Ekonomiks 17:05 29.06.2020

Fazil Talıblı söz verdi: “Məsələ tezliklə araşdırılacaq” – Şikayət

"Prezidentə şikayət edəcəyəm".

Bunu Qaynarinfo-ya açıqlamasında 6 aydan yuxardır 65 yaşı tamam olan, lakin hələ də pensiya ala bilməyən Salyan rayon Seyidsadıqlı kənd sakini Firudin Tagıyev deyib.
 
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Salyan rayon şöbəsinin əməkdaşları tərəfindən incidildiyini bildirib: 

"Dövlətin qanunudur, 65 yaşa çatan şəxs pensiyaya çıxmalıdır. Məni əməlli-başlı incidirlər. Prezidentin verdiyi qanuna riayət edən yoxdur. Qərara görə, 65 yaş tamam olan kimi pensiya verilməlidir. Amma buna baxan kimdir? Yaşıdlarım hamısı pensiya alır, qalan bircə mənəm. Bu yaşımda məcbur olub işləyirəm. 40 dərəcə istinin altında pambıq sahəsindəyəm. Adam nə qədər işləməlidir? Prezidentə müraciət edəcəyəm".

Firuddin Tağıyev bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Salyan rayon şöbəsini ittiham edib: 

"Heç kəs məni eşitmir, müraciətlərimə baxan yoxdur. Neçə dəfə getmişəm idarəyə, hər dəfə idarənin sədri ilə baş mühasib "filan sənədi gətir" deyə məni başdan edir. 66 yaşlı kişiyə belə hörmətsizlik edərlər? Mən dərdimi kimə deyim?".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə məsələnin tezliklə araşdırılacağını və ətraflı məlumat veriləcəyini deyib.

Bahar Rüstəmli