Xəbər lenti

Fazil Məmmədov səfir göndərilir?
Ölkə 20:29 08.12.2017

Fazil Məmmədov səfir göndərilir?

Xəbər  verdiyimiz kimi, bu gün İlham Əliyev Azərbaycanın 3 ölkədəki fövqəladə və səlahiyyətli səfirinin geri çağılması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısı Abbasəli Həsənovu Azərbaycanın Tacikistandakı, Kamil Xasiyevi Xorvatiyadakı, Həsən Məmmədzadəni isə Litvadakı səfir vəzifəsindən geri çağırıb.

Prezident bunlardan yalnız birinə - Xorvatiyaya yeni səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən bundan sonra Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri funksiyasını Fəxrəddin Qurbanov yerinə yetirəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan-Litva hökumətlərarası komisiyyasının həmsədri sabiq vergilər naziri, bir neçə gün əvvəl vəzifəsindən azad olunan Fazil Məmmədovdu. Sabiq nazirin hakimiyyətə xidmətləri nəzərə alınaraq onun bu ölkəyə səfir göndərilməsi mümkündür. 

Fazil Məmmədov həm də Azərbaycan-Xorvatiya hökumətlərarası komisiyyasının də həmsədri idi. Lakin bu ölkəyə artıq yeni səfir təyin edilib. Bu səbəbdən də sabiq nazirə səfir vəzifəsi verilsə, bu ölkə Litva ola bilər.

Qeyd edək ki, Azərbaycanda artıq uzun illərdir bu təcrübə var. Sabiq baş prokuror Eldar Həsənov vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilmişdi. O, 2001-2013-cü illərdə bu ölkədə fəaliyyət göstərib. Sabiq baş prokuror daha sonra Serbiya və Monteneqroya səfir göndərilib.

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasov 2004-cü ildə vəzifəsindən azad olunduqdan sonra Azərbaycanın Özbəkistandakı səfiri təyin edilib və 2012-ci ilədək bu vəzifədə çalışıb. 

Həmçinin Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda ədliyyə nazirinin müavini olan Məhərrəm Əliyev Azərbaycanın Tacikistandakı səfiri olub (2007-2011-ci illər).

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->