Xəbər lenti

Ermənistanda “zəlzələ”: Paşinyan iki gündür ölkəni silkələyir (ŞƏRH)
Siyasət 17:04 30.11.2020

Ermənistanda “zəlzələ”: Paşinyan iki gündür ölkəni silkələyir (ŞƏRH)

Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı son açıqladığı məlumatlar düşmən ölkədə şok effekt yaradıb. 

Erməni siyasətçilər - Levon Ter-Petrosyandan tutmuş Robert Köçəryana qədər Ermənistandakı rəngarənig siyasi spektrin bütün nümayəndələri Paşinyanın yalan danışdığını bildiriblər. Onların sözlərinə görə, Paşinyan ağır məğlubiyyət yükündən qurtulmaq, o cümlədən özünü və ailəsini xilas etmək üçün yalan uydurmaqda davam edir. 

Paşinyanın son yazdıqlarını Qaynarinfo üçün şərh edən politoloq Natiq Miri hesab edir ki, Ermənistan baş nazirinin son etiraflarında həqiqət yükü çox böyükdür: 
 
 

"Çünki bu prosesdə Paşinyan tək iştirak etməyib. Danışıqlarda Rusiya və Azərbaycan Prezidentləri iştirak ediblər. Ona görə bu cür məsələləri Facebook üzərindən etiraf etmək Paşinyan üçün müəyyən risklər yarada bilərdi. Ən azından qarşı tərəf bunların yalan olduğunu mətbuat və ya başqa vasitə ilə ortalığa qoymaqla Paşinyanı çətin duruma sala bilərdi. Ona görə düşünürəm ki, bu məsələlərin böyük əksəriyyəti həqiqət yükü daşıyır. Burada, açığı, hər hansı bir şişirtmədən söhbət getmir. Sadəcə orada bir məqam var: Guya Şuşanın qaytarılmaması məsələsinin ermənilər üçün nə qədər mənəvi və simvolik məna daşıması ilə bağlı Paşinyanın fikirlərini Putinin qəbul etməsi. Fikrimcə, bu məsələnin həqiqət yükü o qədər çox deyil. Niyə? Çünki Putin Şuşanın bir Azərbaycan şəhəri olduğunu və Şuşa əhalisinin 90 faizindən çoxunun məhz azərbaycanlıların olduğunu bilməmiş deyil. Həm də Şuşa şəhərinin Azərbaycan üçün nə qədər böyük mənəvi yükünün olduğunu da Rusiya prezidenti bilməmiş deyil. Mənə elə gəlir ki, təkcə bu məqamdan başqa Paşiyanın yazdığı bütün məsələlərin hamısı doğrudur. Sadəcə, erməni siyasətçiləri bundan Paşinyana qarşı istifadə etmək istəyir. Çünki baş verən proseslərdə Paşinyanı ciddi mənada günahlandıracaq məqamlar yoxdur. Paşinyan həqiqətən də etiraf edir ki, Şuşanın verilməsi ilə hec cür razı ola bilməzdi. Çünki erməni ictimai fikri bunu qəbul etmir. Hətta doğru olsa və məğlubiyyət qarşısında aciz olsalar da, erməni ictimai rəyi indiki məğlub durumda belə bunu qəbul etmir. Bu baxımdan Paşinyanın fikirlərindən ona qarşı istifadə etmək istəyən siyasətçilər qərəzlidir. Onların dedikləri sadəcə olaraq Paşinyanın hakimiyyətdən getməsi üçündür. Bir məsələni də erməni ictimaiyyəti unutmamalıdır ki, Paşinyanın yerinə gələcək istənilən siyasətçi və siyasi güc mərkəzi bunun alternativini ortaya qoymayıb. Yəni erməniləri işıqlı gələcəyə daşıya biləcək hər hansı bir siyasi proqram, alternativ ortada mövcud deyil. Sadəcə yenə də ermənilərin hisləri ilə yalançı şəkildə oynamaqla Paşinyan hakimiyyətini istefaya göndərmək və özləri hakimiyyətə gəlmək istəyirlər. Məsələnin mahiyyəti budur”. 
Qeyd edək ki, Nikol Paşinyan iki gündür ardıcıl olaraq "Facebook” səhifəsində müharibənin gedişində baş verənlərlə bağlı statuslar paylaşır. Paşinyan  statuslarında Madrid prinsiplərini önə çəkərək ondan əvvəlki hakimiyyətləri də indiki vəziyyətə görə günahlandırıb: 

"… 2007-ci ildə "Madrid prinsipləri"ndə nəzərdə tutulmuşdu ki, Şuşada yaşayış 1988-ci ildəki kimi olsun. Yəni həmin vaxt Şuşa əhalisi hansı nisbətdə idisə yenə elə olsun”.

Paşinyan bildirir ki, hazırda məsələ 2007-ci ildə erməni tərəfinin danışıqlar üçün əsas kimi qəbul etdiyi "Madrid prinsipləri" ilə də həll olunur: "Açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağ əhalisi 1988-ci ildəki kimi olmalıdır. Başqa sözlə, Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olmalıdır”.

Paşinyan Dağlıq Qarabağda müharibəni dayandırmaq prosesindən də söz açıb.

Onun sözlərinə görə, Qarabağ separatçılarının lideri Araik Arutyunyan oktyabrın 19-da ona müharibəni dayandırmağın vacibliyini deyib: "Bildirdi ki, bu, təkcə özünün deyil, Qarabağın əvvəlki prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, eləcə də Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sakisyan və Levon Ter-Petrosyanın da istəyidir”.

Paşinyan deyib ki, bundan sonra o, Rusiya Prezidenti Vladimir Putinlə danışıb, ona vəziyyət barədə məlumat verib: "Putin dedi ki, bu, Rusiyanın təkliflərinin məntiqi əsasında edilməlidir. Yəni status məsələsini təxirə salmaq, rayonları təhvil vermək və rus sülhməramlıları yerləşdirmək. Danışdıq ki, mən bir də müzakirələrdən sonra zəng edim”.

Nokil Paşinyan bildirib ki, sonra o, Araik Arutyunyana zəng edib. Putinlə danışdığını və mümkün variantın nə olduğunu izah edib: "O, təklifə razılaşdı. Sonra parlamentdən kənar qüvvələrə də bu haqda informasiya verib, daha sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda parlament fraksiyalarının təmsilçiləri, prezident, katolikos da iştirak edib. Müxalifətçilər xəbəri narazılıqla qarşılayıb. Mən dedim ki, onların üzərinə hansısa məsuliyyət qoymaq istəmirəm. Sadəcə, onlara informasiya verirəm ki, elə çıxmasın, nəyisə gizli, xalqın arxasından edirəm”.

Nikol Paşinyan deyir ki, bundan sonra Vladimir Putinə zəng edərək onunla razı olduğunu söyləyib: "Putin bildirdi ki, məsələni səhərə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək, sonra onunla danışacaq”.

Paşinyanın dediyinə görə, bundan bir gün sonra Bako Saakyan və Arkadi Qukasyan onunla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər: "Bu, artıq mənə vacib deyildi. Çünki qərar vermişdim və işi başa çatdırmaq fikrindəydim”.

Paşinyanın sözlərinə görə, növbəti gün Rusiya Prezidenti ona zəng edib və İlham Əliyevin razılığını aldığını söyləyib.

Bildirib ki, əsas şərt sülhməramlılarla bağlıdır. Onları Dağlıq Qarabağ sərhədi boyunca deyil, faktiki təmas xətti boyunca yerləşdirmək istəyir: "Çünki Hadrut və Talış artıq Azərbaycanın nəzarətində idi. Bundan əlavə, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtması öhdəliyini də götürməlidir. Buna görə də atəşkəs alınmadı. Dedim, Hadrut məsələsində razılaşsam belə, Şuşanın Azərbaycana verilməsini təsəvvür etmirəm. Rusiya prezidenti azərbaycanlıların Şuşaya qayıtmasına qarşı çıxmağıma təəccübləndi. Mən arqumentlərimi gətirəndə o dedi ki, məntiqlidir. O, bəzi nüansları bilməyib. Problem ondaydı ki, Şuşada əhalinin 90 faizi azərbaycanlılardan ibarət olacaqdı. Ən pisi, Stepanakertə (Xankəndi) gedən yola nəzarət olunacaqdı”, – Paşinyan belə yazıb.

Paşinyan deyib ki, o, əmin idi, Şuşanı təhvil verməyə razılıq versəydi, Azərbaycan bu dəfə qarşısına yeni bir şərt qoyacaqdı: "Bu da Qırmızı Bazar-Şuşa magistral yoluna nəzarət etmək istəyi olacaqdı. Beləliklə, mən razılığa gəlmədim. O zaman artıq Cəbrayıl, Füzuli şəhərləri, Hadrut qəsəbəsi və bir neçə kəndi itirmişdik. Və daha öncə razılığa gəlinən iki atəşkəs də işə yaramamışdı (10 və 17 oktyabr atəşkəsləri)".

Paşinyan vurğulayıb ki, oktyabrın 20-də Qarabağ separatçılarının ikinci və üçüncü rəhbəri Arkadi Qukasyan və Bako Saakyan Ermənistan və "Artsax”ın hazırkı və keçmiş liderlərinin görüşünün təşkil edilməsini təklif ediblər: "Bir az müzakirə etdikdən sonra razılaşdım. Arkadi Qukasyan və Bako Saakyan görüşümüzdə fikrə bir incəlik əlavə olunduğunu söylədilər. "Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvaya getmək, orada yüksək səviyyəli görüşlər keçirmək istəyirlər və görüşümüz geri qayıtdıqdan sonra təşkil ediləcək”, - dedilər. Bir növ məlumat toplayacaq, vəziyyətin daha məlumatlı müzakirəsini təşkil edəcəkdilər”.

Paşinyan fikrə qarşı olmadığını deyib. Hətta onlara dövlət təyyarəsi təyin edəcəyini söyləyib: "Onlar Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinə vasitəçilik etməyimin lazım olduğunu söylədilər. Dedim, Rusiya prezidenti ilə daim əlaqə saxlayıram. Bəzi günlər beş-altı dəfə... İndi məndən soruşsa ki, mənə birbaşa deyə bilmədiyiniz və xüsusi elçilər vasitəsi ilə bildirmək istədiyiniz nədir, ona nə deyim? Başqa bir seçim təklif etdim. Ter-Petrosyan və Köçəryan keçmiş prezidentlər olaraq Moskvaya rəsmi səfər edəcəklər və burada həm Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan keçmiş Rusiya Prezidenti Dmitri Medvedevin qonağı olacaqlar. Arkadi Qukasyan və Bako Saakyan, Ter-Petrosyan və Koçaryanla bu variantı müzakirə edəcəyini vəd edərək getdilər. Təklif etdiyim versiyanın Koçaryan üçün maraqlı olmadığı ortaya çıxdı. Bako Saakyan gözlənilmədən mənə Ter-Petrosyan və Koçaryanın Sergey Lavrovla görüşmək barədə razılığa gəldiklərini bildirdi”.

Paşinyan deyir ki, gedə bilməsi üçün işi məhkəmədə olan Koçaryanın pasportunun özünə verilməsini tapşırıb. Məhkəmə pasportu qaytarıb. Ancaq Ter-Petrosyan və Koçaryan Moskvaya getməyiblər. Həmin vaxt Koçaryanın koronavirus testinin pozitiv çıxdığı və buna görə Moskvaya getməsinin mümkün olmadığı açıqlanmışdı.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->