Amal Abuşov
"Çelsi” ilə Londondakı oyun yadınızdadırmı? "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinin eyforiyasını yaşayırdıq, göyün yeddinci qatındayıq. Bizimkilərin "Çelsi” ilə oyunda da sona qədər mübarizə aparacağına, "Kopenhagen”dən sonra "zadəganlar”ı şoka salacağına inanmışdıq. Reallıq hissini yaxına buraxmır, İngiltərə futbolu ilə özümüzü heç müqayisə də etmirdik.
Artıq 5-ci dəqiqədən etibarən göydən yerə doğru sürətlə enməyə başladıq. 30 və 55-ci dəqiqələrdə daha iki dəfə Şehiç topu tordan çıxardı. 71-ci dəqiqədən sonra baş verənlər isə lap ağlamalı idi. Biz özümüzü, Şehiç qapını, "Qarabağ”ın digər futbolçuları isə meydandakı yerlərini itirmişdilər. "Zadəganlar” isə qola doymaq bilmirdilər. Bir fağır "Qarabağ” tapmışdılar, adı dünyanın futbol xəritəsində lupa ilə də görünməyən Azərbaycanın çempionu.
"Roma” ilə Bakıdakı oyun yadınızdadırmı? Hava dəhşət soyuq, küləkli. Təşkilatçılıq zəif, azarkeşlər narazı. "Qarabağ” da ardıcıl ikinci oyunu məğlub başa vurdu. Özü də meydanda Londonda olduğu kimi, ilk dəqiqələrdən həyacanını boğa bilməyən, rəqibin ad-sanından, oynadıqları turnirin nüfuzundan əziyyət çəkən "köhlən atlar” var idi. Oyundan sonra azarekşlərin evlərinə çatmasında yetərincə ciddi problemlər yaranmışdı. Hər yerdən narazılıq səsləri eşidilirdi. Hətta bundan sonra "Qarabağ”ın qrupu 0 xalla başa vuracağı, qalan iki ev oyununda Bakı Olimpiya Stadionunun boş qalacağı deyilirdi.
Və "Atletiko” ilə Bakıdakı oyunu unutmadığınıza şübhəm yoxdu. Təkcə İspaniyanın deyil, Avropanın ən güclülərindən biriylə 90 dəqiqə başabaş, səhvsiz oynadıq. Dino Ndlovunun yerə yıxılması, hakimin penalti gözlədiyimiz halda ona qırmızı vərəqə göstərməsi də gözümüzün önündədi. Unuda bilmirik. Qələbə qazana bilməsək də, BOS-dan evimizə əsl qaliblər kimi, sinəmizi irəli verərək, gözümüz parıldaya-parıldaya yollanmışdıq. İnamımız, sevgimiz birəbeş artımışdı.
Elə bu cür inamla da Madriddəki cavab oyununa baxdıq. Miçelin mükəmməl zərbəsi, Ramil Şeydayevin meydandakı faydalı iş əmsalı, Pedronun meydandan qovulması "Atletiko” ilə ordakı qarşılaşmanın əsas yaddaqalan epizodlarıdı. İtirdiyimiz inamımız özümüzə qayıtmışdı. Bütün dünya bizdən, Azərbaycan çempionu "Qarabağ”ın fədakarlığından danışırdı. Onları buna məcbur etmişdik.
Nəyi unutsaq da, "Çelsi” ilə dünənki oyunu unutmayacağıq. İlk 19 dəqiqədə Konteni və onun milyonçu futbolçularını, "Çelsi”nin dünyanın dörd bir yanına səpələnmiş fanatlarını qorxutmuşduq. Onlar tezliklə "Qarabağ”ın öldürücü zərbəni vuracağından ehtiyat edirdilər. Olmaya qarşılaşmanın portiqaliyalı Manuel De Souza da qorxubmuş?! Dəqiq söyləməyə çətinlik çəkirəm. Amma Souza bizim üçün ikinci Zelinkaya çevrildi, yetərincə mübahisəli məqamda "Çelsi”ni narazı salmaqdan qorxub, bizi narazı saldı...
Dünən axşam yenə soyuq idi, ara-sıra da yağış yağırdı, yenə "Qarabağ” uduzmuşdu. Amma 70 minə yaxın azarkeş BOS-dan evinə nəqliyyatdan, "Qarabağ”dan narazılıq edə-edə getmirdi. Bu dəfə hədəf Souza seçilmişdi. Çempionlar Liqası bizə çox şey öyrətdi. Həm futbolda, həm də təşkilatçılıqda. Artıq nə "Qarabağ” meydanda nəhəng rəqiblər qarşısında özünü itirir, nə də klub və stadion rəhbərliyi təşkilatçılıq problemlərinin qarşısında aciz qalırlar. Deməli, inkişaf etməyə çalışdıq və bunu bacardıq.
Oyundan sonra evə yollanarkən stadiondan çıxan izdihamın arasında boynunda Azərbaycan bayrağı olan bir azyaşlı oğlan diqqətimi cəlb etdi. Ayaqlarında fiziki qüsuru olduğundan çətinliklə yeriyirdi. Amma yanındakı atasının, yaxud da böyük qardaşının qollarından bərk-bərk yapışmış, inamla addımlamağa çalışırdı. Birdən-birə dirçəldim, məğlubiyyəti də unutdum. Ona çatmaq, bağrıma basmaq istədim.
Bəlkə bu sətirləri oxuyar deyə, axşam ona demək istədiklərimlə yazımı bitirirəm: Ey oğlan, biz qalibik. Elə sənin kimi, başımızı dik tutmuşuq. Böyük qələbələr uzaqda deyil!
Şərhlər