Ölkə 12:26 24.11.2020

Ermənilərin "Azərbaycan əsgəri" kabusu

Ağır məğlubiyyətdən hələ də özünə gələ bilməyən Ermənistan və onu himayə edən qüvvələr Azərbaycanın hərbi qələbəsini qaralamağa cəhdlər göstərməyə başlayıblar.

Ermənistan mediası Azərbaycan ordusunun alınmaz qala hesab olunan Şuşa şəhərini azad etməsini heç cür həzm edə bilmir. Buna görə də ermənilər  "Şuşada döyüş olmayıb", "Şuşa satılıb" və s. bu kimi kampaniyalar keçirir. Bu kimi kampaniyaları məğlub olan ölkədə daxili siyasi mübarizə vasitəsi də saya bilərik. Amma erməni mediasının bütün spektrlərdə Azərbaycan ordusunun hərbi uğurlarını davamlı olaraq qaralaması, məqsədin uzağa gedən nəticələrə hesablandığını deməyə əsas verir. 

Başqa tərəfdən isə erməni tərəfi məğlubiyyətlərinə bəraət qazandırmaq üçün erməni ictimaiyyətində Azərbaycan əsgərinə deyil, hansısa xəyali koalisiyaya məğlub olduqları təəssüratını yaratmağa çalışır. Rusiyanın və Avropanın bəzi media qurumları da ermənilərin xəstə təxəyyülünün məhsulu olan bu fikirləri tirajlamağa çalışırlar.

Fakt isə budur ki, 44 günlük döyüşlərdə qazanılan hərbi uğurlarda əsas həlledici amil Azərbaycan əsgəri olub. Erməni rəsmilərinin etiraflarından da məlum olur ki, son döyüşlərdə  Azərbaycan əsgəri mümkün və mümkün olmayan bütün şücaətləri göstərib.  

Vətənin hər qarış torpağını azad etmək üçün ölməyi gözə alan əsgərimiz, NATO zabitlərinin dediyi kimi, XXI əsrin müharibəsini etməklə yanaşı, orta əsrlərin də savaşını aparıb. Təkcə Şuşa şəhərinin azad olunması ilə bağlı xarici medianın yaydığı məlumatlardan görünür ki, yüngül atıcı silahlarla hücuma keçən milli ordumuz düşmən qüvvələrini əsasən bıçaq və tapançalarla zərərsizləşdirməyi bacarıb. Həmçinin, döyüşü idarə edən zabitlərimizin manevrləri də Ermənistanın "yenilməz ordusu” üçün gözlənilməz olub. Beləcə, Rusiya ordusunun, eləcə də terrorçu qruplaşmaların ənənəvi döyüş usullarından istifadə edən ermənilərin illərlə qurduqları müdafiə sədlərini Azərbaycan ordusu müasir savaş texnologiyaları ilə məhv etməyi bacardı. Bu inanılmaz hərbi uğurlarda son sözü Azərbaycan əsgəri deyirdi. Ən müasir raket və mərmilərin dağıda bilmədiyi erməni postlarını ordumuz canlı qüvvələri ilə ələ keçirə bildi. 

Bununla belə, son döyüşlərdə Azərbaycanın qazandığı hərbi nailiyyətlərdə aldığımız müasir texnikaların da rolu az olmayıb. Amma bu, Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlara kölgə sala bilməz. Əsas həlledici döyüşlərin dronların işləmədiyi dağlıq zonada getdiyini nəzərə alsaq, Azərbaycan əsgərinin nə qədər böyük bir qələbə qazandığının fərqində olarıq. Ermənilər dildə nə desələr də, yaxşı bilirlər ki, Azərbaycan əsgərinin döyüş əzmi və qalibiyyət ruhu həmişə onlar üçün qorxulu bir kabus olacaq...

Bu baxımdan 44 günlük döyüşlərdə Azərbaycan cəmiyyətinin düşməni şoka salacaq səviyyədə göstərdiyi həmrəyliyi qoruyub saxlamaq və ordumuzun qalib ruhunun həmişə yüksək olmasına çalışmaq lazımdır. 

Ən böyük əsgər - bizim əsgər!

Aydın
Qaynarinfo