Ekonomiks 16:37 27.07.2021

Evlərini kirayə verənlər vergiyə bu şəkildə cəlb edilməlidir - İqtisadçı

"Kriteriyalar müəyyənləşməli, 5 və ya daha çox mənzilini kirayəyə verənləri vergiyə cəlb etməliyik. Özü də bu məsələyə ancaq postpandemiya dövründə baxılmalıdır, indi yox”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli kirayə verilən evlərdən vergilərin tutulması məsələsinin yenidən gündəmə atılması fonunda prosesin necə tənzimlənməsinə aydınlıq gətirərkən deyib. Ekspert onu da vurğulayıb ki, Azərbaycanda evlərin kirayəyə verilməsi hələlik geniş biznes sahəsi kimi özünü təsdiqləməyib: 

"Bu sahədən ciddi gəlir əldə etmək hələlik kütləvi xarakter daşımır. Digər tərəfdən, pandemiya dönəmində əhalinin gəlirləri aşağı düşdüyündən, kirayə evlərin indiki halda vergiyə cəlb edilməsini ciddiləşdirmək düzgün deyil. Bu məsələ zaman-zaman mətbuatın gündəmində olsa da, hökumətin gündəmində olmayıb”. 
A.Nəsirli bildirdi ki, hökumət bu istiqamətdə addım atacaqsa, yalnız çoxsaylı mənzillərini kirayəyə verən, yəni onun biznesilə məşğul olan sahibkarları vergiyə cəlb etmək barədə düşünməlidir: 

"Yəni iki evi olub, onun birini kirayəyə verəni vergiyə cəlb etmək doğru yanaşma olmaz. Onlar yalnız öz şəxsi ailə ehtiyaclarını ödəyirlər”. 

Rüfət Sultan