Ekonomiks 13:11 01.12.2021

"Ermənistanın tranzit əhəmiyyəti olmayacaq, çox şey gözləməyin" - Erməni ekspert

Erməni iqtisadçı ekspert, iqtisadi araşdırmalar bürosunun rəhbəri Suren Parsyan son vaxtlar Ermənistanda infilyasiyanın kəskin artması, Ermənistan-İran iqtisadi əlaqələri, eləcə də Ermənistan Respublikasının beynəlxalq tranzit marşrutları barədə danışıb.

Qaynarinfo yerli mətbuata əsasən ekspertin fikirlərini təqdim edir:

"Rəsmi statistikaya görə, bu ilin yanvar-oktyabr ayları müddətində inflyasiyanın səviyyəsi 6,9% təşkil edib, bu müddət ərzində yalnız ərzaq məhsulları 10% bahalaşıb, bir sıra ilkin tələbat mallarının ikirəqəmli inflyasiyası xüsusilə narahatlıq doğurur. Ölkəmizdə bu il ərzində pensiyalar əvvəlki səviyyədə qalıb, orta nominal əmək haqqı inflyasiya səviyyəsindən az artıb. Bu şəraitdə deyə bilərik ki, cəmiyyət getdikcə yoxsullaşır, sosial problemlər daha da ağırlaşır. Kənd təsərrüfatı üçün yanacaq və gübrələr bahalaşıb, aşağı məhsuldarlıq səbəbindən, iqtisadiyyat sürətli inflyasiyaya gətirib çıxarıb. Amma digər tərəfdən, inflyasiya xarici amillərlə bağlı deyil, halbuki indiki hakimiyyət xaricdə qiymətlərin qalxmasını təkrarlamağı xoşlayır.

İnflyasiya bizim daxili amillərlə bağlıdır. Yəni İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı proqramlarını iflasa uğratdı, nəticədə istehsal həcmi azaldı, bu da inflyasiyaya səbəb oldu. Əgər ehtiyacımız olan kənd təsərrüfatı məhsullarını yerində istehsal etsəydik, inflyasiyanın səviyyəsi bu qədər böyük olmazdı. Əgər daha yüksək inflyasiyadan qaçmaq istəyiriksə, gələn il üçün kənd təsərrüfatı siyasətimizə yenidən baxmalıyıq.

Ölkədə yanacaq bazarı yüksək inhisarçılığı ilə seçilir. Burada əvvəllər iki müəssisə var idi, indi üçüncü müəssisə yaranıb, bu da indiki hakimiyyətin apardığı siyasələ bağlıdır. Hakimiyyət eyni qiymət siyasətini davam etdirir. Deyim ki, biz əsasən Rusiyadan benzin və dizel yanacağını idxal edirik, son illər isə  İrandan çox az miqdarda dizel yanacağı idxal etmişik.

Onu da deyim ki, bu idxalın həcmi bazara o qədər də böyük təsir göstərmir (5%-dən çox deyil) və son vaxtlar İrandan gələn yanacağın həcminin azalması bir sıra amillərlə şərtlənir. Birincisi, təhlükəsizlik faktoru ilə və Zəngəzur bölgəsinin yükdaşımaları üçün riskli bölgəyə çevrilməsi ilə bağlıdır.

Digər səbəb isə bazarda İran yanacağının qiymətinin qalxmasıdır. Əslində iqtisadi və təhlükəsizlik problemlərinə görə İrandan idxalın həcmi dayanıb, lakin bu, iqtisadiyyatımıza təsir edə bilməz.

Ermənistan kommunikasiyaların açılması ideyasına qarşı ola bilməzdi, yəni həm Ermənistan, həm də region ölkələrinin birbaşa yükdaşıma imkanları olmalıdır. Problem başqadır ki, erməni tərəfi yolların və infrastrukturun blokdan çıxarılmasını nəzərdə tutur, məsələn, Gürcüstan yüklərinin Ermənistana, buradan isə İrana necə daxil olmasını nəzərdə tutur.

Yəni bu məntiqdə Ermənistan blokadanı kommunikasiyaların açılması ilə bağlayır, Azərbaycan isə dəhliz ideyasını, Ermənistanın həmin yollara heç bir nəzarəti olmamasını. 

Aydındır ki, bu, Azərbaycan üçün böyük iqtisadi effekt verə biləcək lahiyə deyil, ona görə də Azərbaycanın tələbi siyasi xarakter daşıyır. Onlar bununla Zəngəzur bölgəsinə daxil olduqlarını göstərmək istəyirlər.

İran heç vaxt yükünü Ermənistan vasitəsilə Türkiyəyə ötürməyəcək. Onlar Ermənistan dəmir yolundan daha sürətli olan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edirlər. Azərbaycandan fərqli olaraq, Ermənistan üçün blokadanın açılması mümkündür, çünki Rusiyaya ixrac əsasən Lars vasitəsilə həyata keçirilir, o, vaxtaşırı bağlana bilər. Biz Azərbaycan ərazisindən alternativ yol kimi istifadə edə bilərik və yüklərin dəmir yolu ilə daşınması bizim üçün təbii ki, üstünlük verilən variantdır, lakin burada yüklərin daşınması vaxt və xərc tələb edir.

Azərbaycanın yük maşınının öz ərazimizdən keçməsinə icazə verə bilərik, amma bu o demək deyil ki, Azərbaycan mallarının Ermənistanda satışına icazə verməliyik. Bir tərəfdən Ermənistanın tranzit ölkəyə çevriləcəyini söyləməməliyik, çünki artıq Azərbaycan-Türkiyə, şərq-qərb yükləri işləyir və onlar yeni çəkilən Mastara-Rəş dəmir yolu ilə şimaldan cənuba yük daşıya bilirlər. Biz ondan idxalımızı həyata keçirmək üçün istifadə edə bilərik, lakin Ermənistanın tranzit əhəmiyyəti olmayacaq. Bundan çox şey gözləməyin. Biz şimal-cənub, şərq-qərb lahiyəsindən kənarda qalmışıq. İqtisadi baxımdan Ermənistan ərazisindən yükdaşımaları həyata keçirmək heç kimə sərfəli deyil.

Meğri azad iqtisadi zonasının kağız üzərində layihə olduğunu söyləmək olar, çünki o zona bu günə kimi fəaliyyət göstərmir və rəqabət imkanları yoxdur.

Dəhliz isə, əslində, ölkəmizin təhlükəsizliyinin problemidir. Bu, iqtisadi deyil, daha çox siyasidir. Burada Naxçıvan qalib gələ bilər, çünki Naxçıvan-Azərbaycan əlaqəsi ən qısa müddətdə qurulacaq.

Yenə deyirəm, problem yolların açılmasında deyil. Problem ondadır ki, Ermənistan gərək bu yollar üzərində suveren hüququnu qoruyub saxlaya və Ermənistana daxil olan yüklərə nəzarət edə bilə. Əks halda Azərbaycan bu yolla təhlükəli yüklər daşıya bilər".

Telman