Əvəz Zeynallının “qaralamasındakı” ağ evlər

Əvəz Zeynallının “qaralamasındakı” ağ evlər

Nazlı Ağayeva

Tovuz döyüşlərindən əvvəl yazmışdım yazını. Yoxsa bu ərəfədə öldür məni, başqa mövzuya köklənə bilməzdim. Həyat hər şeyə rəğmən davam edərək bizi yedəyinə alıb məchul gələcəyə aparır. Bir daha doğulmayacaq vətənpərvər, ləyaqətli övladların olmayacağı, onların yerlərinin dolmayacağı əskiklərlə dolu gələcəyə... Və bu əvəzsiz itkilərin yaşandığı zamanın, məkanın çarəsiz, əzabkeş seyrçiliyindən "normala” hərəmiz öz əskiklərimizlə qayıdırıq...

*

Əvəz Zeynallinın "Facebook” səhifəsindəki "qaralama” ev siyahısında adımı görüb qəribə hisslər keçirtdim. O mənada ki, bütün şüurlu həyatım boyu yumru eyvanlı balaca bir evim olsun istəmişdim. Anam da ordan əlini gözlərinin üstünə qoyub dağları, meşələri seyr eləsin. O istəklə təxminən iyirmi beş il kirayələrdə qalandan sonra bizim Alagöz bacı gözəl gözlərini başımıza ölü həşəratlar tökülən JEK köşələrində yumdu. Ondan sonra ev deyilən şey məndən ötrü möhtəşəm anlamını itirdi. Sadəcə, elə o ərəfədə qəzadan şil-küt çıxmış canımı sürümək üçün rahat bir guşə ehtiyacına çevrildi.
 
İllər keçdikcə uzaqlaşıb görünməz olan ümidləri ürəyimdə basdırıb nəinki yaşlanmış şikəst, hətta sağlam, cavan adam üçün dözülməz ağır şəraitlə barışdım. Heyvan kimi çalışıb insani bir ortam əmələ gətirə bilmədiyim qeydiyyat ünvanımda sızıldayan ayaqlarımı ovxalaya-ovxalaya özümü yatırmağa başladım. Günün işgəncəsindən sonra gecənin dincəlməyi ömrümün stimuluna döndü. 

Zəif düşdüyüm nadir zamanlarda həyəcanlanıb bəzi çılğın addımlar atmağım da oldu. Beynimi dağıdacağı ana bağlı qədim, hündür şüşəbənddən qopan ağır şüşə ayağımın üzündə çiliklənəndə və laxlayan pilləkəndən yıxılanda "komfort” ev "kirayələməyim” məsələn...
 
...Birincidə bizim evdən cəmi bir az yaxşı olan iki yüz manatlıq mənzilin kirayəsinin üstündən hələ kommunal, internet ödəmələri peyda olanda "nervilənib” özümə qayıtmışdım. İkinci mənzilin isə kirayə pulunu xəstə bir uşağın ödənişli müalicəsinə düzüb-qoşduğum növbəti vəsaitin üstünə qoydum. Mənim innən belə rahat yaşamağımdansa o uşağın ümumiyyətlə yaşaması daha vacibdir deyə.

İstanbuldan qonaq gəlib həyatımı cüzi olsa da asanlaşdırmaq istəyən türk gəncə bir dostum deyibmiş ki, "onun normal yaşamaq lüksü yoxdur, boş ver banyonu-zadı”. O gənc bilməsə də, xırda bir kəndin ən iri ikimərtəbəli evində doğulub boya-başa çatdığımı dostum yaxşı bilirdi. Hətta ikinci mərtəbədə açıq balkonumuz da vardı, çayın səsinə qulaq asa-asa əlimizi atıb gilas dərirdik. Bunu yazmasam, tövlədə böyüdüyümü düşünəcəklərmi? Bir qadın instinkti deyək...

Bu ilin əvvəlində qapımın ağzına gəlib qayıdan son şansın peşmançılığınımı yaşayıram, yoxsa qürurunumu, bilmirəm. Bildiyim bu barədə düşünməmək qərarımın yavaş-yavaş vərdişə çevrilməyidir. Adamları olmadıqları kimi deyil, olduqları kimi qəbul etmək rahatlıq gətirir. Mən sakit beyinlə sözügedən yaşayış yerində bəzi dəyişikliklər edərək müsbət nəticələr almışam. Özümə iki yataq açmaq kimi.

Gündüzdən əyər bir damcı halım qalıbsa, təxminən on üç-on dörd saatlıq işgəncədən çıxmış ayaqlarımı duzlu, sodalı suya qoyuram. Bundan ötrü əvvəl böyük ləyəni evə gətirmək, su isitmək lazımdır. Sonra böyük ləyəndən suyu balaca ləyənə töküb bir neçə dəfəyə atmaq var. Yoxsa bu bəxt ki məndədi, mütləq gecə-gecə o ləyənə ilişib başıma təzə bəla açasıyam. Bunları gözə alıb ayaq əməliyyatını başa vurduğum gecələr ağappaq yataqda yatıram. Prosesə gücüm çatmayanda boyat, "işçi” ayaqlarla tünd adyallı yatağın arasına girib səhəri açıram. Belədə əllə yuyulan dəyişəklər xeyli vaxt təmiz qalır. Özüm də yaradıcılığımdan zövq alıram. (Avtomat paltaryuyan almaq olar, amma onu qoymağa münasib yer yoxdu). Bugünkü mövzum şəraitsizliklə mübarizə üsulları deyil. Yoxsa ki, allahın verdiyindın xeyli başqa ideyalarım da var.

Əvəzin "qaralamasına” namizədliyimi heç dostluğumda olmayan bir gənc irəli sürübmüş. Adım çəkiləndə gördüm. Siyahının sonrasından xəbərim olmadı. Diqqət, sayğı göstərən hər kim və kimlərdirsə şərəf veriblər. "Jurnalist evi” layihəsinə heç vaxt iddialı olmamışam. Durduq yerə çağırıb təklif etməyəcəklərini də bilirəm. Belə bir möcüzə baş versə, nə edəcəyimi də.

Məsləhət kimi çıxmasın, siyahıdan əvvəl və sonra cılızlaşmağa, çirkinləşməyə qədər enən hallardan uzaq olun. O divarlar nə qədər vacib olsalar belə, özünüzdən, sözünüzdən dəyərli ola bilməz. Çəkimdən ağır həyat şərtlərini daşıyan zəif biri olaraq hətta mən gülümsəməyi bacarıramsa, siz bu sərsəm dünyanı heç ciddiyə almayın. Buna dəymədiyinin dəfələrlə iştirakçısı və şahidi olmuşuq...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR