Qardaşım Hikmət, əvvəlcə deyim ki, mənim kinoya, eləcə sovet filmlərinə münasibətimdə də "nəsə” axtaranlar var. Amma bizim nəslin o filmlərə, hətta ədəbiyyata, musiqiyə marağının bir özəl səbəbi də var: onlar hərdən keçmişimizdən gələn qonaqlar olur.
Digər səbəbsə bilirsənmi, nədir? Bəlkə də yanılıram, VQİK-filan qurtarmamışam, amma mənə elə gəlir, biri var "Oskar”, Kann, nə bilim, Venesiya, Berlin festivallarının laureatları, biri də var Tarkovski: inan, biri "mövsümi”, digərisə əbədiyyətdir...
Hətta bəzi Azərbaycan sovet filmlərini də unuda bilmirəm. Bilirsən, bütün böyük sənətləri ümumləşdirən nədir? Son nəticədə estetika-filan qalır bir tərəfdə, yazıçı, şair, rejissor, hətta rəssam-heykəltəraş sadəcə, nəsə demək, çatdırmaq istəyir insanlara: bəzən ucadan, daha çox da xəfif pıçıltıyla, hətta işarəylə!
Ağlıma nə gəlir? Fikirləşirəm ki, elə həqiqətən də filologiya-filan, sənətşünaslıq və qeyrisi tamamilə mənasız şeylərdir, işarələr və bir də onlar haqqında elm – semiotika var: hətta çağımızın jurnalistikası daha çox "işarələr” deyilmi?..
Qərəz, ötən həftə elə bu saytda bəzi köhnə "Azadlıq”çılarla bağlı yazdıqlarımı oxuyan nisbətən cavan jurnalist soruşdu ki, bəs nə əcəb, Hikmətə təbrik yazmadın, onun da 60-ı tamam oldu.
Kino söhbəti də ona görə ağlıma gəldi. Yadına gəlirmi, köhnə filmlərimizdən birinin, "Gün keçdi”nin qəhrəmanı kədərli-kədərli nə deyirdi: "Biz daha bir-birimizin ad günlərinə getmirik!” Yox, kimsə deməsin ki, Tarkovskidən gör haralara endi? Yox, siyasi kontekstdə xatırlaya biləcəyim tam başqa filmlər var, bu filmsə, qəhrəmanlarının dediyi kimi, sanki keçmişdən gələn qonaqdır: bəzi detalları ilə sovet Bakısını, bir də dövrün "yarımşikəst” (ictimai mənada!) ziyalılarını xatırladır. Həm də ad tutub məni, hərdən özümə "gün keçdi” deyirəm...
Sözümün canı budur ki, biz də daha bir-birimizin ad gününü qeyd etmirik, çox vaxt yadımıza da düşmür, çünki çoxdandır "BİZ” deyilən şey yoxdur, hərəsi bir tərəfdə "öz müharibəsini” aparan artıq ahıl adamlar var: biri hələ də Don Kixot kimi öz prinsiplərinin davasını aparır, başqası özünə qapılıb romanlarını yazır, digəri heç olmasa ayaqda qalmaq üçün çalışır, üçüncüsüsə taleyin özüylə əlbəyaxadır...
İndi "BİZ” buyuq! Elə olur, bir-birimizin nəinki xeyrindən, hətta, iraq-iraq, şərindən də xəbərsiz oluruq.
Ona görə də üzürlü say, qardaşım. Hərçənd, arada bir detal olmuşdu və o, mənim də diqqətimi fokuslaşdırmalı idi. Bir neçə həftə əvvəlin söhbətidir. Bahəddinin sənin haqqında yazısını oxudun. Doğrusu, fikirləşdim ki, adam sadəcə, xoş ovqat yaşatmaq istəyib sənə, 60-filan ağlıma da gəlmədi...
Həm də hərdən heç bilirsənmi nəyə "qeyzlənirəm”? Kimi görürsən, başlayır ki, sənin "Azadlıq”dakı yazıların belə gəldi, AXC elə getdi və s. və i. Bilmirəm, belə şey yaşamısanmı? Halbuki "Azadlıq”dan və yaxud AXC-dən sonra nələr oldu, nələr yazıldı? Şəxsən mənim "davam” indi də davam edir.
Hətta nəzərə almırlar ki, 30 yaşlı adamla 50-60 yaşlının yazısını bir tərəziyə qoymaq olarmı? Cavan yazarın adətən bir üstünlüyü olur ki, o da bəzən qocalarda çatışmır, bu da CƏSARƏTDİR! Həm də aylar öncə də yazmışdım ki, hara çəkirsən-çək, publisistikada uzağı iki üslub var: biri Marat kimi cəsarətinə, digəri Volter kimi savadına görə sevilər! Səhvim varsa, qüsur bilmə, mənə "mətbuat tarixi”-filan keçməyiblər, özüm bu ölkədə tarix yazmağa və yaratmağa çalışanlardan olmuşam...
Bilirsənmi bunları niyə deyirəm? Sanki həyatda qalmağımızı da bağışlaya bilmirlər. Elə bil ölkə böyük TEATR imiş, hərəyə hansısa pərdədə hansısa bir rol ayırıblarmış və bir gün göstəriş gəlir ki, sənin oyunun bitdi, ya keç tamaşa zalına, ya da çıx get, əl-ayağa dolaşma...
Keçmişinə həqarət edən deyiləm, amma özüm haqda da, elə sənin haqqında da yalnız "Azadlıq” qəzeti kontekstində danışmaq istəmirəm, çünki bundan sonra da çox şeylər oldu, nə etmək mümkün idisə etməyə çalışdıq və nələr yazılmadı, nələr deyilmədi bu illər ərzində?
Belədəsə, qardaşım, sən "Azadlıq”da da sevilən adamlardan idin. Redaksiyada da, hətta bəzi partiya fəalları arasında. Bilmirəm, özün hiss edirdinmi?
Sırf jurnalistikaya gələndə, bilmirəm, bundan sonra belə şey qalacaqmı, amma yadındamı, onda həqiqətən də hər şey tamamilə başqa cür idi: biri yaxşı şey yazanda hamımız əlini sıxırdıq ki, sağ ol!
Daha belə şey qalmayıb. Yazı adamları adətən çapa gedəndən sonra da yazılarını oxuyar. Hərdən mənə elə gəlir, indiki adamlar öz yazdıqlarını da oxumurlar.
Beynimdən rus-yəhudi Rıbakovun "Arbat uşaqları”, gürcü Dato Turaşvilinin "Cins dövrünün nəsli” romanları keçir. Yox, roman yazmaq fikrim yoxdur, amma fikrimdə elə hey bir ifadə dolaşır: "KQB uşaqları…”
Bir ara "Azadlıq”dan getmişdin, sonra qayıtdın. Sevindik, çünki kimsənin səninlə, eləcə də digərlərilə "ədavəti” yox idi, sevilən adamlardandın; "sırf cəbhəçi”ləri bilmirəm, insafən, "yurdçu”lar da xətrini istəyirdi, çoxu da tələbəlik yoldaşın olmuşdu. Artıq heç nə yazmayacam...
O ki qaldı sənə bir yazı adamı kimi öz münasibətimə, yadındamı, qadınların bayramında balaca yazı yazmışdın: bəli, qadınlar və gül dəstələri haqqında! Onda hələ Qarabağ da alınmamışdı. Başqalarını bilmirəm, mənim çox xoşuma gəlmişdi, daim sənə deyirdim bunu.
İnanmazsan, illər keçdi, elə özüm də bir dəfə "Azadlıq” radiosunun saytında qadınlarımıza bir bayram yazısı yazdım. Onda da hələ Qarabağ alınmamışdı! O vaxt bizim daha bir sanballı jurnalistimiz vardı – Çingiz Sultansoy! Allah ömrünü uzun eləsin, bilmirəm indi haradadır, hərəmiz bir yana səpələndik! Qərəz, adam əlimi sıxdı, təşəkkür etdi, hətta dedi ki, yazını dünən paylaşdım! Dediyim nədir? Özüm də fikirləşirdim ki, bəlkə də sənin dediyim yazını beynimdə o qədər fırlatmışdım ki, axırda durub özüm də ona bənzər bir şey yazdım.
Belədəsə, yadındamı, mən qardaşın sənə həmişə deyirdim ki, sənin də yazılarında lirik kədər var. Yazının adını da ona görə elegiya qoydum...
Qardaşım, indi çox şey dəyişib: şükür, Qarabağ da qaytarılıb, bəlkə bundan sonra yeni nələrisə görmək qismət olacaq bizə. Razılaş, özün də inanmazdın ki, nə vaxtsa məhkəmədə ermənilərin üzünə az qala ittiham oxuyacaqsan!
Bəzən mənə də guya "nəzakətlə” irad tutanlar olur, amma, inan, mən haqqı dana bilmirəm, yenə də müstəqil düşüncəli adam kimi qalıram (müxalif adamın siyasi iddiaları olur! 61 yaşlı adamın nə siyasi iddiası ola bilər?), az qala xirtdəyimizə çatan problemlərdən min bir üsulla, min işarəylə (yenə də semiotika!) yazmağa çalışıram. Amma müsbətləri də görməyi bacarmaq lazımdır: axı heç vaxt kiminləsə düşmənçilik etmək fikrində olmamışıq.
O prosesi saytlardan izləyirdim: keçmiş "Azadlıq” qəzetinin əslən şuşalı əməkdaşı ermənilərin üzünə ittiham oxuyur! Razılaş, hətta buna görə yaşamağa dəyərdi! Arzusunda olduğumuz çox şey var hələ! İnan ki, indicə səninçün bu sətirləri yazıram, amma qulağım həm televiziyadadır ki, görüm İrandan nə deyəcəklər?
Nə etmək olar, bəzən tarix bir nəslin həyatına sığmır. Bizim nəslin daha bir cəhəti vardı, bizə "keçid dövrünün nəsli”, hətta "itirilmiş nəsil” deyirlər, amma bilirsənmi bizim nəslin "faciəsi” nədir? Qanan-anlayan nəsil olduq...
Düşünürəm, sənə izah etmək lazım deyil ki, ANLAMAQDAN böyük dərd yoxdur. Bəzən adama çoxu ona görə nifrət edir ki, ən azı bir nəfər var, nəinki hər şeyi görür, bilir, hətta ANLAYIR: bütün dövrlərin Şeyx Nəsrullahları kimi kefli İsgəndərləri də olur.
Həyatın sonlu olmasıyla da barışmaqdan savayı çarə yox! Hərdən fikirləşirəm ki, doğrudanmı bizim nəslin daha keçmişindən savayı şeyi yoxdur? Doğrudanmı həyətdə domino stolunun arxasında yer tutmağın vaxtıdır? İnan, hərdən özümdən də soruşuram ki, doğrudanmı daha kimsə deməyəcək ki, məsələn, "Azadlıq”da bir Hüseynbala vardı, nə vəzifə-status istəyirdi, nə artıq qonorar tələb edirdi, amma daim hamıyla hansısa ideya üstündə çənə-boğaz olurdu!
Özü də tək "Azadlıq”damı? AXC-də belə deyildimi? İllər öncə bir media strukturuna təkrar qayıtmışdım. Balaca müzakirə-mübahisə oldu və çox "fədakar jurnalist”lərimizdən biri qayıdıb bilirsənmi nə dedi: "Yenə də gəldi, qoymaz çörəkpulumuzu qazanaq!”. Onlar çörəkpulu qazanırdı, mənsə əsəb, ürək ağrısı və hətta nifrət...
Yox, mən də daha keçmişdəki adam deyiləm, kiminləsə çənə-boğaz olmağa da daha nə halım, nə həvəsim, nə də ki imkanım qalıb. Həm də böyük Çörçilin məşhur sözü var: cavanlıqda inqilabçı olmayanın ürəyi, qocalıqda da inqilabçı kimi qalanınsa ağlı yoxdur!
Sənə də dost kimi təvəqqi edirəm, özünü kiməsə borclu bilmə, həyatını yaşa, hərdən də ürəyindən gələn yazılar yaz – özü də yalnız öz əxlaqının diqtəsilə, daha kiminsə "podskazkası” ilə yox...
O gün təsadüfən bir nəfərin "yazısı”na rast gəldim. İnan, sovet Azərbaycanının "Kommunist” qəzeti yadıma düşdü! Axı indi 21-ci əsrdir, dünyada insanlar yaltaqlığı da başqa cür edirlər! Detallarına varmayacam, çünki nəyəsə oxucu kimi münasibət bildirmək də xatadır!
Bütün dünyada jurnalistika siyasətlə bu və ya digər dərəcədə əlaqəlidir, xüsusən də siyasi jurnalistika ilə siyasət arasındakı məsafə gözlə qaş arasındakı qədərdir. Amma başqa ölkələrdə bir yox, hətta onlarla siyasi vektorlar var, onların çəkişməsindən, vuruşmasından nəinki demokratiya yaranır, hətta həqiqət üzə çıxır: orada heç kim böyük hesabla narahat olmur ki, məsələn, "Vaşinqton Post” filan siyasi vektora tərəf əyilibdir, çünki ən azı "Nyu York Tayms” və qeyriləri var...
Hikmət, ixtisasca da, deyəsən, jurnalistsən, bu peşənin bəzi xüsusiyyətlərini məndən də yaxşı bilirsən. Sözüm bunda deyil. Amma müşahidəm bilirsən nə deyir? İnsanlar, hətta adi adamlar belə, jurnalistikanı və jurnalisti bilirsən necə başa düşürlər? Məsələn, deyirlər ki, bir həftəydi suyumuz kəsilmişdi, filankəs yazdı və bir saatdan sonra suyu verdilər! Vəssalam!..
Düşünürəm ki, bəlkə haqlıdırlar, bəlkə həqiqətən jurnalistika budur? Necə yozulursa-yozulsun, etiraf edirəm ki, keçmiş zabit Düdənginski, "Həmrəyliyin” yaradıcılarından olan polyak Mixnik kimi jurnalistlər, Havel kimi siyasi publisistlər (adam yazırdı ki, polislər onu tualetə gedəndə də müşayiət edirmiş!) daha maraqlı və anlaşıqlı olublar mənə!
Amma bir detalı heç vaxt yaddan çıxarmamışam: nəyə xidmət edirsə-etsin, jurnalist, hətta yazı adamı heç vaxt yalan danışmamalıdır, insanları aldatmamalıdır, hətta təbliğat da doğru-dürüst məlumat, həqiqət əsasında qurulmalıdır, yoxsa adam dönüb olar yeni əsrin yeni Gebbelsi! İnsanlar uzağı bircə həftədən sonra həqiqəti biləcəklər və sən də heç nə itirməsən də, azı auditoriyandan məhrum olacaqsan.
Əlbəttə, heç birimiz uşaq deyilik, bəzən elə həqiqətlər olur ki, onu demək olmur, yalan danışmasan da susmaq lazım gəlir, çünki fəsadı çox böyük ola bilər onların: lap seysmoloqların proqnozları kimi...
Yox, əgər jurnalistika yalnız kommunal problemlərdən, ailə qeylü-qallarından, şou-biznesdən-filandan yazmaqdırsa, onun predmeti dedi-qodular, şou qalmaqalları, kimin kimə ərə getməsi, kim kimdən boşanmasıdırsa, şəxsən mən onun ölümünə də qəti acımıram, cəhənnəm olsun, şərait yaradarlar, gedib küçə süpürərik! Çox sevdiyim bir estrada müğənnisi vardı, xalq artisti, rəhmətlik Oqtay Ağayev! Bir dəfə oxudum ki, adam qoca-ahıl vaxtında qarovulçuluq edirmiş...
Başağrısı oldusa, qüsur sayma. Tamam deyingən olmuşuq! Həm də bilirsənmi nə dilxor edir? Düşünürəm ki, əcəba, doğrudanmı ölkədə daha böyük jurnalistika, böyük siyasət haqda söhbət ediləsi adam qalmayıb? Bilirsən niyə belə oldu? Hamı hesab edir ki, ölkədə ondan böyük siyasətçi yoxdur. Amma siyasət və tülkülük tamamilə başqa şeylərdir...
Dünyada heç kim siyasi jurnalistikanı, siyasətin problemlərindən yazmağı və danışmağı nə yasaq etməyib, nə də silib atmayıb! Heç kim siyasi jurnalistikanın üstündən xətt çəkməyib, heç vaxt da çəkməyəcək: istəyir lap süni intellekt gəlsin! İnsanların problemini onların özlərindən yaxşı kimsə hiss edə, anlaya bilməz! Yoxsa süni intellekt bizə sevməyi, nifrət etməyi öyrədəcək?..
Əksinə, dünyada jurnalistlər bizim kimi onun-bunun ağzından eşitdiklərini yazmır, göstərmir və danışmırlar. Reportyorlar nəinki İranın, hətta Qəzzanın, nə bilim, Venesuelanın birbaşa içindən yazırlar! Böyük mənada jurnalistika budur və bu da olacaq...
Uzunçuluq oldu deyəsən, yubiley yazısına da bənzəmədi. Qüsur bilmə, sevdiyim jurnalistlə jurnalistika haqqında danışmaq istədim. Həm də gün də birtəhər keçdi deyəsən...
Hüseynbala Səlimov
Şərhlər