə edib, ölkədə qarşıdurma yaratmağa çalışır. Köçəryanla Sarkisyanın rəhbərlik etdikləri müxalif partiyalar Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çalışır. Onlar hətta iddia edir ki, mövcud parlament uzun müddət davam etməyəcək, cəmi il yarımlıq ömrü var. Belədə kiçik detaldan sui-istifadə edərək, müxaliflər hər fürsətdən Paşinyanın nüfuzunu azaltmaq üçün yararlanmağa çalışır”.
Politoloq bildirir ki, yaxın zamanda erməni müxalifəti mitinqlərə start verməyə çalışır. Ona görə də bu sayaq əsası olmayan dezinformasiyaları gündəmə atmaqla daha çox əhalini Paşinyan əleyhinə qaldırmağı hədəfləyiblər:
"Amma onların bu cəhdləri əbəsdir. Paşinyan özünü onlara nisbətən daha təcrübəli siyasətçi kimi göstərə bilib. O, Azərbaycan və Ermənistanla münasibətləri yaxşılaşdırmağı ölkəsi üçün vacib çıxış yolu kimi dəyərləndirir. Bu amilin özü də müxalifləri və onun havadarlarını qıcıqlandırır. Paşinyanın atdığı addımların erməni cəmiyyətində daha geniş rezonans doğurması fonunda, ona müxalif qüvvələrin belə dezinformasiyaları daha da artıracaqları gözlənilən idi. Erməni müxalifəti yaxın bir ay ərzində ölkədə növbəti mitinqlərə start vermək istəyir. Həmin aksiyaya daha çox insanları cəlb etmək üçün də ara-sıra bu sayaq saxta məlumatları gündəmə atırlar”.
Rüfət Sultan
Şərhlər