Siyasət 16:25 01.10.2020

Etnik təmizləmə aparanlardan gülünc iddia: cəbhədə uduzan ermənilər ölkəmizdə milli ədavət yaratmağa cəhd edirlər

Sentyabrın 27-də Ermənistanın ölkəmizə növbəti hücumu ilə başlayan və hələ də davam edən döyüşlərdə ağır itkilərə məruz qalan işğalçı dövlət indi də başqa bir yola əl atır: Azərbaycanda yaşayan milli azlıqlar arasında süni olaraq ədavət yaratmaq niyyətindədir.

Dezinformasiya və yalan emal edən erməni təbliğat maşını gündəmə "yeni mövzu” atıb: Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini guya ölkəmizdə yaşayan milli azlıqlar təşkil edir. 

"MediaPost”un verdiyi xəbərə görə, qondarma, cinayətkar rejimin başçısının mətbuat katibi Vaqram Poqosyan Azərbaycan Ordusunun itkilərinin əksəriyyətini ölkəmizdə yaşayan milli azlıqların təşkil etməsi ilə bağlı iddialarını bu gün keçirilən brifinqdə səsləndirib. Deyib ki, bu "əhəmiyyətli” məlumatı onların kəşfiyyat xidməti verib. Poqosyan bunun qəsdən edildiyini deməkdən də çəkinməyib.

Azərbaycanda milli ədavəti qızışdırmaq, xalqlar arasında nifrət hissi yaratmaq ermənilərin ən böyük arzularından biridir. Özü etnik təmizləmə həyata keçirdiyinə görə hazırda dünyanın ən monoetnik ölkəsi sayılan Ermənistan "milli mənsubiyyət” amilini yenə gündəmə gətirir. Gülməlidir, deyilmi?

Hamımıza məlumdur ki, ermənilər hər zaman bu mövzuya əl atıblar. Bununla biz hələ 90-cı illərdə rastlaşmışdıq. O vaxt, Dağlıq Qarabağ uğrunda ağır döyüşlər getdiyi ərəfədə hiyləgər ermənilər milli zəmində ədavəti qızışdırmaq istəyirdilər. Nəticəsiz qalan səylərini otuz ildir davam etdirirlər. Hazırda gedən müharibədə uğursuzluğa düçar olan düşmən "mübarizəsini” informasiya məkanında davam etdirir ki, bəlkə nəyəsə nail ola.

Qeyd edək ki, bu kimi mövzular Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır. "MediaPost” olaraq, qarşı tərəfin diqqətinə çatdırmaq istəyirik ki, hazırda gedən döyüşlər nəinki çoxmillətli Azərbaycanda yaşayan həmvətənlərimizi, bütün dünya azərbaycanlılarını və türkdilli xalqları birləşdirib. 

Bizdən erməni xalqına məsləhət: "öz gözündə tir görməyən başqasının gözündə çöp axtarır” məsəlini eşitmiş olarsınız. Azərbaycanda sülh içində yaşayanların arasını vurmağa cəhd etməklə sadəcə, vaxt itirirsiniz.