Hüseynbala Səlimov
Biz azərbaycanlılarda belə deyim var: acı bağırsaq kimi uzanmaq. Mənim bəhs etmək istədiyim məsələ də belə oldu: təxminən ötən ilin oktyabr-noyabır aylarında başladı, hələ də davam edir.
Ortada erməni söhbəti olmasaydı Sizi inandırıram ki, bu məsələ heç yuxumuza da girməzdi: cəhənnəm olsun KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) də, lap onun baş katibi də, o qədər dərdimiz-sərimiz var ki...
Amma bayaq ərz elədim ki, arada erməni məsələsi var, odur ki, diqqətdə saxlamağa məcburuq.
Yox, heç narahat olmayın, prosesin bütün detallarını sadalayıb izafi vaxtınızı almaq fikrimiz yoxdur, çünki biz də azərbaycanlıyıq və yaxşı bilirik ki, gözəl ölkəmizdə bir qrup avara ziyalını çıxmaq şərtilə vaxt hamı üçün qızıldır – puldur. O bir qrup ziyalı da ona görə boş -bekardır ki, sadə bir həqiqəti hələ də əxz eləməyiblər: harada olursansa ol, harada işləyirsən işlə, əvvəlcə öz piştaxtanı qurmalısan və camaat görməlidir ki, kişinin öz stolu, öz ticarəti var.
Qura bildinsə, yaşadın, yox, əgər bacarmadınsa, onda özündən küs. Elə bizim də istirahət günündə, camaatın möhkəm nərd atdığı vaxtda durub KTMT–da kimin baş, kimin boş katib olacağını araşdırmaq istəməyimiz də həmin piştaxta məsələsidir, çünki biri qarpız, digəri isə yarpız satdığı kimi, biz də illərdir ki, söz satırıq...
Qərəz, ötən dekabrdaca Belarus təmsilçisi general S.Zas KTMT ölkələrini gəzərək özünü təqdim edərkən belə təəssürat yaranmışdı ki, erməni generalı Y.Xaçaturovu kimin, hansı ölkənin təmsilçisinin əvəz edəcəyi artıq həll olunmuş məsələdir.
Hətta onda Ermənistanın baş naziri N.Paşinyanın S.Zası qəbul etməməsinə rəğmən yenə də ərz edilirdi ki, məsələ həll olunub və Birlik üzvlərinin növbəti toplantılarının birində adi iş qaydasında özünün formal "tərtibat”ını tapacaqdır.
Amma yox, indilər məlum olur ki, heç də belə deyilmiş– sən demə, erməni generalı Xaçaturovun zadının çevrəsi o qədər böyük imiş ki, ora tez müddətdə, özü də bu cür asanlıqla başqa bir adamı, xüsusən də "kiçik qabaritli”, hərbçidən daha çox diplomata və yaxud da professora oxşayan S.Zası (bu adam hərb elmləri namizədidir) əyləşdirmək elə də asan olmayacaqdır.
Bir daha ərz edirik ki, prosesin detallarını sadalayıb izafi vaxt almağın elə bir mənası yoxdur və qısaca deyək ki, duyulanı budur ki, Kreml bir il müddətində bu postu özündə saxlamaq istəyir və sadəcə, məsələni Nikol müəllimlə pərdələyir.
Sözsüz, bunun da səbəbləri var. Ən birincisi, tilov balıq gətirirsə və İrəvanı bununla da bir müddət şirnikləndirmək mümkünsə, niyə Kreml ondan imtina etsin? Üstəlik aydındır ki, İrəvan həm də ona çalışır ki, postu Belarus təmsilçisi tutmasın, çünki həm S.Zasın bioqrafiyasının bəzi detalları (ali hərbi təhsilini deyilənə görə, Azərbaycanda alıb), eləcə də Belarus prezidentinin Azərbaycana daha yaxın olması o, deməkdir ki, ermənilər üçün bu variant heç halda məqbul sayılmaz.
Kreml digər bir elementi də yaxşı hesablayır. Əlbəttə, Bakı üçün də çox yaxşı olardı ki, baş katib S.Zas olsun. Amma bunun olmayacağı, alınmayacağı təqdirdə Bakı üçün daha məqbul variant postu erməninin tutmamasıdır. Kreml buradan da qazanır: İrəvan da yarımrazı qalır, Bakı da və son nəticədə də "üç alma”nın üçü də Kremldə qalır.
Heç sözsüz, burada başqa amillər də var. İl Kreml üçün asan olmayacağını vəd edir. Belə bir vaxtda Moskva özünün hərbi qurumunun rəhbərlyini başqa bir ölkəyə həvalə etmək istəməz, çünki ola bilsin, Rusiya üçün hər hansı bir vacib qərar qəbul etmək lazım gəldi, bu halda Moskva özündən savayı kiməsə etibar edə bilərmi?
Əlbəttə ki, etməz. Həm də il Dağlıq Qarabağ problemi baxımından qeyri-müəyyənliklərlə doludur. Bu məsələ ilə bağlı Kremlin öz hesabı, mizan-tərəzisi var: ruslar istəməz ki, belə mürəkkəb vəziyyətdə KTMT –nın əqrəbi ya İrəvana, ya da Bakıya tərəf əyilsin, o, daha etibarlı əllərdə olmaldır, bu əl isə, heç sözsüz, Kremlin öz əlidir.
Həm də Moskva Minskin özünə belə etibar etmir. Elə dekabrın sonlarında iki ölkə arasında atışma – didişmə yenə də vüsət almışdı və A.Lukaşenko yenə hay-küy salmışdı ki, bəs Rusiya Belarusu özünün əyalətinə çevirmək istəyir!
Ümumiyyətlə, zahirən iki ölkənin əlaqələri çox sıx-sıcaq görünsə də əslində belə deyil, münasibətlər çox mürəkkəbdir və aydın məsələdir ki, Rusiya ilə sıx inteqrasiya prezident A.Lukaşenko üçün sadəcə, hakimiyyət məsələsidir və hakimiyyətdə qalmaq üçün bir instrumentdir.
Amma Moskvanın da məqsədləri var və hər dəfə bu məqsədlərə cəhd edəndə Lukaşenkonun yadına düşür ki, Belarus həm də müstəqil ölkədir!
Odur ki, Moskva Lukaşenkonu da tanıyır və heç bir halda onun əlinə əlavə instrument vermək istəməz. Burada həm də N.Nazarbayev də var ki, o, da KTMT-nın baş katibi postuna Belarus təmsilçisini namizəd kimi görür. Bu iki liderin– Lukaşenkonun da, Nazarbayevin də Bakıya qarşı çox isti münasibəti var və Kreml düşünür ki, tandem onun Cənubi Qafqaz siyasəti üçün problem yarada bilər.
Elə bu səbəbdən demək olar ki, Kreml uğurlu "sıfır variantı”nı tapıbdır: bəli, nə Minsk, nə də İrəvan, əvəzində Moskva...
Necə deyərlər, nə şiş yanır, nə də kabab, lap "O olmasın, bu olsun”dakı kimi: Sərvər də razı qalır, Məşədi İbad da...
Odur lap əvəldə dedim ki, adamın piştaxtası olmalıdır: belə həm təhlükəsiz olur, həm də adamı sayırlar. Bir məsələni qoyub o birinə keçmək olmasın, məsələn, yenə də bir-iki para ziyalını çıxamaq şərtilə, bizim adamlar inflyasiyadan–filandan da qorxmaz, "Nə olsun ki, qiymət qalxır! Mən də filan şeyin qiymətini qaldıraram!” deyərlər və hamı da bilir ki, elə doğrudan da qaldırar, çünki piştaxta sahibidir.
Bilirsiniz, bu siyasət deyilən şey də ticarət kimidir, ticarət də ki, bizim lap dədə -baba sənətimizdir. Odur, qorxusu yoxdur, qoy, Kreml qiymətini oxusun, biz də ona elə qiymət oxuyarıq ki, paytaxtını təzədən Moskvadan Peterburqa dəyişər ki, təki bizdən uzaq olsun...
Şərhlər