Xəbər lenti

Bu ölkə hər kəs üçün pulsuz mobil interneti işə salır - Dünyada ilk
Dünya 13:16 11.04.2026

Bu ölkə hər kəs üçün pulsuz mobil interneti işə salır - Dünyada ilk

Cənubi Koreyada mobil rabitə istifadəçiləri yaxın zamanda ödənişli paketlərindəki gigabaytlar bitdikdən və balanslarında vəsait qalmadıqda belə mobil internetə çıxış əldə edəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Korea Herald” hökumət açıqlamasına istinadən yazır.

Bildirilir ki, Koreya Respublikasının Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi ölkənin üç aparıcı operatoru – "SK Telecom”, "KT Corp.” və "LG Uplus Corp.” ilə bütün mobil abunəçilər üçün internetə zəmanətli çıxış barədə razılığa gəlib. İstifadəçilərə 400 kbit/s sürətlə məhdud, lakin fasiləsiz internet bağlantısı veriləcək.

Qeyd olunur ki, bu sürət yüksək keyfiyyətli video izləmək və ya müasir saytları rahat istifadə etmək üçün kifayət deyil. Lakin messencerlərdən istifadə və xəritə xidmətləri üçün yetərlidir.

Planın məqsədi odur ki, vətəndaşlar ödənişli yüksək sürətli internet paketləri bitəndə tam "rəqəmsal qaranlığa” düşməsinlər.

Nazirliyin açıqlamasında deyilir ki, süni intellekt və rəqəmsal texnologiyalar dövründə mobil internet zəruri ehtiyacdır və hər kəs üçün əsas informasiya çıxışını təmin etmək vacibdir.

Cənubi Koreyada internetə çıxış əsas insan ehtiyacı kimi tanınarkən, bəzi digər ölkələrdə bu sahəyə çıxışın məhdudlaşdırılması tendensiyası müşahidə olunur.

Aydın

--> -->