Bir müddət öncə FİFA hakimi adından məhrum olan Xəyalə Əzizzadə və bu məsələdə günahlandırdığı Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və referilərin təyinatına nəzarət edən Elçin Məmmədov cəbhəsində sakitçilikdi.
İmtahanda haqsızlığa uğradığını deyən xanım referi bir sıra qurumlara şikayət edəcəyini bildirmişdi. Bəs görəsən bu şikayətlər öz nəticəsini verdimi?
Məsələnin nə yerdə olduğunu bilmək üçün onunla əlaqə saxladıq. Xəyalə Əzizzadə Sport7.az-a açıqlamasında vəziyyətin "köhnə hamam, köhnə tas" olduğunu bildirib.
"Məni İdman Nazirliyinə çağırdılar və dedilər ki, sən tək deyilsən, bir neçə adamın da şikayəti var, işinizə baxılacaq. Amma orada da Elçin kimiləri varsa, məsələyə qoymağa ad tapmadılar. Mənə bir məqam maraqlıdır... Elçin Məmmədov demişdi ki, "Cənab prezidentimiz İlham Əliyev və ölkənin I vitse-prezidenti Mehriban xanıma gedən məktublara mən baxıram. Mən isə sənə hakimlik etməyə imkan verməyəcəm". Deyəsən, çox ağır cinayət törətmişəm", deyə Xəyalə bildirib.
- Bəs Elçin Məmmədovun səninlə bu ədavətinin səbəbi nədir?
- İnan ki, bilmirəm. Onun qarnının dərdi nədi anlamıram. Bəlkə də mən ona heç vaxt qulaq asmamışam deyə belə edir. Çünki o dərs keçə bilmirdi. Hakimlik dərsini kulinariya dərsi ilə səhv salmışdı. O ancaq qızların arasında çaxnaşma salırdı. Özün də hakim olmusan, sən ki, bunları yaxşı bilirsən. O qədər bezdiriblər ki, FİFA hakimləri özləri gedib ərizə yazıb çıxır. Hələ indi hakimlikdə "talant qrup" yaradıblar. O qədər gülürəm ki, "talant qrup"da elə hakimlər var ki, 40 yaşı var. Bunun "talant"ı 40 ildə çıxmayıbsa, bundan sonra zorla çıxaracaqlar?! (gülür)...
- Ümumiyyətlə, nə etmək fikrin var? Hazırda nə işlə məşğulsan?
- Mən hakimlikdən əvvəl, yəni futbol oynadığım vaxtlardan orta məktəbdə müəllimə işləyirəm. 2005-ci ildən işimin başındayam. Ayın 20-27-i tarixlərində keçiriləcək Avropa festivalında hakim kimi iştirak edəcək. Ancaq bu dəfə futbol yox, atletika hakimi kimi. Əsas odu yenə də ölkəmə xidmət edirəm.
- Bəs UEFA-ya, FİFA-ya yazdığın şikayətlərə cavab gəlmədi?
- Yox, heç bir cavab yoxdu. Ancaq mən hakimliyi ölkə xaricində davam etdirmək fikrindəyəm. Təklif də var. Bu barədə vaxtı gələndə məlumat verəcəm.
Şərhlər