İtaliyanın Kalyari şəhərində keçirilən paralimpiya cüdosu üzrə Avropa çempionatının qalibi İlham Zəkiyevin (+90 kq) Fanat.Az-a müsahibəsi
- İlham bəy, Tokio-2020 Yay Paralimpiya Oyunlarından sonra zədə səbəbindən uzun müddət yarışlara qatılmamışdınız. Bu müddətdə demək olar ki, tatami hazırlığınız da olmayıb. Belədə Avropa çempionatı öncəsi nəyə ümid edirdiniz?
- Doğru qeyd elədiniz ki, kimono hazırlığım yox idi. Müəyyən fiziki məşqlərlə kifayətlənməli olmuşdum. Üstəlik, Avropa çempionatındakı rəqiblərin cəmi ikisini - Türkiyə və Yunanıstan cüdoçularını tanıyırdım. Digərlərini tanımasam da, onlar məni yaxşı tanıyırdı. Yarışın özəlliyi ondan ibarət idi ki, ilk dəfə tam görməyənlərlə görmə imkanına malik olanlar ayrılıqda mübarizə apardılar. Hər şey tam ədalət prinsipləri əsasında oldu. Konkret suala gəldikdə, hər şeyə rəğmən, təcrübəmə əsaslanıb yaxşı nəticə göstərəcəyimə inanırdım.
- Yarış ərzində keçirdiyiniz görüşləri xatırlayaq. Qarşılaşmaların hamısını "ippon"la başa vurdunuz. Lakin final görüşünüzün ilk dəqiqələri bir qədər gərgin alındı. Həlledici dueldə hakim rəqiblə yanaşı, sizə də iki dəfə xəbərdarlıq etmişdi. Üçüncü "şido" artıq məğlubiyyət demək idi.
- Görüşlərin hamısının çətinliyi təxminən eyni dərəcədə idi. Fərqləndirmək istəməzdim. Sadəcə, ilk görüşdəki Moldova idmançısı məndən xal almağı bacardı. Əslində, orada heç "vaza-ari" xalı yox idi. Yarımfinalda qarşılaşdığım Fransa cüdoçusu bundan əvvəlki üç turnirin finalına yüksəlməklə adından söz etdirmişdi. Avropa çempionatının da əsas favoritlərindən sayılırdı. Finalda isə mən Ukrayna cüdoçusunu yox, Niderland və Türkiyə təmsilçilərindən birini gözləyirdim. Amma o, hər ikisini udub sürpriz elədi. Görüşdə hər ikimiz ikinci xəbərdarlığı alandan sonra düşündüm ki, üçüncü "şido" mənə veriləcək. Çünki məlum hadisələrə görə Ukrayna idmançılarına hər yerdə dəstək nümayiş etdirilir. Bunu nəzərə alıb, hücumların kəsərini artırdım. Tez bir zamanda əsas fəndimi işə salıb istəyimə çatdım.
Marçenko görüşdən əvvəl mənə yaxınlaşıb demişdi ki, sizinlə Avropa çempionatının finalında qarşılaşmaq mənim üçün fəxrdir. Görüşdən sonra da həmin sözü təkrarlayıb, ardınca da "Qarabağ Azərbaycandır" dedi. Rusiya ilə müharibədə dövlətimizin dəstəyinə görə də təşəkkür elədi.
- Bu, sizin səkkizinci qitə çempionluğunuzdur. Sonuncu dəfə 2017-ci ildə baş mükafata sahib çıxmış, iki il sonra isə gümüş mükafatçı olmuşdunuz. Düşünmək olar ki, beş illik aradan sonra - 42 yaşda qazanılan qızıl medalın dəyəri daha artıqdır. Doğrudurmu?
- Bir idmançı üçün bütün çempionluqlar dəyərlidir. Amma yeni qaydalarla keçirilən yarışda qazandığım "qızıl"ın dəyəri xüsusidir. Qaydalardakı dəyişiklik stimulumu artırmışdı. Qızıl medal isə ikiqat motivasiya verdi. İnşallan, yeni hədəflərə doğru addımlayacağıq.
- Qarşıda dünya çempionatı var. Noyabrda doğma divarlar arasında keçiriləcək mundialda sizi yenidən fəxri kürsünün ən yüksək pilləsində gözləyək?
- Yarışdan əvvəl söz verməyi xoşlamıram. Yenə ən yaxşı nəticəni qazanmaq üçün əlimdən gələni edəcəyəm. Dünya çempionatı çox maraqlı keçəcək. Sürpriz idmançılar ola bilər. Əsas rəqiblərimdən braziliyalı paralimpiya ikincisi Vilyan Araujonun yarışa qatılacağını bilirəm. Yaponiya və Koreyanın kimlərlə təmsil olunacağı haqda hələ ki, məlumatım yoxdur.
Şərhlər