Siyasət 12:00 28.07.2021

Ermənistanın təxribatları davam edir: Səbrimiz hara qədərdir? - Deputat

"Nəticə çıxararaq təxribatları dayandırmasalar, səbrimiz uzun müddət davam etməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan tərəfinin təxribat törətməkdə davam edərək, növbəti dəfə Kəlbəcəri atəşə tutması və bu zaman iki hərbçimizin yaralanmasına münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, anoloji hərəkətləri davam etdirəcəkləri təqdirdə, Ermənistan tezliklə onun ağır nəticələrini dadmalı olacaq:   

"Görünən odur ki, Ermənistan hələ də özünün fantastik xülyalarından əl çəkmir. "Böyük Ermənistan”, Azərbaycan torpaqlarının Ermənistana məxsus olması kimi saxta iddialar hələ də erməni cəmiyyətinin əsas hissəsində, ilk növbədə hakim dairələrinin düşüncəsində kök salmaqda davam edir. 44 günlük müharibədə sarsıdıcı zərbələr almalarına baxmayaraq, hələ də Ermənistan beynəlxalq hüquqdan kənar hərəkət etməyə üstünlük verir. Ermənilər anlamalıdır ki, bu təxribatlar ilk növbədə onların özlərinə böyük ziyan vurur”. 

A.Mirzəzadə bildirib ki, İrəvan təxribatları davam etdirsə, heç bir ölkə onun hərbi xərcləri və siyasi təxribatlarını ödəmək fikrində olmayacaq:

"Hesab edirəm ki, Ermənistan ilk növbədə belə təxribat hərəkətlərinin nəyə gətirib çıxaracağının fərqində olmalıdır. Azərbaycan beynəlxalq hüquq və səbr momentlərini maksimum nümayiş etdirməyə çalışır və səbrimiz uzun müddət davam etməyəcək. Ancaq təxribatları dayandırmasalar, nəticə çıxarmasalar, Azərbaycan müəyyən səbr dövründən sonra Ermənistana ağır cavab verəcək. Davam edən bu təxribatların ağır nəticələrini sabah Ermənistan özü dadmalı olacaq. Bu isə Ermənistanın onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq”.

Rüfət Sultan