Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 23/19 ünvanında yerləşən "İnci Group Of Companies” QSC-yə məxsus "Ofisait” dəftərxana ləvazimatları mağazasında yanğın təhlükəsizliyi qaydalarının pozulduğu aşkarlanıb və müəssisə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı obyektin yanğın təhlükəsizliyi tələblərinə əməl etmədiyi müəyyən edilib.
Yanğın-texniki müayinə aktına əsasən, mağazada bir sıra nöqsanlar aşkar olunub. Belə ki, obyekt yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib, daşınmaz əmlakın icbari sığortası həyata keçirilməyib, təxliyə planı hazırlanaraq görünən yerlərdə yerləşdirilməyib, yanğından mühafizə xidmətinin çağırış nömrələri barədə məlumat lövhələri quraşdırılmayıb.
Bundan əlavə, elektrik kabel və naqillərinin izolyasiya müqavimətinin yoxlanılması aparılmayıb, eləcə də "Çıxış” yazılı işıqlandırılmış təxliyə göstəriciləri quraşdırılmayıb.
Aşkar edilən pozuntularla bağlı "İnci Group Of Companies” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya tələblərin yerinə yetirilməməsi) üzrə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Şirkət məhkəmə iclasına dəvət edilsə də, nümayəndələri prosesdə iştirak etməyib və bununla bağlı məhkəməyə məlumat təqdim etməyiblər.
Məhkəmənin qərarı ilə "İnci Group Of Companies” QSC 400 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 12 000 AZN olan şirkətin rəhbəri İsa Abbasov Qurban oğludur.
Aydın
Şərhlər