Estoniyalı hücumçu Erik Sorqa mövsüm bitən kimi "Sumqayıt”ın sıralarını tərk etdi. Sorqa ötən mövsüm "Sumqayıt”da forma geyinən çoxsaylı legionerdən biri idi. Öz ölkələrinin pasportlarını daşıyan bu əcnəbilərdən başqa "Sumqayıt”da Mehdi Cənnətov, Murad Xaçayev kimi sonradan "milliləşdirilən” futbolçular çıxış edirdi. Buna baxmayaraq, "Sumqayıt”ın baş məşqçisi Samir Abasov "Qarabağ”a uduzandan sonra legionerlərin maaşından bəhs edir, "köhlən atlar”ın ehtiyat oyunçularının belə bahalı futbolçular olduğuna işarə vururdu.
Sorqa ilə yanaşı Çaddan olan olan hücumçu Kasimir Ninqa da Samir Abasovun sərəncamında idi. Əksər görüşlərdə bu hücumçular meydanda bir-birini əvəzləyirdi. Maraqlıdır ki, "Sumqayıt” çempionatımızın heç də çox qol vurmağı bacaran komandalarından deyildi. Finişə 4-cü sırada çatan "gənclik şəhəri” təmsilçisi mövsüm ərzində rəqib qapılarından 37 qol keçirməyi bacarıb. 36 turdan ibarət mövsümə 37 qol heç də yüksək göstərici sayılmaz, hər qarşılaşmaya cəmi bir qol düşür. Bu göstəriciyə görə hətta mövsümü 9-cu sırada bitirən "Kəpəz” belə "Sumqayıt”ı qabaqlayırdı. Gəncəlilər azarkeşlərini 39 qolla sevindirmişdilər. Elə bütün bunları nəzərə alaraq, martın əvvəlində siz dəyərli oxucularımıza "Ninqa çıxır, Sonqa girir” başlıqlı yazımı təqdim etmişdim. Həmin yazıda "Sumqayıt”dakı legioner bolluğundan, bu bolluğa rəğmən, Samir Abasovun daim şikayətlənməsindən bəhs olunurdu.
Üzgünəm, dostlar. Artıq "Sumqayıt”da nə Sorqa var, nə də Ninqa. Estoniyalı hücumçunun ardından çadlı Ninqa da klubdan ayrılıb. Gedənlər arasında Rusiyadan bəh-bəhlə Azərbaycana gətirilən Kamran Əliyev də var. Onun müqaviləsinə qarşılıqlı anlaşmayla son verilib. Ya Samir Abasov onda axtardığını tapmadı, ya da Riad Rəfiyev. Bütün bunlar bir yana, Azərbaycan Premyer Liqasının yeganə yaponiyalısı Masaki Murata da artıq "Sumqayıt”ın futbolçusu deyil. Ona da göstərdiyi xidmətlərə görə təşəkkür edib, arxasınca su atıblar. Şəxsən mənim üçün yaponiyalı Samir Abasovun "Səbail”lə oyundan sonrakı danlaqlarına tuş gəldiyi görüntüsüylə yadda qaldı. Ayrı vaxt "mən niyə yerli gənclərə A komandasında şans verməliyəm” soruşan Samir bəy 25 yaşlı Murataya elə həvəslə nəyisə başa salırdı ki, heç uşaq məşqçiləri azyaşlılara taktika və texnikanı belə izah etmirlər. Hələ bu harasıdır? Abasov İspaniyadan qayıdan kimi yenə də Muratayla eyni kadrda yer almışdı. Komandanın məşqlərindən çəkilən şəkillərdən birində Samir bəyin yapon futbolçuya nəyisə dərindən başa saldığı görünürdü.
Sorqa getdi, Ninqa getdi, Kamranın müqaviləsinə xitam verildi, Murataya da ehtiyac duyulmadı. Mən deyəndə ki, "Sumqayıt” qarşısında ciddi məqsədlər olmayan, bir qrup adamın, konkret olaraq menecerliklə məşğul olan Riad Rəfiyevin şəxsi maraqlarına xidmət edən klubdu, məni qınayanlar tapılır. Buyurun, cənablar. "Sumqayıt”ın UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edəcəyi oyuna təxminən bir həftə qalıb. Ötən mövsüm az-çox özünü göstərənlər, bu vəsiqənin qazanılmasında zəhməti olanlar, heyətə uyğunlaşanlar yola salınır. Onların boşaltdığı yerə isə yeni-yeni əcnəbilər doldurulur. Hər birinə ödənilən puldan da menecer payı ayrıldığı şübhəsizdir. Elə bu boyda "legioner miqrasiyası”nın səbəbi də budur. Konfrans Liqasındakı çıxış fiaskoyla nəticələnsə də olar. Bəhanə də hazırdır. "Heyətdə yeni futbolçular var, komanda yenidən qurulur” deyəcəklər.
"Sumqayıt”a könül verən azarkeşlər yeni sorqalar, yeni ninqalar qarşılamağa hazır olsunlar. Onsuz da gələn ilin bu vaxtı o legionerlər də yola salınacaq.
Amal Abuşov
Şərhlər