Orxan Saffari
Ölkə 17:21 26.04.2022

"Eyniliyin mənasızlığı"

Orxan Saffari

İnsanı bu həyatda nə sıxa bilər? İnsan ən çox nədən bezə bilər? Yəqin ki, eynilikdən. Bəs, görəsən, adamları Azərbaycanda olan bu qədər eyniliyə dözməyə nə vadar edir? Dözmək bir yana, eyni şeyləri niyə özləri də təkrar edir? Həqiqətənmi bütün bunlar hər dəfə fərqli görüntü yaradır o adamlar üçün? 

Məsələn, mən özüm eyni adamları hər gün görməkdən belə bezirəm. Bəzən münasibətlər də eynilik təşkil edir deyə, sonlandırıram. Bir adamlar eyni şeyləri edib, eyni sözləri nə qədər danışmaq olar? 

Şair deyir ki, sevgi hər gün vurulmaqdı eyni qadına. Sizə deyim, kişi üçün bu da bezdirici haldır. Amma bizim böyük əksəriyyətimiz eyni şeylərdən bezmir ki, bezmir. Hər dəfə eyni hərəkətlər, eyni sözlər. 

Məsələn, toylarımızda baş verən eyni mənasızlıq, eyni hərəkətlər, amma adamların hər dəfə bunu təkrarlaması. Necə də diksindiricidir. Elə çox uzağa, aşı zadı gətirməyə getməyək. Götürək bu tort kəsmə mərasimini. Yediyim də zəhər olur hər dəfə eyni mənzərəni görəndə. Bildiniz də. Tort kəsilir, bəy-gəlin bir-birini ağzına tort aparır və budur, ikisi də eyni anda tortu ağıza yaxınlaşdırıb uzaqlaşdırır. Hihi, haha. Olur gülməli, fərqli vəziyyət. İlahi, illərdi bu hərəkəti təkrarlamaq bezdirmir bunları? Özü də, bu qədər mənasız bir hərəkəti. Şəxsən mənim evlənəcəyim qadından tək tələbim o olacaq ki, mənimlə məzələnməsin. Yoxsa, həmin vilka ilə çox hörmətli qaynanamı deşik-deşik edib, canımı yerindəcə qurtaracağam. Söhbət uzansa, bir-iki kəlmə də qaynatama söz soxub gedəcəyəm Səadət sarayının qarşısında dayanıb başqa qız axtarmağa. 

Seksistlik olmasın, bu kimi məzmunsuz hərəkətlərə yol verənlərin əksəriyyəti də qadınlardır. 
 


Hələ xüsusi günlərdə, bayramlarda edilən zarafatları demirəm. Adam nə qədər mənasız olar, ay Allah? Bir ildən o biri ilə keçənə qədər mənimki mənə dəyir. O ki, oldu Yanvarın biri, yumoru paytaxt salatının içinə vurulan noxud qədər də mənalı olmayan adamlar başlayır səni görən kimi deməyə ki, hahahaha, bir ildi səni görmürəm, hihihihi, bir ildi danışmırıq. 

Canına azzar görmürsən, ürəyinə dərd danışmırıq. Mən belə adamları növbəti bir il də tanıdığıma peşmanam, bunların öz aləmində elədiyi zarafata bax. Elə digər bayramlarda da belədir. 

Bütün sözlərin, hərəkətlərin, zarafatların maraqlı olduğu bir dönəm təbii ki, olub. Elə sadaladıqlarımın da. Amma and olsun, adam diksinir. Nə qədər təkrar olar, nə qədər eyni şeyi edərlər? Bu psixologiya heç vaxt mənə çatmayacaq, heç vaxt o adamları anlaya bilməyəcəm. Dərd odur ki, adamlar bu cür şeylərdən xoşbəxt olurlar. Cahilliyin həqiqətən də xoşbəxtlik olması da bir dərd. Qəribədir. Birinin diksindiyi, bezdiyi, hətta görəndə, eşidəndə kədərləndiyi bir şeylər, kimlərinsə xəyalı, edəndə xoşbəxt olduğu hərəkətlərdir. 

Nə deyim, Allah hamınızın bəlasını versin.