Slovakiyanın Baş naziri Robert Fiko rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə 20 yanvar, bazar ertəsi Ankaraya səfər edəcək. Səfər zamanı o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Direktorluğu özünün X (Twitter) hesabında məlumat yayıb.
Məlumata görə, 20 yanvarda Ərdoğan Prezident Kompleksində Fiko və onun nümayəndə heyətini qəbul edəcək.
Görüşlər zamanı Türkiyə və Slovakiya arasında əməkdaşlığın dərinləşdirilməsi üçün atıla biləcək addımlar müzakirə ediləcək, eləcə də Türkiyə ilə Aİ arasındakı münasibətlər də daxil olmaqla, "aktuallığını qoruyan regional və qlobal məsələlər" üzrə fikir mübadiləsi aparılacaq.
"Səfər çərçivəsində müxtəlif sahələrdə razılaşmaların, o cümlədən Türkiyə ilə Slovakiya arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq birgə bəyannamənin imzalanması planlaşdırılır", – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, yaxın günlərdə prorusiya mövqeli slovakiyalı deputatlar Rusiyaya çoxgünlük səfər etmişdilər.
Bundan sonra məlum olub ki, Slovakiyanın müxalifət siyasətçilərindən ibarət nümayəndə heyəti Ukrayna ilə dost münasibətləri dəstəkləmək məqsədilə Kiyevə səfər edib.
Fiko bu səfəri "yaltaqlıq jesti" adlandırmış və "mən Slovakiyanın baş naziriyəm, Ukraynanın qulluqçusu deyiləm", – deyə açıqlama vermişdi.
Alpər
Şərhlər